Ermənistanın “referendum” təxribatı

Beynəlxalq təşkilatların "ikili standart oyunu" davam edir

İnsanlıq əleyhinə olan  Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqda davam edir. Demək olar ki, erməni təxribat şəbəkəsi ölkəmizə qarşı genişmiqyaslı hücuma keçib. Cəbhə xəttində birmənalı şəkildə uduzan Ermənistan indi dövlət səviyyəsində  təxribata əl atıb. Məlumata görə, Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində "referendum" keçirməyi planlaşdırır. Guya fevralın 20-də keçirilməsi nəzərdə tutulan "referendum" konstitusiyaya dəyişikliklər edilməsi məqsədini daşıyır. Belə bir referendumun keçirilməsinin qanunsuz olduğu ermənilərin özlərinə olduğu kimi bütün dünya ictimaiyyətinə da bəllidir. Təsəvvür edin, nə qədər gülüncdür ki, işğalçı dövlət beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda "referendum" keçirir. Maraqlıdır, separatçı rejimdə keçirilən "referendum" hansı hüquqi qüvvəyə malik olacaq, yaxud onun nəticələri hansı beynəlxalq təşkilatlar tərəfindən tanınacaq? Xatırladaq ki, Ermənistan əvvəllər də separatçı rejimdə parlament və bələdiyyə "seçkiləri" keçirib. Lakin indiyə qədər həmin seçkilərin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Bu seçkinin də  nəticələrinin Ermənistan üçün təsəllidən başqa bir şey olmayacağı gün kimi aydındır. Ancaq maraqlı məqam ondan ibarətdir ki, özünü ədalət və demokratiya carçısı kimi təqdim edən beynəlxalq təşkilatlar yenə də "ikili standart oyunu" sərgiləyirlər.

Azərbaycanın hər bir addımını izləyən, uğurlu daxili və xarici siyasətinə şəbədə qoşan, ölkəmizi haqq yolundan sapdırmağa çalışan beynəlxalq təşkilatlar nədənsə bu məsələdə  susqunluq nümayiş etdirilər. Düzə əyri damğası vuran, Azərbaycanı kompromisə təkid edən beynəlxlaq təşkilatlar nədənsə Ermənistanın qanunsuz  "siyasi aksiyasını" görmək, eşitmək belə istəmirlər.

Axı həmin beynəlxalq təşkilatlara Ermənistanın bu addımının qanunsuz, beynəlxalq hüquq normalarına zidd olması barədə izahat verməyə ehtiyac yoxdur. Çünki, onlar bilməmiş deyillər ki, işğal altında olan  Dağlıq Qarabağda Ermənistan tərəfindən  yaradılmış separatçı rejim başqa dövlətin torpaqlarına təcavüzün nəticəsidir.  Hansı ki, bu məsələ dəfələrlə beynəlxalq təşkilatlarda qaldırılıb və kifayət qədər  müzakirə predmeti olub. Hətta, bir sıra beynəlxalq təşkilatlar, eləcə də dünya ölkələrinin parlamentləri  məsələ ilə bağlı müvafiq qərarlar da qəbul ediblər.  Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin  "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı 16 iyun 2015 tarixində qəbul etdiyi qərarında deyilir ki, "bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir". Hələ BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni demirəm. Həmçinin beynəlxalq təşkilatlar bilməmiş deyillər ki, Ermənistanın bu addımı işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirilməsinə yönəlib. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan işğal edilmiş ərazilərə xaricdə yaşayan erməniləri köçürməklə demoqrafik üstünlüyə malik olmağa çalışır.

Münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının qətnamələri və BMT Baş Məclisinin qətnaməsi ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənilərin bu addımı isə beynəlxalq təşkilatların qətnamələrini ayaq altına ataraq Dağlıq Qarabağda qanunsuz hərəkətlərini davam etdirir. Bu halda belə bir sual yaranır, nədən beynəlxalq təşkilatlar öz qərarlarına bu qədər sayğısız yanaşırlar? Məyər Ermənistan onlar üçün bu qədər dəyərə malikdir?

Xatırladaq ki, qeyri-qanuni keçirilməsi planlaşdırılan "referendum" Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Elə bu səbəbdən də hər hansı  bir hüquqi qüvvəyə malik ola bilməz. Bu qondarma "referendum" həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir. Ermənistanın bu addımı beynəlxalq hüquq normalarını pozmaqla yanaşı Cənubi Qafqaz üçün bir təhdiddir. Bütün bunları yaxşıca anlayan beynəlxalq təşkilatlar yenə də susmağa üstünlük verirlər. Görünür, həmin təşkilatların da regionda maraqları olduğundan özlərini görməməzliyə vurular. Ən maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi sözügedən "referendumun" qanunsuz olması ilə bağlı beynəlxalq təşkilatlara xatırlatma etməsinə baxmayaraq həmin təşkilatlar mövqe sərgiləməkdən çəkinirlər.  Sanki Ermənistana "qaşın üstə gözün var" demək beynəlxalq təşkilatlar üçün ölüm-dirim məsələsinə çevrilib.

Alim  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR