Dağlıq Qarabağda hərbi vəziyyət elan edilə bilər

"Hərbi vəziyyət haqqında" qanun Qarabağın işğldan azad edilməsi üçün hüquqi baza rolunu oynayır

Milli Məclis "Hərbi vəziyyət haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edib. Qanun  Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. Sənədə əsasən Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, ölkəmizə qarşı real silahlı hücum təhlükəsi yarandıqda, ölkə ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda hərbi vəziyyət elan edilir. Bu vaxta qədər qüvvədə olan qanunvericiliyə görə, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir və Milli Məclis 72 saat ərzində bu məsələyə baxıb qərarını verir. Yeni qanunda isə bu müddətin 48 saata endirilməsi nəzərdə tutulur. Millət vəkili Tahir Kərimli bildirib ki, bu qanun Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi üçün hüquqi əsas yaradır:  "Ermənistandan başqa BMT və dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü şübhə alıtna almadığına görə Dağlıq Qarabağda hərbi vəziyyət elan edərək separatçılara qarşı əməliyyatlara başlamalıdır. Azərbaycan separatçıları işğal altında olan torpaqlardan çıxarmalı və ya buna məcbur etməlidir. Bu da mümkün deyilsə, separatçılar məhv edilməlidir. Ona görə də biz ATƏT-in Minsk Qrupu həmsədrlərini gözləməməliyik ki, nə zaman problemi həll edəcək?! Artıq ATƏT-in Minsk Qrupu bu problemi həll etməyəcək. ATƏT MQ həmsdər ölkələri Ermənistanın təcavüzkar cinayətinə şərikdirlər.Onların əsas məqsədi Azərbaycan torpaqlarını əbədi işğal altında saxlamaqdır". T.Kərimli onu da əlavə edib ki, əgər ermənilər bizim torpaqlarda ikinci dövlət qurmaq istəyirlərsə, biz də niyə irəvanda ikinci Azərbaycan dövləti yaratmayaq:"Bütün təzyiqklərə baxmayaraq biz bunu etməliyik. Biz nəinki İrəvanda, eyni zamanda digər tarixi torpaqlarımızda öz dövlətimzi yaratmaq barədə düşünməliyik. Kimsədən qorxmaq lazım deyil. ən azından bilməlidirlər ki, biz bu torpaqları yaddan çıxarmamışıq". Onun sözlərinə görə, ATƏT Minsk Qrupu yaradılanda, bu quruma Ermənistan-Azbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir il vaxt verilmişdi. Ancaq 25 il keçməsinə baxmayaraq bu problem həllini tapmayıb:"Azərbaycan BMT-yə üzv olan zaman Dağlıq Qarabağla birgə Azərbaycanın ərazi kimi tanınıb. Azərbaycan torpaqlarının işğalı ilə bağlı müvafiq qərarları var. Digər məqam isə ondan ibarətdir ki, BMT-nin təcavüzkarları tanımaqla bağlı müvafiq qanunları var və bu qanunlara əsasən BMT Ermənistan təcavüzkardır. Buna görə də BMT Ermənistana sanksiyalar tətbiq etməlidir". Millət vəkili Azay Quliyev isə bildirib ki,  qanun layihəsində QHT-lərin, ictimai birliklərin, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların olması əsaslıdır.Onun sözlərinə görə, "Hərbi vəziyyət haqqında" qanun layihəsinin maddəsində göstərilib ki, hərbi vəziyyət Konstitusiyaya uğun olaraq Azərbaycan ərazisində, ayrı-ayrı yerlərində tətbiq edilir: "Bu qanun layihəsinə hərbi sözündən sonra informasiya-yayım normaları ifadəsini də əlavə etməliyik. Çünki digər maddələrdə informasiyalarla bağlı xüsusi maddələr var. Bundan başqa, layihədə qeyd olunur ki, şəxslərin xüsusi icazə vərəqələrini ya da şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin yoxlanılması məqsədi ilə onların şəxsi əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirilə bilər, onları saxlamaq olar. Söhbət bundan gedir ki, həmin şəxslər kimlərdir? Biz sənədə  şübhəli şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması əlavə edə bilərik". Deputat Siyavuş Novruzov deyib ki, "Hərbi vəziyyət haqqında" qanuna əsasən hərbi vəziyyət elan olunan ərazidə siyasi partiyanın və digərlərinin fəaliyyətinin dayandırılması düzgün deyil: "Tutaq ki, hərbi vəziyyət elan olunub. Bakıda da həmin partiyanın rəhbərliyi başqa məsələ ilə əlaqədar mitinq keçirir. İndi dövlət oradakı hərbi vəziyyəti aparsın, yoxsa gəlib bunlarla məşğul olsun. O cümlədən, qanunda mətbuatla bağlı məsələ ilə də razılaşmıram. Hansısa rayon qəzetinin fəaliyyətini dayandırmaqla iş bitmir. Çünki orada gedən məlumatlar respublika əhəmiyyətli məlumatlardır. Amma məlumatlar respublikanın əsas mətbuat orqanlarında, eləcə də internet saytlarında gedir. Bu baxımdan məsələ ciddi şəkildə ortaya qoyulmalıdır. Hərbi vəziyyət adi qayda deyil ki, partiyalar arasında olan hər hansı narazılıqlar və ya qanun pozuntusuna görə məhkəməyə verib onun fəalıiyyətinin dayandırılması haqqında qərar qəbul edilsin. Hərbi vəziyyət elan edilən kimi bu məsələlər avtomatik olaraq dondurulmalıdır. Çünki bütün istiqamət ora yönəldilməlidir. Biz ərazimizin 20 faizi işğal altında olduğu üçün buna daha diqqətlə yanaşmalıyıq". S. Novruzov qeyd edib ki, ağır texnika sərhəddən xeyli aralıda yerləşdirilməlidir. Yəni sərhəd bölgəsində sərhəd qoşunları və onun texnikasından başqa əlavə texnika yerləşdirilə bilməz: "Düzür, Azərbaycan prezidenti hərbi vəziyyət zamanı öz tapşırıqlarını verir. Lakin buna qədər məsələlər də var ki, onlar həll olunmalıdır. Bir neçə il bundan qabaq qonşu dövlət bizim ərazinin 70 kilometrliyinə texnikasını yığmışdı. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bu texnikanın hanısa əsaslara uyğun şəkildə yerləşdirilməsinə dair məsələ qaldırdı. Məlum oldu ki texnikalar anti-terror əməliyyatına görə yerləşdirilib. Lakin onlara sübut olundu ki, heç bir anti terror əməliyyatına belə texnika ilə gedilmir. İkinci dünya müharibəsində Sovet ordusu öz təchizatını sərhədə yığıdığına görə, müharibənin ilk ayında 30 faiz texnikasını itirmişdi".  Milli Məclisin Müdafiə, təhlükəsizlik , korrupsiya ilə mübarizə komitəsindən verilən məlumata görə, "Hərbi vəziyyət haqqında" qanun layihəsinə 10-cu maddəsinə əsasən hərbi vəziyyət elan edildiyi zaman yalnız buna mane olan partiyaların fəaliyyətinin dayandırılmasının öz əksini tapıb: "Qalan hallarda partiyalar öz fəaliyyətini dayandırmayacaq. Heç bir əsas olmadan onların fəaliyyəti dayandırıla bilməz".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR