Milli Məclis Fransua Ollanda etiraz etdi

O, Dağlıq Qarabağdakı separatçılara dəstəyini ifadə edib

Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda cari məslələr üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məslələri qaldırıblar. Millət vəkili,  ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bildirib ki, Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər qəbuledilməzdir: "Fransa prezidenti erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyin etməyin əsas prinsip olduğunu bildirib. Bununla da o, Ermənistanın tezisini təkrarlayıb. Təəssüflər olsun ki, Fransa prezidenti bir az da qabağa gedərək Ermənistan-Azərbaycan prezidentlərinin görüşünü də təşkil edəcəyini bildirib. Fransua Olland faktiki olaraq Ermənistana dəstəyini ifadə edib". Azay Quliyev vurğulayıb ki, bu, yolverilməzdir. O, xatırladıb ki, Fransa bununla Dağlıq Qarabağdakı separatçılara dəstəyini ifadə edib: "Heç kim düşünməsin ki, Fransa prezidentinin səlahiyyətlərinin bitməsinə 2 ay qalmış müddətdə belə bəyanat verməsi ermənilərin könlünü almaq məqsədi daşıyır. Əsla belə deyil. Fransanın həyata keçirdiyi siyasət birmənalı şəkildə həmişə erməniləri dəstəkləməkdən ibarət olub. Təkcə  statistyikaya baxsaq görərik ki, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri daha çox Fransa vətəndaşları ediblər. Bugünkü separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə də, bu, bizi kifayət qədər narahat edir. Fransanın beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə açıq şəkildə hörmətsizlik etməsi cavabsız qalmamalıdır. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması elə da sadə prosedur deyil. Fransanın mövqeyinə görə diplomatik addımlar atılmalıdır. Ən azından Fransaya etiraz notası göndərilməlidir. Bizim Xarici İşlər Nazirliyi məsələyə adekvat cavab verməlidir". Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, Fransua Ollandın çıxışı tam tərkibdə verilməyib:"Bəzi mətbuat orqanları erməni mediasından götürüb çıxışı veriblər. Ermənilər isə o çıxışı təhrif ediblər.  Ancaq sizinlə razıyam ki, Madrid prinsiplərinə istinad edərək deyib ki, xalqlar öz müqəddəratını təyin etməlidir".

"Yerevanın rəhbərliyi istəyərsə, Azərbaycanın quberniyası olsun"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı dediyi sözlərə münasibət bildirib: "Bu fikirlərin Xocalı soyqırımın 25 illiyi ərəfəsində deyilməsi qəbul edilməzdir.Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ermənistan qondarma bir dövlətdir. Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Ermənistanın 95 faiz əhalisi azərbaycanlı olub. Əgər Yerevanın rəhbərliyi istəyərsə, qoy Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun". Komitə sədri fikirlərinin Jirinovskiyə də çatması üçüm səsləndirdiyi bəyənatı rus dilində də təkrar edib. S.Seyidov əlavə edib ki, Prezident İlham Əliyev Brüsselə səfər etdi, bəzi görüşlər keçirdi: "Bu uğurlar bəzi dairələri narahat etməyə başladı. Bəzi şəxslər Avropa Parlamentidə təxribata əl atıblar. Orada bir neçə deputat Azərbaycanla bağlı müzakirələr təşkil etməyə çalışdılar. Amma onların məqsədi həyata keçmədi. Həmin iki şəxsin etdiyi Avropa Parlamentinin tarixində utanc kimi yadda qaldı".Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Ermənistandan sığınacaq alan Şahin Mirzəyevin məsələsinə toxunub. Deputat bu addımı vətənə xəyanət kimi qiymətləndirib: "Şahin Mirzəyev bir zaman Azərbaycanda prezident seçkiləri keçirilən ərəfədə dərnək səviyyəsində olan bir qurumun - Milli Şuranın üzvü idi. O, həmin qurumun bir növ ruporuna çevrilmişdi. İndi baxın, belə xəyanətkarları öz sıralarına cəlb edən qurumunnümayəndələri ölkəyə rəhbərlik etmək iddiasında idilər. Bu da onların bir daha xəyanətkar olmasının sübutudur".

"Bəzi işbazlar hökumətin fəaliyətinə maneə olur"

Deputat Əli Məsimli isə iş adamlarının sünii şəkildə qiymət artırmasından danışıb. Bildirib ki, bəzi işbazlar ölkədə manatın mövqeyinin möhkəmlənməsinə baxmayaraq qiyməti artırmaqla hökumətin həyata keçirdiyi siyasətə mane olurlar. Onun sözlərinə görə, son dövlərdə manatın dollara nisbətdə mövqeyinin möhkəmlənməsinə baxmayaraq ölkədə qiymət artımı davam edir: "2016-ci ildə əməkhaqqları 7% artsa da, infiyasiya 12%, qiymətlər isə 15%-dən artıq olub.Buna görə də Azərbaycan hökumətinin 2017-ci ildə inflyasiyanı 7% ətrafında götürməsi düzgündür. Ancaq bəzi işbazlar Azərbaycan hökumətinin müəyyən etdiyi bir qaydanı pozmaqda davam edirlər. Yəni bu işbazlar hökumətin müəyyən etdiyi infiyasiya qaydalarını pozurlar". Deputatın sözlərinə görə, yumurtadan başqa digər bütün istehlak məhsullarının qiymətində artım müşahidə olunur:"Bununla da əhalidə narazılıq yaradırlar. Bu qiymət artımı isə hökumətin hədəfinə çatmasına imkan vermir". Parlament üzvü  bildirib ki, aidiyyatı qurumlar məsələyə diqqət yetirib belə halların qarşısını almalıdır: "Axı niyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır. Bu işbazlar vətəndaşın pensiyasının və əməkhaqqısının müəyyən dərəcədə artdığını bilərək,  qiymət qaldırmaqla onların əlindən gəlirlərini alır. Buna yol vermək olamz. Əgər aidiyyatı qurumlar müdrikcəsinə bu prosesə susaraq, hansısa addımlar atmırlarsa, deməli onlarla bu məsuliyyəti bölüşür. Həmin işbazların əməllərinin iştirakçısına çevrilmiş olurlar".

"Bələdiyyələrin sayı və tərkibi azaldılsın"

Sonra ədliyyə nazirinin müavini  Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim edib. Bildirib ki, 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə, il ərzində mərkəzə 2320 müraciət daxil olub. Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Bu müraciətlərin 538-i torpaq sahələrinin ayrılmamasını, 145-i torpaq sahələrinin sənədləşdirilməməsini, 557-si torpaq mübahisələrini əhatə edib. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-ı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb.  3 halda kiçik maliyyə pozuntusu aşkarlanıb ki, bu zaman vurulan ziyanın da ödənilməsi təmin edilib. Müraciətlər üzrə 18 fakt üzrə ciddi pozuntu aşkarlanıb və bu barədə materiallara hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə, il ərzində istintaq orqanlarına 58 material göndərilib. Millət vəkili, parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bələdiyyələrin inkişafını təmin etmək lazımdır və məhkəmə qərarları icra olunmalıdır:"Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki?" A.Rəhimzadə qeyd edib ki, dələdiyyələrə subvensiyalar ayrılmalıdır: "Dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmır. Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir". Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təklif edib ki, Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı və tərkibi azaldılsın: "Kiçik kəndləri bir bələdiyyədə birləşdirmək mümkündür. Dünya praktikasında da belə təcrübələr var. Qanunla bələdiyyələrə kifayət qədər status verilib. Lakin indi bələdiyyələrin fəaliyyətlərinin istiqamətləndirilməməsi üçün tövsiyələr verilməlidir və bunlar yerinə yetirilməlidir. Bələdiyyələr haqda elə fikir formalaşıb ki, guya bələdiyyələr torpaq alveriylə məşğul olmalıdır. Bir sıra kənd təsərrüfatına yararlı torpaqlar var ki, bunlar bələdiyyələr vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən mənimsənilib. Bu təəssüfləndirici haldır. Qanunvericiliyə uyğun bələdiyyələrin fəaliyyət mexanizmləri qurulmalıdır". Sonra deputatlar gündəlikdə duran məsələlərin müzakirəsini davam etdiriblər.

 Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR