Diqqət: Qocalma heç də həmişə demensiya ilə nəticələnmir

Cenevrədə Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 140-cı sessiyası davam edir.  BMT-nin Xəbərlər Mərkəzinin məıumatında deyilir ki, sessiya iştirakçıları yaddaşın, təfəkkürün və davranışın deqradasiya etdiyi sindroma - demensiyaya qarşı mübarizə planını müzakirə edəcəklər.

Hazırda dünyada 47 milyon insan - planetin əhalisinin təxminən beş faizi demensiyadan əziyyət çəkir. Hər il 9,9 milyon insanda demensiya yaranır. DST ekspertləri ehtiyat edirlər ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2030-cu ildə 75 milyona çata bilər, 2050-ci ildə isə 130 milyonu ötüb keçər. Hazırda belə xəstələrin 60 faizi aşağı və orta səviyyəli gəlirə malik ölkələrdə yaşayır. Xəstəliyin ən geniş yayılan forması Altsheymerdir. Sindromun bütün hallarının 60-70 faizi bu xəstəliyin payına düşür. Damar demensiyası və Levi cisimcikli demensiya da xəstəliyin yayılmış formalarındandır. Pasiyentlərdə xəstəliyin müxtəlif formalarının eyni vaxtda olması halına tez-tez rast gəlinir. Demensiyanın formaları arasında dəqiq sərhəd yoxdur.

Beynin zədələnməsinə gətirib çıxaran müxtəlif xəstəliklər və travmalar demensiya yaradır. Xəstəliyi yaradan amillər sırasında yaş mühüm rol oynayır. Lakin həkimlər əmindirlər ki, qocalma heç də həmişə demensiya ilə nəticələnmir.

Bəzi tədqiqatlar göstərib ki, koqnitiv pozulmaların yaranması ilə həyat tərzi və yoluxucu olmayan xəstəliklərə gətirib çıxaran risk amilləri arasında qarşılıqlı əlaqə mövcuddur. Bu amillərə oturaq həyat tərzi, piylənmə, düzgün qidalanmama, siqaret çəkmək, çoxlu alkoqol qəbul etmək, habelə orta yaş dövründə yaranan depressiya, təhsilin aşağı səviyyəsi, sosial təcridolma və intellektual fəaliyyətin olmaması aiddir.

DST-nin 2017-2025-ci illər üçün yeni fəaliyyət planı demensiyanın profilaktikasına yönələn səyləri möhkəmləndirmək və bu xəstəlikdən əziyyət çəkən adamlara və onların qəyyumlarına normal həyat tərzi üçün şərait yaratmaq məsələlərini əhatə edir. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR