Ermənistanın daha bir təxribatı

Separatçı rejimdə referendumun keçirilməsi danışıqlar prosesinə mane olmağa hesablanıb

Ermənistan hər vasitə ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa çalışır. Müntəzəm olaraq cəbhə xəttində gərginliyi artırmaq, təxribatlar törətmək, eləcə də müntəzəm olaraq atəşkəsi pozmaqla buna demək olar ki, nail olan işğalçı ölkə artıq bir xeyli müddətdir ki, danışıqlar prosesində sükut yaratmağa müvəffəq olub. Təəssüflər olsun ki, İrəvanın bu gedişinə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu, eləcə də beynəlxalq təşkilatlar və qurumlar göz yumur, Ermənistan rəhbərliyinin atmış olduğu addıma sanki bəraət qazandırırlar. Hər halda işğalçı ölkəyə qarşı heç bir təzyiq vasitəsindən istifadə edilməməsi belə deməyə əsas verir. Mövcud cəzasızlıq sindromu və Ermənistanın aqressiv, işğalçılıq siyasətinə bəraət qazandırmaq mövqeyi isə İrəvanı daha da qeyri-konstruktiv məcraya yönəldir, onun beynəlxalq hüquq və prinsiplərə zidd addımlar atmasına stimul verir. Elə yaxın günlərdə separatçı Dağlıq Qarabağda referendum keçirilməsi barədə verilən qərar da bunun əyani sübutudur. Birbaşa Ermənistan rəhbərliyinin xeyir-duası ilə referendum keçirən separatçılar səsverməyə qondarma rejimin "prezidenti"nin səlahiyyət müddətinin uzadılması məsələsini çıxaracaqlar. İlk növbədə Dağlıq Qarabağda referendumun keçirilməsi yuxarıda da qeyd etdiyimiz kimi problemin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmaq məqsədi daşıyır. Ermənistan rəhbərliyi hər vasitə ilə mövcud status-kovunu uzatmaq və bununla da işğal altında olan Azərbaycan ərazilərini tamamilə özününküləşdirmək siyasəti həyata keçirir. Digər ən mühüm və xüsusi vurğulanmalı olan məqam ondan ibarətdir ki, separatçı rejimin işğal altında saxladığı Azəbaycan ərazilərində referendum keçirməsi beynəlxalq hüquq və normalara, prinsiplərə tamamilə ziddir və bu referendum heç bir hüquqi prosedur üzrə tanınmır. Elə politoloq Əli Qənbərli də bu qənatdədir. Politoloq deyib ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Orada nəinki referendum, istənilən ən xırda fəaliyyət belə qanunsuz, beynəlxalq hüquqa ziddir: "20 fevral 2017-ci ildə Qondarma Respublikada konstitusiya dəyişikliyini nəzərdə tutan referendumun keçirilməsinin də heç bir hüquqi əsası yoxdur. Konkret olaraq bu addım ona hesablanıb ki, Serj Sərkisyan rejimi burada referendum keçirməklə göstərmək istəyir ki, guya bu müstəqil respublikadır və onun konstitusiyası var. Amma, bütün dünyaya bəllidir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır və yalnız Azərbaycanın iradəsi ilə onun gələcək hüquqi statusu müəyyən edilə bilər". Əli Qənbərli hesab edir ki, Ermənistan rəhbərliyinin bütün bu oyunları mpvcud status-kvonun saxlanmasına xidmət edir. O, bildirib ki, əslində, hazırkı status-kvo, yəni mövcud vəziyyət də Ermənistana sərf edir: "Ermənistan hər vasitə ilə danışıqlar prosesində vaxt qazanmağa cəhd edir. Bəli, atılacaq bu addım da Ermənistanın danışıqlar prosesində maraqlı olmadığının daha bir əlamətidir. İşğalçı dövlət bununla bir daha nümayiş etdirmiş olur ki, o torpaqları qaytarmaqda maraqlı deyil və bütün vasitələrdən istifadə edir ki, işğal siyasətini uzunmüddətli etsin.. Reallıq bundan

ibarətdir ki, bu gün Azərbaycan torpaqları işğal altındadır. Bu öz-özlüyündə işğal faktıdır. Beynəlxalq birlik bunu qınayır. Amma, nəticə fərqlidir. Baxmayaraq ki, Ermənistan bu gün işğal prosesini davam etdirir, ona qarşı hər hansı bir ciddi təzyiqi görmürük. Münaqişənin həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupu da bu məsələdə hələlik sakitlik nümayiş etdirir". Politoloqun qənaətincə, işğalçı ölkənin atmış olduğu bütün bu adımlar həm də Azərbaycanı təxribata çəkmək məqsədi daşıyır: "Təbii ki, Ermənistanın atmış olduğu bu addım provokasiya xarakterli də ola bilər. Paralel olaraq Ermənistan cəbhədə gərginliyi hər an artıra bilər. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç zaman öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək". Mövcud vəziyyətdə Azərbaycanın ata biləcəyi addıma gəlincə isə, Əli Qənbərli deyib ki, artıq, Azərbaycanın Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı öz mövqeyini bildirib: "Mən düşünürəm ki, Azərbaycanın belə situasiyada ata biləcəyi iki addım var. Birincisi hərb, digəri isə diplomatiya. Ancaq ümumi vəziyyətdə Azərbaycanı narahat edən məqam torpaqların işğal altında olmasıdır. Onsuz da labüd idi ki, qondarma rejim burada guya öz idarəçiliyini tətbiq etmək üçün müəyyən addımlar atmağa cəhd edəcək. Əgər həqiqətən bu addım atılarsa, Azərbaycan diplomatiyası maksimum dərəcədə öz gücünü bu işi ifşa etmək üçün səfərbər etməlidir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR