"Bu, ABŞ və Rusiya hakimiyyətinin Azərbaycana olan etibarını göstərir"

"ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında mühüm görüşün harada keçirilməsi ilə bağlı artıq uzun müddət idi ki, müzakirələr aparılırdı. Lakin tərəflər geosiyasi səbəblərə görə, məkan seçimi ilə bağlı təklifləri rədd ediblər. Görüş yerinin məhz Bakıda olması ilə bağlı qərar təcili verilsə də, hər iki tərəf bunu müsbət qarşılayıb. Bunun da səbəbləri var". Bunu  politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, görüşün əsas məsələsi Suriya olduğu üçün Bakı münaqişəyə yaxın ən münasib yerdir: "Bildiyiniz kimi, hazırda Suriya ətrafında qırğın döyüşlər gedir. Orada ABŞ və Rusiyanın hava qoşunları iştirak edir. Bu baxımdan münaqişə zonasına ən yaxın və stabil yer məhz Bakı ola bilər. Azərbaycan nə NATO, nə də KTMT-nin üzvüdür. Bu neytral mövqe Azərbaycanın sözügedən görüşdə məkan kimi seçilməsinə şərait yaradıb".

İ. Vəlizadə qeyd edib ki, görüşün Bakıda keçirilməsi həm ABŞ, həm də Rusiya hakimiyyətinin Azərbaycana olan etibarını üzə çıxarmış oldu: "Hər iki ölkənin qərargah rəislərinin paytaxtımızda görüşməsi Rusiya ilə ABŞ-ın Azərbaycana siyasi maraqlarının olduğunu göstərir. Təbii ki, bu da ölkəmizin regionda güclənən mövqeyi, eləcə də siyasi nüfuzu ilə bağlıdır. Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR