Ollandın erməni sevgisi

Yaxud Sərkisyanın Parisə dəvət edilməsinin pərdəarxası məqamları

Vəzifəsi ilə vidalaşmaq ərəfəsində olan Fransa prezidenti Fransua Olland Yenisey sarayında keçirəcəyi təhvil-təslim günlərində belə erməni sevgisini gizlədə bilməyib. Hakimiyyəti dövründə Fransaya yalnız problemlər gətirən Olland ölkəsinin üzləşdiyi çətinlikləri yoluna qoya bilmədiyi halda, prezidentlik postundan getmək ərəfəsində heç bir təsiri ola bilməyəcək məsələlərin həllinə girişib. Daha dəqiq desək pərçim etməyə çalışıb. Hər halda Ollandın işğalçı ölkənin prezidenti Serj Sərkisyanı mart ayında Fransaya dəvət etməsi belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi martın 8-də Ermənistan prezidenti Fransanın hazırkı dövlət katibi Ollandın dəvəti ilə Parisdə səfərdə olacaq. Səfərin məqsədi barədə yerli mətbuata verdiyi açıqlamada Olland bildirib ki, guya son vaxtlar Azərbaycan-Ermənistan cəbhə xəttində artan atəşkəs və əsgər ölümlərindən bərk narahatdır. Ona görə erməni həmkarı Sərkisyanla görüşməyi məsləhət bilib. Bu fikirlərinin arxasınca isə Olland yenə də erməni sevgisini ortaya qoyaraq qeyd edib ki, "Qarabağın erməni "xalqının" öz müqəddaəratını təyin etmək hüququ var. Amma ortada olan reallıq ondan ibarətdir ki, Fransua Ollandı heç də narahat edən məhz cəbhə xəttindəki əsgər ölümü deyil. Əgər Ollandı doğurdan da əsgər ölümü düşündürsəydi, prezident olduğu müddətdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi səylər göstərər, işğalçı Ermənistana öz aqressiv siyastini dayandırmaq barədə təzyiq göstərərdi. Nədən ki, Ermənistan Rusiyanın forpostu olmaqla yanaşı, sabiq Fransa prezidenti Nikola Sarkozinin təbirincə desək həm də bu ölkənin kiçik bacısıdır. Bəs görəsən indiki halda Fransua Ollandı ciddi narahat edən məqam nədir ki, erməni həmkarını hakimiyyətlə vidalaşmaq ərəfəsində Parisə çağırır?

Birincisi, Fransua Olland Ermənistann könlünü almağa çalışır. Nədən ki, bir müdət əvvəl Fransa Senatı qondarma erməni soyqırımını tanımamağa görə, cinayət məsuliyyətini nəzərdə tutan qanunnu ləğv edib. Fransız parlamentarilərinin bu qərarı ermənilərdə, xüsusilə bu ölkədə fəaliyyət göstərən erməni lobbisində ciddi etiraz yaradıb. Ona görə də Olland Serj Sərkisyanı Parisə çağırmaqla ermənilərlə həmrəy olduğu görüntüsü yaratmağa çalışır.

İkincisi, Olland prezident postunu təhvil verdikdən sonrakı dönəmə hazırlaşır. Bu birmənalıdır ki, Fransua Olland Yenisey Sarayını tərk etdikdən sonra əhəmiyyətsiz bir siyasi fiqura çevriləcək. Çünki hakimiyyəti dövründə heç bir siyasi uğura imza ata bilməyən Ollanda bundan sonra da Fransadakı heç bir siyasi qüvvə stavka etməyəcək. Ona görə də yeganə çıxış yolu ermənilərlə daha sıx münasibətlər qurmaqdır. Konkret olaraq indiki məqamda Fransua Olland Sərkisyan vasitəsilə erməni lobbisinin əsas fiquruna çevrilmək istəyir.

Nəhayət, üçüncü amil, Ollandın yenidən prezident seçkiləri mübarizəsinə qatılması ehtimalı ilə bağlıdır. Düzdür, hazırkı prezident növbəti seçkilərdə namizəd olmayacağını açıqlasa da, lakin tez-tez mövqe dəyişikliyinə yol verən Ollandın bu dəfə də eyni addımı atıb qarşıdakı prezdient seçkilərində mübarizə aparacağı istisna da edilmir. Belə bir şəraitdə isə ona güclü maliyyə vəsaiti lazım gələcək ki, Ollandın qənaətincə həmin maliyyə mənbəyi də məhz erməni lobbisi ola bilər. Bir sözlə Fransa prezidenti erməni lobbisinə arxalanaraq növbəti seçki mübarizəsinə qoşulmaq barədə də düşünür. Elə Serj Sərkisyanın Parisə dəvət edilməsinin də arxasında məhz bu məqsəd dayanır. Olland-Sərkisyan görüşündə sözügedən məsələ barədə ümumi razılıq əldə edilsə, o halda Fransua Olland verdiyi vədə xilaf çıxaraq qarşıdan gələn seçki mübarizəsinə qatıla bilər. Amma Ollandın siyasi savadsızlığı bu məsələdə də özünü göstərir desək yanılmarıq. Çünki erməni lobbisi artıq əvvəlki kimi Serj Sərkisyanı rəğbət bəsləmir. Hətta bir sıra ölkələrdə, eləcə də Fransada fəaliyyət göstərən bəzi erməni lobbi təşkilatları Sərkisyanın hakimiyyətdən tamamilə uzaqlaşdırılımasında maraqlıdırlar. Xüsusilə, keçən ilin aprel hadisələrindən sonra bu ab-hava daha da artıb. Ona görə də Ollandın Sərkisyanın əli ilə erməni lobbisinin dəstəyini qazana biləcəyi inandırıcı görünmür.

Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, Olland və Sərkisyanın martın 8-də baş tutacaq Paris görüşü yalnız və yalnız bayram təbrikləri ilə yadda qalacaq.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR