Mübariz Əhmədoğlu: "Rusiyanın gücü dağıdıcı deyil, qurucu olmalıdır"

Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bunu iki ölkə prezidentləri, yüksək çinli rəsmilər dəfələrlə təsdiqləyiblər. Son belə açıqlama Rusiya Federasiyasının XİN rəsmisi M.Zaxarovanın dilindən səsləndi. O, iki ölkə arasındakı münasibətləri mükəmməl adlandırdı". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin həmişə mükəmməl olması qulluq tələb edir: "Bəzi baş verənlər bu kontekstdən müəyyən izahat və ya anlayış tələb edir. Belə izahları A.Lapşinin ekstradisiyası zamanı baş verənlər daha da aktuallaşdırdı. Rusiya Lapşinin ekstradisiyasına lazım olduğundan çox diqqət ayırdı, məsələni siyasiləşdirdi. Lapşinin yazdıqları onun beynəlxalq dələduz olduğunu göstərir. Bu adam beynəlxalq qanunları pozmaqla imic və pul qazanmaqla məşğul imiş. Azərbaycanın ərazi bütövlüyünü pozmaqda da məqsədi özünün destruktiv təbiətini nümayiş etdirmək və eyni zamanda pul qazanmaq imiş. İsrail siyasətçilərinin açıqlamaları göstərir ki, Lapşin artıq bu dövlət üçün bəlli kartdır. Amma Rusiyada hələ Lapşinin mahiyyətini qəbul etmək istəmirlər. Azərbaycan XİN onun adını dəfələrlə qara sıyahıya salıb. Rusiya isə vətəndaşının dələduzluq hərəkətlərinə lazımınca diqqət verməyib. Ehtimal ki, buna görə də Lapşin ermənilərin diqqətini cəlb edib. Həm Rusiya, həm də İsrailin Azərbaycanla münasibətləri çox yaxşıdır. Azərbaycan-Rusiya və Azərbaycan-İsrail münasibətləri Ermənistanı həmişə narahat edib. Ona görə Lapşın kiminin birisi Ermənistan üçün göydən düşmə oldu; Lapşinin təxribatları Azərbaycan-Rusiya və Azərbaycan-İsrail münasibətlərinə soyuqluq gətirəcək. Rusiyada isə nəinki bunu görmədilər, əksinə bəzi qruplar Lapşin məsələsindən istifadə edərək Azərbaycan-Belarus münasibətlərini korlamaq istiqamətində addımlar atdılar.

Lapşin və Ermənistan rəhbərliyi beynəlxalq dələduzluqda eyni xarakterli adamlardır. Bu tandemin qurduğu oyunlar Azərbaycan-Rusiya, Azərbaycan-İsrail münasibətlərini korlaya bilmədiyi kimi Azərbaycan-Belarus münasibətlərini də korlaya bilməzdi. Azərbaycan dövlətinin siyasəti təsadüfi və ya emosional parametrlər üzərində qurulmur.

Lapşinlə əlaqəli Rusiyanın mövqeyində izahını tapmaq istədiyimiz əlavə bir neçə məsələ də var:

I. Ermənistanda ABŞ Rusiya vətəndaşı Sergey Mironovu həbs etdirdi. S. Mironov Ermənistana istirahətə gəlmişdi. Lapşindən fərqli olaraq Mironov ölkəsinin ən faydalı vətəndaşlarından biridir. Ermənistandakı bu hadisə Rusiyanın imicinə daha böyük zərbədir.

II. İşğal altında olan Kəlbəcərdə girov götürülək Dağlıq Qarabağda həbs edilmiş azərbaycanlı Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Onu Ermənistan həbs edib. Lapşinin özünün və nəslinin Dağlıq Qarabağa heç bir aidiyyətı yoxdur. Amma D.Əsgərov əslən işğal altında olan Kəlbəcər rayonundandır. Lapşinin Dağlıq Qarabağa səfər etməkdə məqsədi Rusiyanın müttəfiq hesab etdiyi Azərbaycanın qanunlarını pozmaq idisə, D.Əsgərov və Ş.Quliyevin məqsədi valideynlərinin qəbrini ziyarət etmək idi.

III. İnformasiya azadlığı və sərbəst yerdəyişmə azadlığının Lapşinə aid edilməsi də cəfəngiyyatdır. Lapşinin gedə bildiyi Qarabağa o torpaqda anadan olanlar gedə bilmir. Lapşin əgər orada olarkən Dağlıq Qarabağ Azərbaycanın torpağıdır desəydi, bəlkə də çoxdan öldürülmüşdü.

IV. Rusiya rəsmiləri Lapşini ailəsinə qovuşdurmaq istəyir. İndi Dağlıq Qarabağda erməni girovluğunda olan Şahbaz Quliyevin həyat yoldaşı da Rusiya vətəndaşıdır və hətta milliyyətcə rusdur. Yəqin o xanım da ailəsi ilə qovuşmağı arzulayır.

V. Rusiyanın 23 vətəndaşı ABŞ-ın göstərişi ilə dünyanın bir çox dövlətlərində həbs olunaraq ABŞ-a ekstradisiya olunub və ya olunma mərhələsindədir. Hətta İsraildə ABŞ-a ekstradisiyasını gözləyən Rusiya vətəndaşı həbsdədir. Maraqlıdır, Rusiya ABŞ-ın qarşısında nizam-intizamlı vətəndaşlarını müdafiə edə bilmir. Amma Belarusla Azərbaycanın qarşısında dələduz vətəndaşını müdafiə edir. ABŞ-a ekstradisiya olunan Rusiya vətəndaşlarının böyük əksəriyyəti Rusiya dövlət orqanlarının xüsusi tapşırıqlarını yerinə yetirməklə məşğul imişlər. Təkrar edirik-A.Lapşinin qazanc və siyasi yaşam vasitəsi beynəlxalq dələduzluq imiş.

Rusiya MDB məkanında vahid standartların bərqərar olunmasına çalışmalıdır. MDB məkanındakı münaqişələrin həllində qətiyyətli və vahid standarta söykənən yanaşma Rusiyanın özü üçün ən vacib məsələdir. Tənzimlənməmiş münaqişələrdən Rusiyanın əleyhinə istifadə olunacaq. Amma münaqişələrin yerləşdiyi dövlətlər də əziyyət çəkəcək.

Rusiyanın təşəbbüsü ilə MDB məkanında xeyli subqurumlar yaradılsa da, heç birisi uzun ömürlü olmayıb. İndi AİB və KTMT-nin fəaliyyətindən daha çox, onların parçalanma ehtimalından danışılır. AİB üzvləri də haçansa özlərinin ərazi bütövlüyünün pozulmasından ehtiyatlanırlar.

Rusiya MDB məkanında Ermənistanın roluna xüsusi münasibət bildirməlidir. SSRİ-nin dağılması ermənilərin milli münaqişə yaratması ilə başladı. Hazırda da ermənilərin bütün fəaliyyəti Rusiyanın əleyhinə izah oluna bilər. Haçansa onlar antiRusiya fəaliyyətləri ilə Qərbdən yenidən maliyyə və siyasi resurs cəlb edə biləcəklər. Rusiyada başa düşmək istəmirlər ki, ABŞ üçün nefti və qazı olan Azərbaycana nisbətən, heç bir təbii resursu olmayan Ermənistan daha qiymətlidir. Çünki ABŞ üçün Moskvadakı ermənilər Azərbaycanın neft və qazından daha faydalıdır.

MDB üzv dövlətləri arasında ticarət dövriyyəsi getdikcə azalır. 2016-cı ildə bu azalma daha aydın müşahidə olundu. 2017-ci ilin yanvarın 1-dən MDB-yə sədrlik Rusiyadadır və Rusiya MDB məkanında mal dövriyyəsinin artırılmasını özü üçün prioritet elan edib. Amma MDB dövlətləri arasında mal dövriyyəsinin azalmasını təkcə qlobal maliyyə böhranı ilə əsaslandırmaq düzgün deyil. 2016-cı ildə Rusiya Ukraynadan MDB dövlətləri istiqamətində olan bütün yolları bağladı. Belə ştatdankənar vəziyyət istər-istəməz MDB dövlətləri arasında inamsızlıq yaradır. Ona görə MDB dövlətləri hər hansı xarici ölkəyə məhsulunu 5 dollar ucuz sata bilirsə, bunu MDB dövlətinə deyil, xarici ölkəyə satır. Belə vəziyyətdə mal dövriyyəsinin artırılması istiqamətində atılan addımlar effekt verməyəcək.

Rusiya güclü dövlətdir. Ən azı Avrasiya materiki üçün bu şəksizdir. Amma Rusiyadan da güclü dövlətlər və ya faktorlar toplusu ortalığa çıxa bilər. Yaxın 5-10 ildə Rusiyanın MDB məkanındakı gücünə kimsə müdaxilə edə bilməz. Əgər Rusiya özünü bu regionda cəmi 5-10 illik dövlət hesab edirsə, apardığı siyasətlə qane ola bilər. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR