“Bəzi bələdiyyə sədrləri özlərini idarə müdiri kimi hiss edir”

Qənirə Paşayeva: "Bələdiyyələrin çoxunun bu institutunun əsl mahiyyətindən xəbəri yoxdur"

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik hesabatı parlamentə təqdim edib. Hesabatda bildirilir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb. 3 halda kiçik maliyyə pozuntusu aşkarlanıb ki, bu zaman vurulan ziyanın da ödənilməsi təmin edilib. Müraciətlər üzrə 18 fakt üzrə ciddi pozuntu aşkarlanıb və bu barədə materiallara hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə, il ərzində istintaq orqanlarına 58 material göndərilib. Maraqlıdır, Azərbaycanda bələdiyələrin fəaliyyətini tənzimləyən 30-dan artıq qanunvericilik aktı olduğu halda bu qədər qanun pozuntusu hansı səbələrdən baş verir? Millət vəkili Qənirə Paşayeva deyib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın  hesabatda deyilir ki, vətəndaşların müraciətlərinin və bələdiyyə aktlarının təhlili nəticəsində bələdiyyələrin fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində birinci yerdə bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarların qəbul edilməsi dayanır. Bu o deməkdir ki, bu sədrlər özlərini idarə müdiri kimi hiss edir və hələ də bələdiyyə institutunun əsl mahiyyətindən xəbərləri yoxdur. Onun sözlərinə görə,  bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti keçirən orqanın hesabatında bələdiyyələrin  fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində ikinci yerdə dövlət mülkiyyəti olan torpaqlar üzərində sərəncam verilməsi, üçüncüsü isə kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsidir dayanır: "Demək ki, hələ bələdiyyələrin bir çoxu mülkiyyətlərində hansı torpaqların olub-olmamasını bilmir. Bu çox mənfi haldı. Yox, əgər bilərəkdən bu addımları atıblarsa, bu daha dəhşətlidir. Ona görə də bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Eyni zamanda belə vəziyyətdə vətəndaşın hüquqlarının müdafiəsinə daha böyük diqqət yetirmək lazımdır. Vətəndaş pulunu verib  torpaq alır, bələdiyyə onlara sənədləri verir o da gedib torpağında ev tikir, sonra bir gün deyirlər ki, bələdiyyə səhv edib, qanunsuzluq edib, o torpağı verə bilməz və həmin bələdiyyə qərarı bir çox hallarda məhkəmə tərəfindən də ləğv edilir. Bəs vətəndaş, o, neyləməlidir belə vəziyyətdə? O vətəndaş,bələdiyyə isə səlahiyyət sahibidir və bu prosesi o həyata keçirir  deyə gedib müraciət edib, sənədlərini alıb işini görür və bir gün məlum olur ki, bələdiyyə qanunsuzluq edib, o qərar ləğv edilir. Biz vətəndaşların mənafelərini qorumalıyıq. Belə hallar artınca bələdiyyəyə inam da azalır".  Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən  keçirən orqanın hesabatında daha sonra  deyilir ki, bələdiyyələrin fəaliyyətindəki pozuntular arasında birinci yerdə torpaq qanunvericiliyinin pozulması və bələdiyyə maliyyə vəsaitinin qanunsuz xərclənməsi dayanır: "Məsələn, elə təkcə bircə bələdiyyə, sənəddə də qeyd olunan Qobu bələdiyyəsi ilə bağlı qeyd olunur ki, 900 min manata yaxın pul vəsaiti qanunsuz silinib və satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 20 ha torpaq sahəsi satılıb. Sənəddə bu cür mənimsəmələrə yol verən bir xeyli belə bələdiyyənin adı çəkilir. Məsələn elə Qobuda bizim jurnalistlər yaşayır və daim oranın problemləri barədə yazırlar. 900 min manat Qobunun problemlərinin həlli üçün böyük vəsaitdir. Eləcə də digər bölgə və kəndlərin. Bu vəsaitin qanunsuz xərclənməsinə cavabdeh şəxslər işlərindən uzaqlaşdırılır, müəyyən məsuliyyətə cəlb olunur. Bəs həmin vəsait, onun taleyi necə olur? Odir ki, 900 min vəsaitdən nə qədər geri qaytarılıb, bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Çünki o vəsaitlərə bölgələrdə, kəndlərdə böyük ehtiyac var.  Mən də kənd rayonlarından birini təmsil edən millət vəkillərindən biriyəm. Yaxşı işləyən bələdiyyələrlə pis işləyən bələdiyyələri fərqləndirmək, yaxşı işləyən bələdiyyələrə dəstəyin artması lazımdır. Kənd bələdiyyələri tərəfindən 70-dən çox layihə təqdim olunub amma onlarla bağlı heç bir subvensiya verilməyib. Kənd üçün vacib konkret layihələr təqdim edən kənd bələdiyyələrinə vəsaitin ayrılması yaxşı olmazmı? Subvensiyalar məsələsinə yaxın gələcəkdə təkrar baxılacaqmı? Çünki kəndlərdə buna çox böyük ehtiyac var."  Deputat Elmira Axundova deyib ki, bələdiyyələr Azərbaycanda yeni institutdur, hələ də formalaşma dövrünü keçir. "Hərdən biz özümüz də, dövlət qurumu nümayəndələri də bələdiyyələrə birmənalı yanaşmırıq. Onlarla ünsiyyətdə hərdən inzibati metodlara üstünlük verilir, lakin başa düşməliyik ki, bizlərdən hər biri bələdiyyə üzvü ola bilərik. Həmin şəxslər də xalq arasından çıxmış insanlardır. Onlara xoş və isti münasibət, yeri gəldikdə dəstək biz tərəfdən olmalıdır. Lakin hərdən başqa mənzərə ilə rastlaşırıq, yəni əsassız müraciət və şikayətlər. Maşallah indi hamı savadlıdır, bizim əhali yazmağı yaxşı bacarır. Məruzədən göründüyü kimi, 2016-cı ildə 2187 müraciət daxil olub. Onları təhlil etdikdə görürük ki, cəmi 166 müraciət təmin edilib, 40-ı isə qismən təmin edilib. Qalanlara əsaslandırılmış cavab verilib.  Bu onu göstərir ki, şikayətlərin böyük hissəsi reallığı əks etdirmir və çox vaxt qanunvericiliyi bilməməsindən irəli gəlir. Öz deputatlıq təcrübəmdə də mən bunu görürəm. Məsələn, vətəndaşdan müraciət daxil olur ki, bələdiyyə torpaq vermir. Araşdıranda görürük ki, vaxtilə torpaq bölgüsü zamanı ailəyə torpaq verilib, amma övladlar böyüdüyü üçün onlar ayrı təsərrüfat qurmaq istəyirlər, ona görə də şikayət edirlər ki, bələdiyyə onlara pulsuz torpaq vermir. Belə olan hallarda vətəndaşa izah edirik ki, torpağı hərrac yolu ilə müəyyən edilmiş vəsaiti ödəməklə əldə edə bilər. Ya da, aydınlaşır ki, qonşu onun torpağını zəbt edib, o da bələdiyyəni fəaliyyətsiz olmaqda günahlandırır. Bu halda ərizəçiyə izah edirik ki, məhkəməyə müraciət etsin, çünki belə mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. Bu cür müraciətlər az deyil, bu da yerli əhalinin hüquqi məsələlərdə savadsızlığından irəli gəlir. Ona görə tövsiyə edərdim ki, Bələdiyyələrlə iş Mərkəzi seminar və digər maarifləndirici tədbirləri yerlərdə daha geniş tərkibdə, bələdiyyə üzvləri və əhalinin iştirakı ilə keçirsin. Bununla əlaqədar xahiş edərdim ki, keçirilən seminar və maarifləndirici kurslar təkcə Bakı və iri şəhərdə yox, eyni zamanda rayonlarda, kəndlərdə, bilavasitə əhalinin iştirakı ilə keçirilsin ki, onlar da öz hüquqi biliklərini artırsınlar". Deputat hesab edir ki, həm bələdiyyələrin, həm əhalinin ən ümdə problemi torpaq mülkiyyəti və vergi ödənişi mədəniyyətinin aşağı olmasıdır: "Ölkəmizdə həm torpağa münasibət köklü şəkildə dəyişməlidir, həm dövlət büdcəsinə ödəniləsi vergilər, ödəmələr mütləq olmalıdır, həm də ümumiyyətlə bələdiyyələrin həyatımızda rolu və dəyəri artmalıdır. Bunlar bir-birinə bağlı zəncirvari məsələlərdir. Və bütün bu məsələlər həll olunduqca yerli özünüidarəetmə orqanlarının səmərəliliyi də artacaq, bələdiyyələrin fəaliyyətində də gözəçarpan irəliləyiş müşahidə olunacaq".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR