Xalqın demokratik iradəsini əks etdirən referendum

Beynəlxalq müşahidəçilər bu qənaətdədirlər

Beynəlxalq antiAzərbaycan şəbəkənin və onların daxildəki əlaltılarının ciddi cəhdlərinə baxmayaraq Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsi-referendum baş tutdu. Referendum ərəfəsində antiAzərbaycan şəbəkənin ölkəmiz barədə formalaşdırmağa çalıdşğı mənfi rəy, eləcə də beynəlxalq müşahidəçilərin ümumxalq səsverməsini izləməməsi üçün aparılan məkrli kampaniya da istənilən nəticəni vermədi. Bütün cəhdlərə baxmayaraq hər zaman olduğu kimi bu dəfə də beynəlxalq müşahidəçilər Azərbaycanın siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən ümumxalq səsverməsi-referenduma böyük maraq göstərdilər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da ölkə ərazisində keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasında 117 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən xarici müşahidəçilər ümumilikdə 18 beynəlxalq təşkilatı təmsil edib. Referendumu müşahidə edən beynəlxalq təşkilat və qurumlar sırasında Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Xalq Partiyası, Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyətləri yer alıb. Bundan başqa Türkiyə, İngiltərə, Fransa, İtaliya, Avstraliya və digər ölkələrin parlament üzvləri, xarici ölkələrin mərkəzi seçki komissiyalarının missiyaları, Avropanın seçki müşahidəsi sahəsində ixtisaslaşan bir neçə nüfuzlu qurumun nümayəndəsi də sentyabrın 26-da keçirilən ümumxalq səsverməsini müşahidə edib.Həmin xarici müşahidəçilər isə ümumilikdə 33 ölkənin vətəndaşı olub. Gün ərzində apardıqları müşahidələrin nəticəsi olaraq beynəlxalq və yerli müşahidəçilər seçicilərin yüksək fəallığını, referendumun qanunauyğun və yüksək səviyyədə təşkilini xüsusi qeyd ediblər. Səsvermə prosesini izləyən əksəriyyət beynəlxalq müşahidəçilər Mərkəzi Seçki Komissiyasının, Seçki İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti barədə müsbət fikirlər bildirib, prosesin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinmədiyini xüsusi qeyd ediblər. Müşahidə missiyaları keçirdikləri mətbuat konfranslarında, kütləvi informasiya asitələrinə verdikləri açıqlamalarda referendumun demokratik və beynəlxalq standartlara keçirildiyini təsdiq ediblər. Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, xarici mətbuat da Azərbaycanda keçirilən parlament seçkilərinə böyük diqqət göstərib, televiziya kanalları, mətbuatda, internetdə verilən materiallarda referendum yüksək qiymətləndirilib.

Ümumilikdə, beynəlxalq müşahidəçilər sentyabrın 26-da baş tutan ümumxalq səsverməsi ilə bağlı bir neçə müsbət məqamı xüsusi qeyd edib və ona diqqət çəkiblər. Ən başlıca mçəqam ondan ibarətdir ki, beynəlxalq müşahidəçilərdə səsvermənin gedişi haqqında müəyyən müsbət təəssürat yaranıb. Qeyd olunub ki, səsvermə sərbəst və demokratik, günün bütün saatlarında kifayət qədər fəal keçib. Bütün seçki məntəqələrində həm beynəlxalq, həm də yerli müşahidəçilər fəal iştirak edib, onlara hər hansı xırda problem belə yaradılmayıb. Beynəlxalq müşahidəçilər xüsusi olaraq qeyd ediblər ki, azərbaycanlı müşahidəçilərlə söhbəti zamanı onlar tərəfindən heç bir qanun pozuntusu olmadığı bildirilib.

Beynəlxalq müşahidəçilərin vurğuladığı digər müsbət məqam siyasi partiyalardan olan müşahidəçilər üçün lazımı şəraitin yaradılması ilə bağlıdır. Qeyd olunub ki, müşahidələr zamanı Azərbaycanın siyasi partiyalarının hamısının nümayəndələrinə müşahidəçi kimi rast gəlmək olub. Bu da öz-özlüyündə referendumun şəffaf, ədalətli şəkildə təşkil olunduğu və keçdiyinin göstəricisi sayıla bilər.

Beynəlxalq müşahidəçilərin müsbət məqam kimi qeyd etdikləri digər məsələ səsverməyə gələn vətəndaşların konstitusiyaya əlavə və dəyişikliklərlə kifayət qədər məlumatlı olması ilə bağlıdır. Səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilər qeyd ediblər ki, vətəndaşlarla aparılan söhbətlərdən belə anlaşılıb. Bu da onu deməyə əsas verir ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı ölkə əhalisi kifayət qədər məlumatlandırılıb və referendumun təbliğat-təşviqat mərhələsində kifayət qədər maarifləndirmə işləri həyata keçirilib. Yəni, vətəndaşlar şüurlu şəkildə, nəyə və nə üçün səs verdiklərini bilirlər.

Beynəlxalq müşahidəçilərin səsvermə barədə qeyd etdikləri başqa bir müsbət məqam gənclərin referendumda daha fəal rol oynaması ilə bağlıdır. Qeyd olunur ki, Konstitusiyada ediləcək əlavə və dəyişikliklər gənclər üçün yeni imkanlar açdığı üçün onlar səsvermə prosesində aktiv iştirak edirlər. Seçki məntəqələrində gənclərin uzun-uzadı növbə tutub öz sırasını gözləməsinin fonunda bunu demək mümkündür. Bu həm də onun göstəricisidir ki, gənclər demokratiyanın nə olduğunu dərk edirlər və yaşadıqları müstəqil dövlətin bundan sonra da var olmasını istəyirlər. Onlar bu quruluşu başqa heç bir quruluşa dəyişməyə maraqlı deyillər. Ona görə də gənclər demokratiyanı inkişaf etdirmək arzusunu əsas tutaraq, ona səs verməyə gəlirlər.

Ümumilikdə ölkə vətəndaşları, xüsusilıə qaçqın və məcburi köçkünlərin demokratik, sərbəst şəraitdə seçki məntəqələrinə gələrək referendumda iştirak etməsindən beynəlxalq müşahidəçilər belə nəticəyə gəlir ki, ölkənin Ana Qanuna ediləcək dəyişikliklər əsas etibarilə Azərbaycan vətəndaşlarının sosial rifah, xoş gələcəyinə hesablandığı üçün xalq bu səsvermədə yaxından və aktiv iştirak edir. Konstitusiyaya dəyişikliklərin məhz xalqın seçimi, iradəsi əsasında həyata

keçirilməsi də müsbət addım kimi qeyd olunur. Bildirilir ki, bir çox ölkələrdə bu hüquq qanunverici orqana verilsə də, lakin Azərbaycanda konstitusiyaya dəyişikliklər xalqın iradəsi ilə həyata keçirilir. Bu da hakimiyyətin xalqla birlikdə olması deməkdir. Məhz bütün bu amillərə görə, beynəlxalkq müşahidəçilər birmənalı olaraq qeyd edirlər Azərbaycanda demokratiyanın təntənəsini müşahidə edir və hər yerdə bayram əhval-ruhiyyəsinin hökm sürdüyünün və insanların səsvermədə fəal iştirakının şahidi olublar. Həyata keçirilən müşahidələr göstərir ki, demokratiya və azadlıq prinsiplərinə sadiq olan Azərbaycan xalqı öz müqəddəratını həll etməyə, millətin gələcək inkişaf yolunu müəyyənləşdirməyə qadirdir.

Bütün bu yanaşmalar ayrı-ayrı beynəlxalq müşahidəçilərin dilindən də açıq-aydın eşidilir. Seçkilərə nəzərət üzrə Avropa Akademiyasının (ASMA) Rumıniyadan olan nümayəndəsi Dobra Dorin-Mircea səsvermə prosesini Sumqayıt şəhərindəki seçki məntəqələrində izlədiyini söyləyib. Gün ərzində şəhərin bir neçə seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olan beynəlxalq müşahidəçi kütləvi informasiya vasitələrində verdiyi açıqlamada referendumun təşkili ilə bağlı məsələlərin həllindən razılığını ifadə edib: "İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb. Hiss olunur ki, seçicilər Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı qabaqcadan məlumatlıdırılıblar. Ona görə səsvermə prosesi mütəşəkkil keçir. İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam". Qeyd edək ki, Sumqayıtda təşkil olunan seçki məntəqələrinin önündə Rəy Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqları, Müdafiə Liqası və LS Araşdırma Mərkəzi eksit-poll keçirir.

İtaliya Senatının üzvü Sercio Divina isə deyib ki, müşahidə apardığı məntəqələrdə nizam-intizam qaydalarına riayət olunub. 22 saylı Nəsimi II seçki dairəsinin 5 saylı seçki məntəqəsində olan S. Divina qeyd edib ki, indiyədək müşahidə apardığı məntəqələrdə bütün sənədləşmə, qeydiyyat qaydalara uyğun aparılıb: ""Referendum zamanı başqa məntəqələrdə təkrar səsvermənin qarşısını almaq üçün ultraqırmızı şüa ilə barmaqların yoxlanılması isə düşünürəm ki, effektiv addımdır" - deyə italiyalı senator bildirib"

Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Kristofer Bek isə öz növbəsində Azərbaycanda referendum çox yaxşı təşkil olunduğunu vurğulayıb. Onun sözlərinə görə, səsvermənin şəffaflığının təmin edilməsi üçün çoxlu təminatlar var. Kristofer Bek referendumun təşkilinin standartlarından məmnun qalıb. Avstraliyalı deputat bildirib ki, referendum yüksək səviyyədə keçib.

Türkiyə parlamentinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar isə qeyd edib ki, Azərbaycanda referendum xalqın demokratik iradəsini tam əks etdirir. Onun sözlərinə görə, səsvermə zamanı heç bir pozuntu aşkar olunmayıb. Necdet Ünüvarın sözlərinə görə, Azərbaycan dövləti seçkilərin şəffaf keçirilməsi üçün bütün zəruri tədbirləri görüb.

ATƏT Parlament Assambleyasının eks vitse-prezidenti Volfqanq Qrossruk isə sentyabrın 26-da baş tutan ümumxalq səsverməsi barədə fikirlərini bolüşərkən bildirib ki, Azərbaycanda referendumun keçirilməsi prosedurunda çatışmazlıq müşahidə etməyib. Onun sözlərinə görə, seçki komissiyasının üzvləri də qeyd ediblər ki, referendum problemsiz keçir. V.Qrossruk qeyd edib ki, bəzi seçki məntəqələrində çoxlu insan var idi: "Axşam saatlarında daha çox seçici gözləyirik. Hər hansı seçki məntəqəsində heç bir problem görmədik".

Avropalı parlamentarilər də Azərbaycanda keçirilən referendumun təşkilindən razılıq ifadə ediblər. Bu barədə açıqlama ilə Belçikadan olan müstəqil müşahidəçi Toni Mallet çıxış edib. Onun sözlərinə görə, bir neçə seçki məntəqəsində olublar: "Ekzit pol" keçirən şirkətin nümayəndələri ilə söhbət etdim. Onların sorğusuna əsasən, azərbaycanlı seçicilərin 90 faizinin bütün 29 dəyişikliyin lehinə səs verdiyini gözləyirik".

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

DİGƏR XƏBƏRLƏR