"Qarabağdakı referendumu qəbul etmirik" Həmsədrlərin bəyanatı

ATƏT-in Minsk qrupunun həmsədrləri Münhendə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə keçirdikləri təkbətək və birgə görüşünün yekunlarına dair bəyanat yayıblar.   ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin də iştirak etdiyi görüşdə qoşunların təmas xəttindəki və Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyət müzakirə olunub. Həmsədrlər  münaqişənin dinc yolla həllinin alternativinin olmadığını bir daha təsdiqləyərək, münaqişənin hərbi həll yolunun olmadığını vurğulayıblar və tərəfləri təmkinli olmağa, bəyanatlarında əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Həmsədrlər,  həmçinin tərəfləri atəşkəsə riayət edilməsinə dair 1994/95-ci il tarixli razılaşmalara əməl etməyə çağırıblar.

Vasitəçilər prezidentlərin 2011-ci ilin mayında Dovildə qəbul etdikləri birgə bəyanatları xatırladaraq, gücdən istifadənin daha böyük əzab gətirəcəyini və beynəlxalq ictimaiyyət tərəfindən qınanacağını qeyd ediblər. Onlar Vyana və Sankt-Peterburqda keçirilən yüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmaların icrası üçün həyata keçiriləcək tədbirlərə dair tərəflərlə fikir mübadiləsi aparıblar.

Həmsədrlər nazirlərə çeviklik nümayiş etdirməyə və mümkün qədər tez bir zamanda münaqişənin davamlı həllinə nail olmaq üçün hərtərəfli danışıqları bərpa etməyin vacibliyini vurğulayıblar.

Onlar 2017-ci il 20 fevral tarixində Dağlıq Qarabağda konstitusiyaya dair qondarma "referendum"un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlarının olduğunu qeyd ediblər: "Azərbaycan və Ermənistan daxil olmaqla  heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır". Vasitəçilər bəyan ediblər ki, bu referendumun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna  təsir edəcəyini  qəbul etmirlər: "Nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin davamlı və sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə aparılan danışıqların gedişini müəyyənləşdirmir".

Bəyanatda həmsədrlər mart ayında regiona səfər etməyi planlaşdırdıqlarını da vurğulayıblar. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR