Separatçı rejimin seçki oyunu

Sahib Alıyev: "Bu oyuncaq referendum Azərbaycana öz torpaqlarını işğalçılardan təmizləmək üçün güc tətbiqinə əl atmasına əlavə əsas verir"

Ermənistan mövcud cəzasızlıq sindromundan eninə-uzununa yararlanaraq işğal altında olan Azərbaycan ərazilərində özünün qeyri-qanuni və beynəlxalq hüquq prinsiplərinə zidd hərəkətlərini davam etdirir. Bu günlərdə separatçı Dağlıq Qarabağda referendum keçirilməsi də məhz bu məqsədə xidmət edir. Məlumat üçün qeyd edək ki, fevralın 20-də separatçı rejim rəhbərliyinin səlahiyyət müddətinin artırılması ilə bağlı referendum keçiriləcək. Artıq rəsmi Bakı işğalçı ölkənin bu qeyri-qanuni, beynəlxalq hüquqa zidd addıma qarşı öz etirazını bildirsə də, ancaq nədənsə beynəlxalq təşkilatlar hələlik seyriçi mövqedən çıxış edərək separatçıların beynəlxalq hüquq və prinsipləri ayaqlar altına almasına səssiz qalırlar. Necə ki, 20 ildən çoxdur eyni səssizlik Azərbaycanın 20 faiz ərazilərinin işğala məruz qalmasında özünü göstərib. Ancaq bir sıra ekspertlər hesab edirlər ki, Ermənistan rəhbərliyi özü də separatçı rejimdə keçirilən referendumun heç bir hüquqi mahiyyət daşımadığının fərqindədir və heç bir dövlət və beynəlxalq təşkilatın həmin referendumu tanımadığını bilir. Sadəcə keçən ilin aprel döyüşlərindən sonra məğlub duruma düşən Ermənistan rəhbərliyi öz aləmində cəmiyyətdə ruh yüksəkliyi yaratmaq və Dağlıq Qarabağa sona qədər nəzarət edəcəyi görüntüsü formalaşdırmaq üçün belə bir gediş edir. Elə millət vəkili Sahib Alıyev də bu qənaətdədir. O, bildirib ki, terrorçu, cinayətkar və separatçı rejimin Dağlıq Qarabağda "referendum" keçirməyə hazırlaşması ötən ilin aprel döyüşlərindən sonra daha qabarıq nəzərə çarpan bir reallığın nəticəsidir: "O reallığın ki, hazırda Ermənistan adlanan ölkədə, eləcə də ermənilər arasında bütün sorumluluğu öz üzərinə götürərək lider qismində çıxış edə biləcək kimsə yoxdur. Yəqin son iki həftədə Rusiyada qubernatorların dəyişdirilməsi prosesinin necə baş verdiyini izləyənlər var. Bir çox qubernatorlar Moskvada çalışan menecer və yaxud da yüksək vəzifəli məmurlarla əvəzlənirlər. Bəyəm, Qazpromda çalışan Karen Karapetyanın ötən ilin sentyabrında Ermənistana baş nazir göndərilməsiylə hazırda Rusiyanın özündə qubernatorların dəyişdirlməsi arasında hansısa bir fərq nəzərə çarpır? Xeyr, çarpmır, eyni siyasət, eyni metoddur, Rusiyanın digər quberniyaları kimi Ermənistanda da reallaşdırılır. Ona görə reallaşdırılır ki, Ermənistan müstəqil deyil, erməni xalqının özünün öz gələcəyini müəyyənləşdirmək qüdrəti yoxdur və bir də az öncə vurğuladığımız məsələ, yəni onlar idersizlik problemi yaşayırlar". Sahib Alıyev hesab edir ki, Dağlıq Qarabağda "referendum" keçirilməsi sadəcə bir oyundur və həmin oyun da yalnız erməni cəmiyyəti üçün hesablanıb. Millət vəkili bildirib ki, heç bir dövləti və beynəlxalq təşkilatın həmin oyunu izləmək marağında olmaması da bunu bir daha

təsdiqləyir: "Ermənistanda parlamentli respublikaya keçid və Dağqlıq Qarabağdakı "referendum" oyunu da məhz bundan qaynaqlanır. Bu heç də erməni cəmiyyətinin özünün tələbi və arzusu deyil. Bayaq da dediyimiz kimi aprel döyüşləri də çox aydın şəkildə göstərdi ki, fors-major hallarada nə etmək, hansı addımlar atmaq lazım gəldiyini Ermənistanın de yure rəhbərliyi deyil, de fakto yiyəsi müəyyənləşdirir. O üzdən də Ermənistanda parlamentli respublikaya keçidi rəsmiləşdirən seçkinin aprelin 2-də keçirilməsində bir rəmzlik var. Olsun, bu, kənardan tapşırıq əsasında reallaşdırılsa da, necə deyərlər onların daxili işidir". Millət vəkili hesab edir ki, Dağlıq Qarabağdakı "referndum" oyununa gəldikdə isə məsələ tam fərqlidir: "Bu oyuncaq referendum Azərbaycana öz torpaqlarını işğalçılardan təmizləmək üçün güc tətbiqinə əl atmasına əlavə əsas verir. Heç bir ölkə onun izni olmadan torpağının bir parçasının adının dəyişdirilməsi, beynəlxalq qanunları da kobudcasına pozmaqla orada konstitusiyamızın əleyhinə yönələn addımlar atılmasıyla barışmaz. Azərbaycan da barışmayacaq. Bunu "erməni yazı" deyə biləcəyimiz aprel döyüşləri də göstərdi. Və təbii ki davamı da olacaq". Sahib Alıyev deyib ki, ermənilər bu kimim təxribatçı addımlar atmaqla öz acı sonluqlarını daha da yaxınlaşdırırlar.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR