Köklü islahatların anonsu

Prezidentin qətiyyətli mövqeyi Azərbaycanda hərtərəfli dinamik inkişafın qarantıdır

2015-ci ilin sonlarından qlobal səviyyədə baş verən iqtisadi və maliyyə problemləri hər bir ölkədə siyasi, iqtisadi, xüsusilə də idarəetmə sahəsində islahatların həyata keçirilməsini zərurətə çevirdi. Təbii ki, Azərbaycan da qlobal məkanın bir parçası olduğu üçün islahatlar ölkəmizdən də yan keçmədi. Keçən ilin sentyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi bu islahatların startı demək idi. Həmin referendum öz-özlüyündə siyasi mahiyyət daşısa da, ancaq eyni zamanda islahatlar iqtisadi, idarəetmıə sahələrini də özündə ehtiva edirdi. Elə ötən müddət ərzində həyata keçirilən tədbirlər bunu bir daha sübuta yetirir. Bu günlərdə isə idarəetmə sahəsində daha bir köklü islahat reallaşdırıldı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Dövlət başçısının məlum sərəncamı bir daha onu deməyə əsas verir ki, artıq uzun müddətdən bəri söylənilən radikal islahatlara start verilib ki, bu da, gözlənən kimi, struktur dəyişikliyi ilə başlayır.

Ölkədə həyata keçirilən bu kimi islahatlar birmənalı olaraq müsbət qiymətləndirilir. Ortaya qoyulan ümumi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının daxili siyasi nizamının yeni istiqamətləri artıq formalaşmaqdadır. Hakim Yeni Azərbaycan Partiyasının üzvü Murad Ağamiyevin qənaətincə, bu sahədə potensial inkişafın hər ötən gün daha da sürətlənməsi bir daha sübut edir ki, regional idarəetmə və yerli özünüidarəetmə orqanlarında köklü formada islahatlara start verilib: "Sözsüz ki, bu tendensiya belə templə davam edəcəyi təqdirdə vətəndaş-hökumət münasibətlərinin ən unikal variantı yaranmış olacaq. Cənab Prezident sözsüz ki, 26 sentyabrdan sonra əsaslı dəyişikliklərin təməlini qoydu. Beləliklə biz gənclər çox ümidliyik ki, aparılan daxili strategiyanın yeni koordinantları bizim önümüzdə dayanmış süni, anti-demokratik barielləri məhv edəcəkdir. Demokratik azadlıqların, insan hüquq və azadlıqlarının əsas hissəsi olan "Əgər seçirsə, həm də seçilmək hüququ olmalıdır`` prinsipinin Şərqdə ilk dəfə, hətta Türkiyədən öncə belə tətbiq edilməsi qeyd etdiklərimin bariz bir nümunəsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, əziləri konstitusiyalara edilən əlavə və dəyişiklikləri demokratiyanın heçə sayılması kimi şərh edir. Diqqətlə baxsanız o şəxslərin özləri demokrat deyillər. Demokratik prinsipləri əsas tutan şəxs heç bir zaman azad seçmək hüququ olan birinin, həmçinin də seçilmək hüququ olduğunu inkar etməz. İndi müxtəlif bəhanələr gətirirlər. Ali təhsil və ya hərbi xidmətlə bağlı bəhanələr. Milli iradə və qətiyyət idarəetmə kürsüsündə 18 yaşı tamam olmuş bir gənci görmək istəyirsə, o zaman bu qeyri-şərtsiz təmin edilməlidir. Qoyulmuş və tətbiq edilən köhnəlmiş steriotiplər milli iradə qarşısında sıradan çıxmağa məhkumdur. Hərbi xidmət isə hər bir şəxsin vətən qarşısında borcu, öhdəliyi kimi qəbul edilib. Bəziləri vətənə silahla xidmət edirsə, bəziləri də öz qələmləri ilə xidmət etməlidir. Tarix bunun üçün canlı sübutdur ki, vətənə qələmi ilə elə xidmət edənlər olub ki, silahla vətənə xidmət minlərlə adamın missiyasını icra edib. Özü də biz indi bir dövrdə yaşayırıq ki, bu informasiya müharibəsi əsridir. Deməli xalqlar arasında sülh və dostluq yaranır, geosiyasi münasibətlər keçən əsrdən fərqli olaraq danışıqlar yolları ilə qurulur. Artıq strategiya müharibəsi qızışıb. Heç kim unutmasın ki, demokratiya sözünün hərfi mənası ``Xalqın hakimiyyəti`` deməkdir. Özünü demokrat adlandırıb, bunu dananlar tarixin tozlu səhifələrinə qərq olacaqlar. Bunun üçün bir az vaxt tələb edilsə belə". Hakim partiya üzvü deyib ki, Cənab Prezidentin qətiyyətli mövqeyi Azərbaycanda hər tərəfli dinamik inkişafın qarantıdır: "Biz ``Heydərçi`` demokrat gənclər hər zaman bu siyasi kursun arxasınca getməyə və sədaqətli xidmət göstərməyə hazır olmuşuq. Ölkə başçısı ilə gənclərin belə həmrəy mövqeyi gələcək üçün böyük prespektivlər vəd edir".

Hüquqşünas İlqar Altay da deyir ki, Azərbaycan ciddi dəyişikllər həddinə yaxınlaşıb: "Özü də çox yaxın vaxtda, gecikdirilmədən, radikal və kökündən islahatlar formasında həyata keçirilməsi ilə. Bu vacib məsələ artıq zaman və şəraitin tələbi həddinə yetişib. Bu tələbi də yaradan 3 əsas, ciddi, güclü amil var. Birincisi, dünyada güclü iqtisadi və siyasi böhranla bağlı gedən qlobal və hərtərəfli dəyişikliklər axını və ölkənin bu axından geri və kənarda qalmaması, ikincisi, son dövrlər maliyyə-iqtisadi böhranın ortaya çıxardığı idarəçilikdəki bəzi məmur qüsurları, üçüncüsü, sösial-iqtisadi böhranı daha rahat və ağrısız adlamaq imkan və resurslaımız olduğu halda korrupsiya, oliqarxiya və kriminal mənimsəmələr, pozuntular hesabına bunun istənilən səviyyədə olmaması". İlqar Altay diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, regionların 2014-2018-ci illərdəki sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunları konfransındakı çıxışı və orada nazir və rayon icra başçılarına kəskin tələbli iradları, bir sıra dövlət rəhbərliyinin nümayəndələri, hökumət rəhbərliyi rəsmiləri, nazir, deputatların çıxış və bəyanatları da, köklü dəyişikliyə başlanmasının anonsunu verir: "Və bütün bu iradlı bəyanatlar da, icra başçıları və digər sahələr üzrə məmurlara yönəlir. O da hiss olunur ki, bu dəfəki dəyişikliklər heç də kosmetik format ilə bitməyəcək. İslahatların əsas istiqamətinə gəldikdə isə, siyasi, ictimai, inzibati, iqtisadi və sosial, s. sahələrdə gözlənilir. İnsan hüquq və azadlıqlarından tutmuş azad ticarətə, vətəndaşlara qarşı məmur özbaşınalığının əksinə məmur dəstəyilə əvəzlənməsinə qədər, yeni sağlam yaşam, işgüzar mühit və ölkə inkişafına tam yaşıl işıq yandırılması gözlənilir. Bunların isə hamısı, yalnız yuxarıdan yaranan siyasi iradə, oradan da başlanan ciddi struktur və kadr dəyişikliyinə bağlıdır. Elə qətiyyətli dəyişiklik ki, onun dalğası ölkənin hər tərəfinə və bütün ucqar nöqtələrə, məmur-vətəndaş münasibətlərinə yetişə bilsin". Hüquqşünas onu da diqqətə çatdırıb ki, bütün bu müsbət dəyişiklikləri, köklü islahatları bir mühüm təminatsız həyata keçirmək mümkünsüz olar ki, o da ölkənin xarici və daxili təhlükəsizliyidir: "Dövlətə və xalqın birliyinə qarşı təhdidlərin, təxribatların, digər pozuçu - dini ekstremizm, terror kimi faktorların qarşısının anında alınmasıdır. Ölkədə tam sabit inkişaf üçün, tam sabit və təhlükəsiz şəraitin olmasıdır".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR