Struktur islahatları davamlı olacaq

Azərbaycanda çevik idarəetmə  mexanizmi yaradılır

Dünya Bankı hələ ötən il 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2017" hesabatında  Azərbaycanı ən çox islahatlar aparan üç ölkədən biri olduğunu qeyd edib. Hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Sənədə  əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, "Xarici ticarətin aparılması" göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, "Vergilərin ödənilməsi" göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz "Biznesə başlama" göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), "Xarici ticarətin aparılması" göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, "Doing Business 2017" hesabatının "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.Bundan başqa, "Əmlakın qeydiyyatı" (22), "Kiçik investorların maraqlarının qorunması" (32), "Vergilərin ödənilməsi" (40), "Müqavilələrin icrasının təmin edilməsi" (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb. Xatırladaq ki, Azərbaycan Prezidenti 2017-ci ili islahatlar ili kimi xarakterizə edib. Elə bu səbədən də ölkəmizdə siyasi, istisadi, sosial və digər sahələrdə ardıcıl olaraq islahatlar aparılır. Belə islahatların bariz nümunəsi kimi Azərbaycan iki nazirliyin birləşdirilərək yeni qurumun yaradılmasını göstərmək olar. Onu da qeyd edək ki,  Azərbaycan Prezidentinin Nəqliyyat  Nazirliyinin ləğv olunaraq, Rabitə və Yüksək Texnologiyalr Nazirliyi ilə birləşməsi ilə bağlı imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən tədqir olunur. Millət vəkili Fazil Mustafa deyib ki, Azərbaycanda daha çevik idarəetmə institutu formalaşdırmaq üçün bir-birini təkrarlayan nazirliklər, dövlət komitələri, universitetlər və digər dövlət qurumları ixtisar olunaraq birləşdirilməlidir. Onun sözlərinə görə, əgər ölkədə qənatə rejiminə keçmək  və çevik idarəetmə  mexanizmi yaratmaq istəyiriksə, o zaman ilk növbədə bu islahatlar dövlət strukturlarından başlamalıdır: "Bu islahatların aparılması vacibdir. Bir-birini təkrarlayan və oxşar  qurumlar, nazirliklər, dövlət komitələri, hətta, universitetlərin  birləşməlidir. Paralel qurumların birləşməsinin faydası ola bilər. Ümid edirik ki, ölkə başçısının bugünkü məlum sərəncamı da  idarəetmədə  irəliləyişlərə səbəb  olacaq". Mətbuatda səslənidirlən  "bəzi kadrların  vurulması" ilə bağlı fikirlərə gəldikdə isə millət vəkili deyib ki, bu ölkə Prezidentinin səlahiyyətində olan məsələdir. "Prezident  kimi istəyər vəzifədən  çıxarar, kimi istəyər təyin edər. Kadrların uğurlu olması hamımızın istəyidir.  İstəyimiz odur ki, idarəetmədə irəliləyişlər olsun. Ona görə də  bu məsələdə fikir söyləmədkə çətinlik çəkirəm". İslahatların davamlı olmasına gəldikdə isə F.Mustafanın fikrincə, əgər  proses başlayıbsa, bu, gələcəkdə də davam edəcək: "Hansı  nazirliklər və komitələr birləşəcək, deyə bilmərəm. Burada fikir söyləmək istiqamətləndirici rol oynaya bilər. Məndən olarsa, ölkədə daha effektli idarəetmə sistemi yaratmaq məqəsdi ilə əksər nazirliklər, komitələr, universitetlər birləşməlidir. Mənim fikrim burada  hansısa təsiredici rola malik olmadığından,  konkret olaraq hansı qurumların birləşməsi haqqında  nəsə deməyi xoşlamıram. Sturktur islahatları  prezidentin səlahiyyətinə aid olan məsələ olduğundan  fikir söyləmək çətindir". Millət vəkili Aydın Hüseynov deyib ki, bu islahatlar davamlı olacaq: "Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi kompleks islahatlar, xüsusən də, struktur islahatları  birbaşa ölkə iqtisadiyyatının dinamik inkişafına yönəlib. Bu islahatların əsas qayəsi  çevik  və effektli idarəteməyə nail olmaqdır". Millət vəkili əlavə edib ki, dövlət idarəetmə aparatı nə qədər yığcam olarsa, idarəetmə də bir o qədər çevik olar: "Bu, o, deməkdir ki, islahatlar davam edəcək. Ölkədə bir-birini təkrarlayan qurumların birləşməsi  zamanın çağırışı olduğundan, bu  qurumların islahatlar nəticəsində birləşməsi və ya onların bazasında yeni strukturların yaradılması  labüddür. Bu islahatların həyata keçirilməsi idarəetməyə öz müsbət nəticəsini verəcək və biz də yaxın gələcəkdə  bu prosesin davamlı olacağına şahidlik edəcəyik. Çünki bu islahatları ölkə iqtisadiyyatının strateji xətti tələb edir. Qarşıda yeni çağırışlar var və bu çağırışlara uyğun olaraq da idarəetmə formalaşdırılmalıdır".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR