Qazaxda aqropark və sənaye müəssisələri yaradılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair bu ilin ilk işgüzar forumunu Qazax rayonunda keçirib. 200-dək sahibkarın iştirak etdiyi Forumda Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq kartofçuluq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olunub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov 2018-ci ildə Fondun fəaliyyətinin əsas hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 25 aqroparkda tikinti-quraşdırma, 15 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Qeyd edək ki, ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaq. Tədbirdə bildirilib ki, Qazaxda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark yaradılır. Hazırda kartof əkini üzrə işlər aparılan aqroparkda kartofun saxlanılması üçün anbarın tikintisi, müasir suvarma sisteminin qurulması və texnika parkının yaradılması üzrə işlər aparılır. Bundan başqa, aqroparkda çeşidləmə və qablaşdırma sahələri də yaradılacaqdır. Aqroparkın yaradılmasına ilkin mərhələdə 2 mln. manat güzəştli kredit verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR