"Azərbaycan proseslərə öz müsbət təsirini göstərmək imkanını dünyaya nümayiş etdirir"

ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeriy Gerasimovun görüşünün məhz Bakıda keçirilməsi, ilk növbədə, Azərbaycanın proseslərə öz müsbət təsirini göstərmək imkanını dünyaya nümayiş etdirir. Bunu  Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.

Onun sözlərinə görə, görüşün Bakıda keçirilməsi çox mühüm hadisədir: "Bu görüşün Bakıda keçirilməsi Azərbaycan üçün çox müsbət haldır. ABŞ və Rusiya hərbçilərinin görüşü, əslində, bölgədə hər hansı xoşagəlməz halların qarşısını almağa xidmət edəcək".

Deputat hesab edir ki, belə bir görüşün Azərbaycanda baş tutmasının bir neçə səbəbi də var: "Görüşün Bakıda keçirilməsinin səbəbi onunla bağlıdır ki, Azərbaycan heç bir hərbi bloka üzv deyil. Azərbaycan ABŞ-ın tərəfdaşıdır və ABŞ-la bır sıra istiqamətlər üzrə əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycan həm də Rusiyanın tərəfdaşıdır. Azərbaycan Rusiya ilə əməkdaşlığa üstünlük verir. Azərbaycanın xarici siyasəti ümumiyyətlə, bütün bölgədə məsələləri məhz tərəfdaşlıq və əməkdaşlıq istiqamətində inkişaf etdirmək üzərində qurulub. Azərbaycan bunda çox maraqlıdır. Düşünürəm ki, bu məsələlər də görüşün məhz Bakıda keçirilməsinə imkan verib". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR