Prezident iradlarında haqlıdır

Deputat: "Banklar istehsal sektorunun inkişaf etdirilməsinə səy göstərmirlər"
 

Ötən il dünyada baş verən iqtisadi geriləmə ayrı-ayrı ölkələrdə özünü müxtəlif cür büruzə verdi. Belə ki, bəzi ölkələrdə həyata keçirilən pul-kredit siyasətinin yanlış olduğu üzə çıxdı, bəzilərinin isə aqrar və sənaye kimi sahələrdə islahatlara ehtiyac olduğu bəlli oldu. Təbii ki, dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycan da belə təsirlərin qarşısını almaq məqsədilə iqtisadi islahatlar siyasətini yürütdü. İnsafən desək, iqtisadi proseslərə yeni yanaşma mücbət nəticələrini də vermiş oldu. Ancaq hələ ki, dünyada baş verən qlobal maliyyə böhranı başa çatmadığından bu siyasəti davam etdirmək zərurəti yaranır. Qarşıda görüləcək işlərdən biri də ölkənin bank sektoru il bağlıdır. Belə ki, bu sektorun sistemləşdirilməsi, sözün tam mənasında işlək vəziyyətə gətirilməsi ilə ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək mümkündür. Təəssüf ki, hələ də bank sektorunda istənilən nəticələr əldə etməək mümkün olmayıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı yekun nitqində iqtisadiyyatımızın hazırkı mərhələsinin çox ciddi bir probleminə toxunaraq bildirdi ki, ötən il ölkə iqtisadiyyatına ən böyük zərbə vuran bank sektoru olub: "Bank sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq". Dövlət başçısı bildirib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb: "Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq". Yeri gəlmişkən qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr ayları üzrə respublika üzrə kredit qoyuluşunun həcmi 16.2 milyard manat olub. Mərkəzi Bankdan bildirilib ki, ilin əvvəli ilə müayisədə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 25.1 faiz azalıb. Problemli kreditlərin həcmi isə 1.4 milyard manat olmaqla, kredit portfelinin 9 faizni təşkil edib. Bu göstəricini isə ölkənin bank sektorunun tarixində ən yüksək hədd hesab etmək olar. Məhz bunun nəticəsidir ki, banklar ölkə iqtisadiyyatındakı rolunu itirməklə yanaşı, insanların da etibarını qazana bilmir. 
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, dövlət başçısı bank sekoru ilə bağlı səsləndirdiyi iradlarında haqlıdır: " Bu, doğrudan da belədir. Son illər, xüsusən də, 2015-ci ilin fevralından başlayaraq bizə olan müraciətlərin də xeyli hissəsi bank sahəsi ilə bağlıdır". Onun sözlərinə görə, neçə illərdir ki, Milli Məclisdə və mətbuatda davamlı olaraq bank sistemində yaranmış vəziyyətin, iqtisadiyyatımızın inkişafına və həyata keçirilən islahatlar yolunda ciddi maneyə çevrilməsi, əksər bankların tətbiq etdikləri faizlərin soyğunçu xarakter daşıması və istehsalın inkişafı üçün yararsız olduğu, bankların istehsal sektorunun inkişaf etdirilməsinə səy göstərməmələri, əhalini müxtəlif üsullarla aldatmaları və sair barədə çoxsaylı çıxışlar edilir: "Doğrudur, ötən il maliyyə sisteminin islahatları istiqamətində bir sıra addımlar atıldı. Amma real nəticələri az oldu. Bank sahəsində problemlərin həllini sürətləndirməkdən ötrü maliyyə-bank sisteminin islahatları və sağlamlaşdırılmasına dair məqsədli proqram hazirlanıb həyat keçirilməli, həmin proqram əsasında bank sistemində köklü islahatlar getməlidir. Bu sistem müasir tələblər səviyyəsində sağlamlaşdırılmalı, bank sektorunun təmizlənməsi, şəffaflaşdırılması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində zəruri tədbirlər həyat keçirilməlidir. Maliyyə-bank sisteminin sağlaşlaşdırlması istiqamətində hazırda görülən işlərə sistem xarakteri verilməli bu proses davam etdirilməlidir". Ə.Məsimlinin fikrincə, hazırkı dövrün çağırışları əsasında demək olar ki, sistemli islahatlar əsasında maliyyə sisteminin sağlamlaşdırılmasına nail olunmalı və bank sektoru real sektorun inkişafı yolundakı maneədən bu sahənin inkişafında yaxından işitrak edən instituta çevrilməlidir: "Bu istiqamətdə həlli vacib olan məsələrdən biri də dollarla olan kreditlərlə bağlı problemin həllidin sürətləndirilməsidir. Biz maliyyə sağlamlaşdırılması, o cümlədən dollarla olan kreditlər probleminin həllinə dair deputat həmkarım Vahid Əhmədovla birlikdə Azərbaycanda maliyyə sabitliyi, maliyyə-bank sektorunun inkişafı, real sektorun maliyyə təminatının səmərəliliyinin artırılması, eləcə də manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınmasına yönəlik təkliflər hazırlayıb aidiyyatı orqanlara təqdim etsək də, reallaşması gecikir. Çünki 2015-ci ilin iki şok devalvasiyasından sonra yaranmış qeyri-müəyyənliklərlə bağlı həm əhali, həm xeyli sahibkar, həm də bankların da xeyli hissəsi ağır duruma düşüb. Problemin həlli bundan sonra da uzansa, həmin uzanan zamana proporsional surətdə həm əhalinin, həm də bankların vəziyyəti daha da pisləşə bilər". Millət vəkili deyib ki, əhalinin əhəmiyyətli bir hissəsi yeni təkliflər əsasında borclarını qaytarmağa razıdır: "Bir müddətdən sonra isə əhalinin əlində borclarını qaytarmaq üçün pul qalmayacaq və banklar indiki üsullarla borcların yalnız cüzi bir hissəsini yığa biləcəklər. Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yarada bilər".Millət vəkili hesab edir ki, vəziyətdən çıxış yolu kimi dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər: "Dollarla krediti olanların probleminin optimal həlli bank sahəsindəki bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həllinin sürətləndirilməsi həm dövlət, həm banklar, həm sahibkarlar, həm də əhali üçün sərfəlidir".

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR