İdarəedilmənin təkmilləşdirilməsi istiqamətində müsbət addım

Artıq xeyli müddətdir ki, ölkədə köklü şəkildə islahatların həyata keçirilməsinə start verilib. Ötən müddət ərzində xüsusilə idarəetmə sahəsində həyata keçirilən islahatlar dövlət büdcəsindən əlavə xərclərin ayrılmasının qarşısını aldı ki, bu da hazırkı iqtisadi çətinlik dövründə mühüm əhəmiyyət kəsb edirdi. Ötən gün isə daha bir islahat reallaşdı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Sərəncamda da qeyd olunurdu ki, sözügedən islahat Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədi daşıyır.

Dövlət başçısının sərəncamı əsasında idarəetmə sahəsində həyata keçirilən islahat cəmiyyətdə birmənalı olaraq müsbət qarşılanır. Düzdür, bəziləri məsələnin mahiyyətinə varmadan Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək vahid bir nazirliyin yaradılmasını doğru hesab etməsə də, lakin bu sahə ilə yaxından məşğul olan ekspertlər həyata keçirilən islahatı məqbul hesab edirlər. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da deyir ki, Nəqliyyat Nazirliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək vahid bir nazirliyin yaradılmasından sonra verilən ən çox sual budur ki, niyə məhz bu iki nazirlik birləşdirildi və bunların bir-biri ilə əlaqəsi var?. Amma bu sualların sadə cavabı var: "Birincisi, müasir dövrdə söhbət artıq logistikadan gedir. Nəqliyyat 50-60 il qabaqkı kimi fəaliyyət göstərmir. Bu işdə müasir texnologiyalar əsasında informasiya dəstəyi və yüksək rabitə təminatı, son texnologiyalı nəzarət (müxtəlif xarakterli naviqasiya sistemləri və s.) olmasa, normal idaretmədən və fəaliyyətdən söhbət gedə bilməz. İkincisi, bu iki nazirliyin birləşdirilməsi ölkənin icra hakimiyyətini xeyli dərəcədə sadələşdirir". Ərşad Hüseynovun sözlərinə görə, görünür, nəqliyyat sahəsində illərdən bəri yığılıb qalan problemlərin real həlli üçün belə təşkilati-hüquqi variant daha məqbul sayılıb: "Ümid edək ki, nəhayət problemlərin həqiqi həllini də görəcəyik. Onu da diqqətə çatdırım ki, dünyanın hər bir qitəsində nəqliyyat və rabitə sektorunun eyni orqan tərəfindən idarə edilməsi təcrübəsi olan dövlətlər var. Bu sıraya Türkiyə, Avstriya, Norveç, Finlandiya, Peru, Çili, Oman, Qətər, Myanma və s. ölkələr daxildir".

İqtisadçı ekspert Qubad İbadoğlu isə bildirib ki, bu çoxdan gözlənilən bir qərar idi. İqtisadçı hesab edir ki, həyata keçirilən islahat iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirilə bilər: "Onsuz da Nəqliyat Nazirliyinin tənzimləyici səlahiyyətlərinin çoxu ondan alınmış və müxtəlif strukturlar arasında bölüşdürülmüşdür. Əslində Azərbaycan kimi kiçik nəqliyyat şəbəkələrinə malik olan ölkədə ayrı-ayrı sahələr üzrə dövlət şirkətlərinin müstəqil fəaliyyət göstərdiyi halda, belə bir nazirliyə ehtiyac da yox idi. Bu nazirlik tənzimləyici və kommersiya xarakterli fəaliyyətləri həyata keçirməklə büdcəyə əlavə yük idi. Onun mərkəzi aparatının saxlanılması və əmək haqqı xərcləri ayrılan büdcənin 80 faizindən çoxunu təşkil edirdi. Məlumat üçün qeyd edim ki, 2017-ci il üçün Nəqliyyat Nazirliyinə 2,62 milyon manat vəsait ayrılması nəzərdə tutulurdu. Belə olan halda bu istiqamətdə qərarların büdcə ili başlamamış və nazirliklərin büdcəsi bölüşdürülməmiş verilməsi daha məqsəduyğun olardı". Qubad İbadoğlu bildirib ki, iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi islahatları davam etməlidir: "Belə ki, bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sturkturuna 19 nazirlik, 9 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Beləliklə də Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 35-ə çatır. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, dövlət nazirliklərinin sayı İtalıyada 14, Almaniyada və Belçıkada 11, İspaniyada 9-dur. Birləşmiş Ştatlarda da nazirlik səviyyəsində olan 11 federal hökümət qurumu fəaliyyət göstərir. Həqiqətən də Azərbaycanda 19 nazirliyin olması dövlət idarəetmə xərclərinin optimallaşdırılmasının və idarəetmədə struktur islahatlarının aparılmasının potensialının yüksək olmasının göstərəcidir. Əslində Azərbaycan Nazirlər Kabineti Rusiya Federal höküməti təkrarladığından ölkədə şişman dövlət idarəetmə aparatı yaranıb. Fikrimizcə, bu istiqamətdə aparılmalı olan islahatların birinci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər. Bunlar Müdafiə, Daxili İşlər, Ədliyyə, Xarici İşlər, Maliyyə, İqtisadiyyat, Kənd təsərrüfatı və ərzaq, Səhiyyə, Təhsil və Rifah, Sənaye, Elm və Texnologiyalar, Nəqliyyat və Rabitə , Vergi və rüsumların tənzimlənməsi, eləcə də Əmək Nazirliyi ola bilər.Hesab edirəm ki, bu il martın əvvəlində hökümət parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR