Vəkil: "Lapşinin indiki halda başqa ölkəyə ekstradisiyası mümkün deyil"

Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş bloqer Aleksandr Lapşinin indiki mərhələdə vətəndaşı olduğu ölkələrdən birinə ekstradisiya edilməsi mümkün deyil. Bu barədə A.Lapşinin vəkili Səfər Hüseynov məlumat verib. O bildirib ki, A.Lapşinlə bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir: "Hələlik istintaq gedir. İstintaq yekunlaşandan sonra Lapşin məhkəmə qarşısına çıxarılmalıdır. Məhkəmə hökmü olandan sonra onun vətəndaşı olduğu ölkələrdən birinə verilməsi ilə bağlı məsələyə baxıla bilər. Məhkəmə hökmünə qədər Lapşin heç bir ölkəyə ekstradisiya edilə bilməz".

Vəkil qeyd edib ki, hələlik Lapşinin ailə üzvləri ona müraciət etməyiblər:

"Ailəsi görüş üçün səfirliyə müraciət etməlidir. Bu müraciətdən sonra səfirliyin vasitəsilə ailə üzvləri mənə müraciət edə bilərlər. Mənə hələ bu barədə heç kim müraciət etməyib. Ailə üzvləri Lapşinlə mənim vasitəmlə görüşə bilərlər".

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

Təqsirləndirilən şəxs A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycana ekstradisiya olunduqdan dərhal sonra - fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycandakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib.

Fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

A.Lapşin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR