“Nazirlər Kabineti öz üzərinə düşən məsuliyyəti tam yerinə yetirə bilməyib”

Aydın Mirzəzadə: "Sentyabrın 26-dan sonra Azərbaycan daha güclü olacaq"

Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş, eyni zamanda   Referendum Aktının layihəsi KİV-də dərc olunub.

Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.

Publika.az açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yaradılan "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında (MSK) məşvərətçi səs hüquqlu komissiya üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı fikirlərini bildirib.

Azərbaycanın çoxmilyonlu ölkələr sırasına daxil olduğunu deyən Aydın Mirzəzadənin sözlərinə görə, bir sıra məsələlərdə yeniliklərin edilməsinə ehtiyac yaranıb. Millət vəkili bildirib ki, ilk növbədə insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlı təkliflər verilib. O, vətəndaş hüquqlarında bir sıra yeniliklərin olduğunu deyib.

O qeyd edib ki, ikinci məqam idarəetmə mexanizmində yenilik tələb edən məsələlərə dəqiqlik gətirilməsidir: "Bunlardan biri də parlamentlə prezident arasında münasibətlər məsələsidir. Parlamentin hansı halda buraxılması məsələsi kifayət qədər dəqiqləşdirilir. Məsələn, əvvəlki qaydaya görə, parlamentin prezidentin təqdimatı ilə baş nazir, ölkə prokuroru, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digərlərini təyin etmək hüququ var.  Amma nəzəri cəhətdən elə bir vəziyyət yarana bilər ki, parlament bunu bir neçə dəfə etməyə bilər. Nəticədə ölkənin idarəetmə sistemi iflic vəziyyətə düşə bilər. Ona görə də təklif edilən dəyişikliklərə əsasən, il ərzində iki dəfə prezidentin təqdim etdiyi namizədlər təyin edilməsə, o halda parlament prezident tərəfindən buraxıla bilər".

Aydın Mirzəzadənin sözlərinə görə, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması da zamanın tələbi olan məsələdir: "Prezident seçilən şəxs sadəcə olaraq ölkəni idarə etmir, həm də ölkənin inkişafı ilə bağlı proqramları həyata keçirir. Beş il bu proqramların həyata keçirilməsi üçün azdır. Bu baxımdan prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə çatdırılması çox vacibdir. Ölkədə vitse-prezident institunun yaradılması isə prezident səviyyəsində ayrı-ayrı istiqamətlərə məsul şəxslərin təyin edilməsinə gətirir çıxarır. Bu yeniliklər, ilk növbədə Azərbaycanın özünün dövlətçilik təcrübəsindən irəli gəlir. Azərbaycan təcrübəsi bunların tətbiqini vacib edir. Eyni zamanda, beynəlxalq təcrübə var. Azərbaycan beynəlxalq təcrübənin ən yaxşılarını sentyabrın 26-da keçiriləcək referendumda təklif edir".

Müsahibimiz Konstitusiyaya edilən dəyişikliklərlə bağlı səslənən tənqidlərə də toxunub. O, tənqidlərdə konstruktivliyin olmadığını vurğulayıb: "Bu tənqidlərlə çıxış edən müxalifət qüvvələri ümumən islahatların, yeniliklərin əleyhinədir. Onlar heç bir məntiqə sığmayan iddialar irəli sürürlər. Yeniliklər Azərbaycan və xarici təcrübədən irəli gələn məsələlərdir. Onların qəbul edilməsi Azərbaycanın inkişafına kömək edəcək".

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumdan sonra Azərbaycan Nazirlər Kabinetinin üzərinə xüsusi məsuliyyət düşür: "Nazirlər Kabineti prezidentin iqtisadi komandasıdır və onun iqtisadi siyasətini həyata keçirən orqan kimi ötən dövrdə öz üzərinə düşən məsuliyyəti tam yerinə yetirə bilməyib. Nazirlər Kabineti çevik və mobil qərarlar qəbul edən, qərarların qəbuluna daha az vaxt sərf edən orqana çevrilməlidir. Bu qurum prezidentin iqtisadi siyasətinin həyata keçirilməsində ən fəal orqan kimi işləməlidir. Hesab edirəm ki, referendumdan sonra Nazirlər Kabinetinin fəaliyyətinə yeni ruh, yeni ab-hava gələcək".

Millət vəkili vurğulayıb ki, hər bir ölkə yeniliklərin formatı və zamanını özü müəyyən edir: "Bu yeniliklər ilk növbədə Azərbaycanın inkişafından irəli gələn tələblərdir. Hesab edirəm ki, sentyabrın 26-da Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanda inkişaf tempini artıracaq, Azərbaycanı daha müasir və güclü edəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR