Millət vəkili: "Fərmana dəyişiklik məcburi köçkünlərə olan diqqətin nümunəsidir"

"Prezidentin məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı dövlətimizdə həssas təbəqədən olan şəxslərə göstərilən diqqətin bariz nümunəsidir". Bunu  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib. 

Onun sözlərinə görə, fərmana əsasən tətbiq ediləcək güzəştlər yataqxanalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərə şamil ediləcək: "Çünki həmin binalarda qazlaşdırma problemi var. Bu problem Ölkə başçısının bundan əvvəl verdiyi fərmandan irəli gələn məsələlərin yerinə yetirilməsinə maneə yaratdığı üçün  Azərbaycan Prezidenti fərmana dəyişiklik etdi. Həmin yerlərə yeni layihə çəkib qazla təmin etmək hazırda çox çətin prosesdir. Bu baxımdan Azərbaycan prezidenti bütün bunları nəzərə alaraq, yataqxanalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərin kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərman imzaladı. Bu, qaçqın və məcburi köçkünlərin daim Prezidentin diqqət və nəzarətində olduğunu bir daha göstərdi".

Azərbaycan Prezidentinin tapşırığı əsasında müxtəlif regionlarda qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisinin davam etdirildiyini deyən millət vəkili qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə sözügedən təbəqədən olan insanların sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində lazımı işlər görülür:  "Qaçqın və məcburi köçkünlərə kömək etmək hər birimizin borcudur. Çünki, onlar düşmənlərimizin etnik təmizləmə siyasəti nəticəsində bu vəziyyətə düşüblər. Biz torpaqlarımızın düşməndən geri qaytarılması ilə bağlı aparılan siyasətin, Ölkə başçısının ətrafında sıx birləşməliyik. Bu gün dünyada gedən proseslərə baxdıqda müharibələrin, terrorların, torpaqların zəbt olunduğunu görürük.  Artıq Avropada qaçqın və məcburi köçkünün nə olduğunu yaxşı bilir. 1990-92-ci illərdə Azərbaycan qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdə idisə, bu gün elə ölkələr var ki, onlar bizi keçiblər.  Artıq bir çox ölkələr bu prosesin ağırlığını dərk etməyə başlayıblar. Lakin həmin ölkələrdən  fərqli olaraq ölkəmizdə sabitlik hökm sürür. Bu da Azərbaycan prezidentinin həyata keçirdiyi düzgün siyasətin nəticəsidir".

R. Əliyev əlavə edib, ölkə başçısının qaçqın və məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı müvəqqəti xarakter dayışır: "Çünki, ölkə başçısının tapşırığı əsasında, sözügedən şəraitdə yaşayan məcburi köçkünlərə evlərin tikilməsi üçün Mərdəkan və Sabunçuda torpaq sahəsi ayrılıb. Bu addımların hər biri göstərir ki,  dövlət başçısı həssas təbəqədən olan şəxslərə xüsusi nəzarət edir, onların problemlərin həll istiqamətində lazımı addımlar atılır. Təbii ki, bu müvəqqətidir. Vaxt gələcək torpaqlarımız geri qaytarılacaq və həmin insanlar öz dədə-baba yurdlarına qayıdıb yüksək səviyyədə yaşayacaqlar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR