Zakir Qaralov: "Prezidentin sərəncamı insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək"

Fevralın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Prezident cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Tədbirdə Baş prokuror cənab Zakir Qaralov çıxış edərək bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı Prezident cənab İlham Əliyevin humanist siyasətinin təzahürü olan həmin Sərəncam mükəmməl şəkildə hazırlanmış strateji əhəmiyyətə malik bir sənəd olmaqla ölkənin hüquq sisteminin əsaslı şəkildə yenilənməsinə və müasirləşməsinə imkan yaradacaqdır. Eyni zamanda bu mühüm sənəd cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutmaqla növbəti islahatların həyata keçirilməsinə mühüm təkan verəcəkdir.

Xüsusi vurğulanmışdır ki, insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək həmin sərəncamın qəbul edilməsi ölkədə cəza siyasətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətə dair təhlillərə əsaslanır. Aparılmış təhlillər göstərmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.

Bildirilmişdir ki, sərəncamda ölkənin hüquqi sistemində humanistlik prinsipinin tələblərinə xüsusi əhəmiyyət verilərək cəza sistemində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənəddə, icrası Ali Məhkəmə və Ədliyyə Nazirliyi ilə yanaşı eyni zamanda prokurorluq orqanlarının qarşısında mövcud qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların və qətimkan tədbirlərinin tətbiqi, həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması istiqamətlərində bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Qeyd edilmişdir ki, sərəncamda Ədliyyə Nazirliyinə Baş Prokurorluqla birgə elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır.

Eyni zamanda bildirilmişdir ki, Sərəncamda Baş Prokurorluğa həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün araşdırılması və böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatların müstəsna hallarda və həbsin tətbiq edilməsinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilməsi üçün tədbirlər görülməsi tövsiyə edilmişdir.

Prokurorluq orqanları tərəfindən üzərlərinə düşən vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə geniş tərkibdə işçi qrupu yaradılmış və işçi qrupuna konkret tapşırıqlar verilməklə 20 gün ərzində müvafiq qanun və normativ aktların layihələrinin hazırlanması tapşırılmışdır.

Əməliyyat müşavirəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev, Baş prokurorun müavini Namiq Əsgərov, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş idarəsinin rəisi Həsən Mansurov, Baş prokurorun böyük köməkçisi Mübariz Əhmədov Sərəncamdan irəli gələn məsələlər ətrafında çıxışlar etmiş, sənədin icrası ilə əlaqədar görüləcək işlər müzakirə edilmişdir.

Tədbirə yekun vuran Baş prokuror dövlət başçısının verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək üçün rəy və təkliflərin hazırlanaraq qısa müddət ərzində işçi qrupuna təqdim olunması, eləcə də mövcud nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması ilə bağlı konkret göstərişlər vermişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR