Rusiya odla oynayır...

Son vaxtlar Rusiyanın Azərbaycana təzyiqləri artıb. Azərbaycanı müstəqillik kursunda döndərmək və yenidən öz təsir dairəsinə salmaq istəyən Moskva cürbəcür mürtəce layihələrlə çıxış edir. Tərslikdən beynəlxalq birlik də Rusiyanın Cənubi Qafqazdakı iddialarına göz yumur. Başı  Suriyadakı rejimin devrilməsinə qarışmış Qərb sanki Cənubi Qafqazı Rusiyaya güzəştə getmiş kimi görünür. Moskva isə fürsətə verməyərək keçmiş SSRİ respublikalarını öz təsir dairəsinə salmağa çalışır.  Gürcüstandakı uğurundan sonra iştahlanmış Moskva Bakını sözəbaxan tərəfdaşa çevirmək istəyir. Moskvada Azərbaycan diasporunun parçalanmasına yönəlik yeni qurumun yaranması Kremlin bəd niyyətindən xəbər verirdi. Rusiyanın Azərbaycanda yaşayan etnik qruplarla işləmək cəhdi isə artıq Kremlin olduqca təhlükəli bir oyuna girişdiyini göstərir. Xatırladaq ki, ötən ay Moskvada  "Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları" adlı I beynəlxalq konfrans keçirilib. Konfransda  Moskvada fəaliyyət göstərən ləzgi və avar cəmiyyətlərinin rəhbərləri və fəalları, erməni və ermənipərəst rus ziyalıları "Azərbaycanda ləzgilərin və avarların hüquqlarının pozulduğunu" iddia ediblər və onlara müəyyən çərçivədə "muxtariyyət verilməsini" tələb ediblər. Toplantıda qərara alınıb ki, Rusiyanın Qusar, Qəbələ və Zaqatala rayonlarında konsulluqları açılsın, Rusiyanın Azərbaycandakı səfirliyində ləzgi və avarların hüquqları üzrə müşavirlik fəaliyyət göstərsin. Bu artıq Rusiyanın çar dövründəki kimi xalqlar arasında qızışdırıcı siyasət başlamasına işarədir. Rusiyanın ölkəmizdəki səfiri də özünü Qafqaz sərdarı kimi aparmağa başlayıb. Səfir Vladimir Doroxin 12 nəfərlik nümayəndə heyəti ilə Zaqatalaya  səfər edib.  Onu rayondakı restoranların birində o, Balakən rayon sakini, əvvəllər "Avar" cəmiyyətinin sədri olmuş Məmməd İsayev, Zaqatalada yaşayan, milliyyətcə saxur olan Mübariz İsmayılov, Dağıstanda nəşr olunan və Azərbaycana qarşı yazıları ilə məşhur olan "Nur" qəzetinin əməkdaşı Şərif Şamxalov, rayon və bölgə səviyyəli ictimai tədbirlərdə xüsusi fəallıq göstərən və separatçı kimi tanınan, milliyyətcə avar Əyyub Canqayev görüşüb. Kreml bu arada Moskvava fəaliyyət göstərən talış separatçılarını da fəallaşdırıb. Onlar sosial şəbəkələrdə, Rusiyanın imperiyapərəst dairələrinin maliyyələşdirdiyi saytlarda Azərbaycanın milli birliyi əleyhinə təbliğat aparırlar. Rusiyanın "Milyarderlər ittifaqı"nın əli ilə Azərbaycanda cəmiyyəti parçalaması, ciddi müxalifət formalaşdırması real görünmür. Çünki sözügedən milyarderlərin əksəriyyəti (məsələn, Söyün Sadıxov, Telman İsmayılov və s.) Azərbaycanda ciddi qəbul olunmurlar. Kreml bu adamların əli ilə yalnız Rusiyadakı diaspora arasında bölücülük yarada bilər. Amma etnik azlıqlar məsələsində Rusiya texnoloqları yanılırlar. Rusiya federativ dövlətdir. RF-də onlarla muxtar qurum var. Moskvanın, Sankt-Peterburqun özündə yüzlərlə xalq yaşayır. Rusiya etnik məsələdə ehtiyatlı olmalıdır. Kreml texnoloqları unutmamalıdır ki, Rusiya çeçen münaqişəsindən yenicə qurtulub. Tatarıstan və Başqırdıstanda xalqın milli şüurunun oyanışı prosesi sürətlənib, ara-sıra müstəqillik meylləri hiss edilir. Ötən il tatar gənclər təşkilatlarından biri Tatarıstanın müstəqilliyinin tanınması ilə bağlı BMT-yə müraciət etmişdi. Çeçenistanda Moskvaya sərf edən hakimiyyət qurulsa da dağ çeçenləri hələ də mübarizəni davam etdirirlər. Rusiyada mərkəzi hakimiyyət zəifləyən kimi Şimali Qafqazda separatçı hərəkat yenidən başlayacaq. Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərdə həssas nöqtəyə vuran Kreml texnoloqları nəzərə almırlar ki, bu bumeranq effekti verərək Rusiyanın öz daxilinə keçə bilər. Azərbaycanda "Sadval" zehniyyətini gücləndirən Rusiya nəzərə almalıdır ki, sabah Dağıstanın müstəqilliyi məsələsi gündəmə gələ bilər. Rusiyada muxtar qurumların əksəriyyəti müsəlman mənşəlidir. Sabah onların azadlıq hərəkatı bütün islam dünyası tərəfindən dəstək alacaq. Rusiya mütəxəssisləri özləri də etiraf edir ki, rus xalq qocalmaqda olan xalqlardan sayılır. Təbii artım aşağıdır və belə getsə, yaxın 40-50 ilə Rusiyada müsəlmanların sayı kəskin artacaq. Bu baxımdan etnik məsələ üzərində siyasət qurmaq Moskvanın özünə sərfəli deyil. İndi 90-cı illər deyil və müstəqil dövlətləri bu yolla sıradan çıxarmaq, zəiflətmək mümkün olmayacaq. Əksinə, etnik şüuru oyatmaqla Rusiya özünə qəbir qaza bilər.

Aydın

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR