Ekspert: “Görüş üçün paytaxtımızın seçilməsi maraqlı və çox önəmlidir” 

"ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun Bakı görüşü və danışıqları sözsüz ki, iki biri-biri ilə barışmaz mövqedə duran nəhəng ölkələr və güc sahibi olan dövlətlər arasında yeni bir dönəmin başlanğıcını göstərən hadisə sayıla bilər". Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Amerikada Donald Trampın rəhbərliyi altında yeni komanda artıq dünya siyəsətində öz baxışlarını təqdim edir və sözsüz ki, ilk növbədə Rusiya ilə gələcək münasibətləri qurmaq baxımından bu cür görüşlərin gələcəkdə də çox olması gözləniləndir: "Amma, bizim üçün niyə məhz belə bir görüş üçün paytaxtımızın seçilməsi həm maraqlıdır, həm də çox önəmlidir. Azərbaycanın paytaxtı Bakı həm rəsmi Moskva, həm də Vaşinqton üçün sıradan adi bir məkan sayılmır. Yerləşdiyimiz məkan, geosiyasi və geostrateji məsələlər ölkəmizi hər zaman diqqət mərkəzində saxlayıb və bu ölkəmizə iki nəhəng siyasi gücün verdiyi önəmin göstəricisi sayılmalıdır. Düşünürəm ki, Bakının danışıqlar üçün start mərkəzi seçilməsinin əsas səbəbi, məsələlərin məhz region və Yaxın Şərqlə, Avropa ilə bağlı olmasıdır.

İran, Suriya, Ukrayna, Gürcüstan Moldova və digər adını qeyd etmədiyim məkanların hər biri ilə bağlı müzakirələrin olduğunu zənn edirəm. O məsələlər arasında Dağlıq Qarabağ müzakirəsinin olmasını da təxmin edirəm. Ona görə də, Bakı görüşünün bir çox siyasi və hərbi proseslərin yenidən diqqət mərkəzinə gəlməsində böyük təkan ola biləcəyini təxmin edirəm. Görüş indidən bədnam qonşularımızda şok təsiri yaradıb və onlar narahat olduqlarını açıq-aşkar hiss etdirirlər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR