Amerika və Rusiyanın hərbi rəsmilərinin Bakı görüşü

Vaşinqton və Moskvanın Azərbaycana verdiyi dəyərin göstəricisidir

Azərbaycan uğurlu xarici siyasəti, etibarlı və strateji tərəfdaşlığı ilə özünə olan diqqəti hər ötən gün daha da artırır. Xüsusilə, rəsmi Bakının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu ona müsbət divindentlər gətirir. Bu gün təkcə region ölkələri, bizimlə yaxından iqtisadi əlaqələr quran dövlətlər deyil, eləcə də dünyanın əsas güc mərkəzləri Azərbaycana xüsusi önəm verir, onun bölgədəki yeri və rolunu, strateji mövqeyini, ən əsası siyasi çəkisini qəbul edir, bu amili xüsusi qiymətləndirirlər. Elə fevralın 16-da (dünən) Birləşmiş Ştatıar və Rusiyanın yüksək rütbəli hərbi rəsmilərinin Bakıda bir araya gəlməsi də deyilənlərin əyani sübutudur. Məlum olduğu kimi fevralın 16-da (dünən) Bakıda Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiyanın müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan görüş çərçivəsində Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb. İstər Cozef Danfordun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, istərsə də Rusiyanın müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovla keçirdiyi görüşdə müzakirə edilən məsələlərin nədən ibarət olduğunu bir kənara qoyaraq dünyanın iki super gücünün hərbi rəsmilərinin hansı zərurətdən Bakıda bir araya gəlməsinə diqqət yetirək. Əslində bir çoxlarına belə bir görüşün hansı zərurətdən Azərbaycanda keçirildiyi aydındır. Və bunu şərtləndirən əsas amillərin nədən ibarət olduğunu da bəllidir. Amma bütün bunlara baxmayaraq bir neçə vacib məqama diqqət çəkmək zəruridir.

İlk növbədə nəzərə almaq lazımdır ki, sözügedən görüş üçün münasib yerin məhz Bakı müəyyən edilməsi Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətlə bağlıdır. Azərbaycan bir qayda olaraq həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə yaxın münasibətlərə malikdir. Rəsmi Bakı uzun illərdir ki, həyata keçirdiyi balanslaşdırılmış siyasəti hər iki tərəflə normal əməkdaşlıq mühiti yaratmağa imkan verir. İstər Birləşmiş Ştatlar, istərsə də Rusiya ilə münasibətlərdə heç bir fərq qoymayan Azərbaycanın bu mövqeyi Vaşinqton və Moskvada yüksək qiymətləndirilir. Xüsusi olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər iki ölkənin dövlət başçıları ilə də çox yaxın münasibətləri mövcuddur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev həm Birləşmiş Ştatlar Prezidenti Donald Tramp, həm də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələrə malikdir. Elə bunun göstəricisidir ki, həm Ağ Ev rəhbəri Donald Tramp, həm də Kreml rəhbəri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi etibarlı tərəfdaş, həmçinin dünya səviyyəli siyasi lider kimi qəbul edir. İstər Vaşinqton, istərsə də Moskvanın Azərbaycan Prezidenti ilə əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirməsi də məlumdur. Həm Donald Tramp, həm də

Vladimir Putinin Azərbaycan Respublikasının Prezident İlham Əliyev haqqında yüksək rəy bildirməsi və onun fəaliyyətini təqdir etməsi deyilənlərin təsdiqidir. Bütün bunlar da Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiyanın müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun Bakıda bir araya gəlməsinə səbəb olan amillərdəndir.

Dünyanın iki super gücünün yüksək rütbəli hərbi rəsmilərinin Azərbaycanda görüşünü şərtləndirən digər amillərdən biri də rəsmi Bakının həm Vaşinqton, həm də Moskva ilə qeyd edilən sahələrdə bu və ya digər formada yaxından əməkdaşlıq etməsidir. Məlumdur ki, Azərbaycan zamanında Birləşmiş Ştatların birbaşa rəhbərlik etdiyi sülhyaratma missiyasının tərkibində Əfqanıstanda sülhün əldə edilməsində yaxından iştirak edib. Günümüzdə də Azərbaycan beynəlxalq koalisiyanın tərkibində sülhyaratma prosesinin fəal iştirakçılarından buiridir. Bu məqam dəfələrlə Amerikanın yüksək rütbəli rəsmiləri, hətta prezidentləri tərəfindən müsbət hal kimi qiymətləndirilib və Azərbaycanın sülhyaratma prosesindəki rolu təqdir edilib. Eyni zamanda Azərbaycan Rusiya ilə də yaxından hərbi əməkdaşlıq edir. Eyni münasibəti NATO ilə əməkdaşlıqda görmək mümkündür. Xüsusi qeyd edilməli məqam isə ondan ibarətdir ki, hərbi texniki əməkdaşlıq məsələlərində də Azərbaycan hər zaman balans siyasətini qoruyub və bu gün də həmin prinsipə sadiq qalır.

Nəhayət, Amerika və Rusiya hərbi rəsmilərinin Bakı görüşünü şərtləndirən vacib amillərdən biri də Azərbaycanın səmərəli təklif və təşəbbüslərlə çıxış etməsi, bir sıra prinsipial məsələlərin həllində vasitəçi qismində rol oynaması və bu vasitəçiliyin müsbət nəticə verməsidir. Yaxın tarixə nəzər salsaq bunun şahidinə çevrilərək. Bir neçə il əvvələrə qədər kritik xarakter alan Vaşinqton-Tehran münasibətlərinin savaş həddinə keçməməsində Azərbaycanın rolu, eləcə də keçən il sanki müharibə həddinə çatan Ankara-Moskva münasibətlərinin normallaşmasında Bakının verdiyi töhfələr heç şübhəsiz ki, həm şimal qonşumuzda, həm də okeanın o tayında hər kəsə bəllidir. Ona görə də həm Vaşinqton, həm də Moskva Azərbaycanın regiondakı yeri və rolunu yüksək dəyərləndirərək belə bir mötəbər görüş üçün məhz Bakını seçib. Bu öz-özlüyündə Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsi, eyni zamanda Azərbaycana göstərilən hörmət və etimadın bariz nümunəsidir. Həmçinin, bu Azərbaycanın regional güc kimi qəbul edilməsi deməkdir.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR