Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Qarabağ geyimlərinin dəb sərgisi keçirilib

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Səmərqənddə "Azərbaycan mədəniyyəti həftəsi" çərçivəsində konsert proqramı və Qarabağ geyimlərinin dəb sərgisi keçirilib.

Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin, Səmərqənd Dövlət Universitetinin (SDU) rəhbərliyi, bu qədim şəhərdə yaşayan Azərbaycan diasporunun nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Çıxış edən natiqlər milli geyimlərin hər bir xalqın tarixini, mədəniyyətini, ənənələrini nümayiş etdirdiyini, azərbaycanlıların Qarabağda yaratdığı zəngin mədəni irsin bütün dünyada maraqla qarşılandığını qeyd ediblər. Heydər Əliyev Fondunun dünyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verən AMM-nin direktoru Samir Abbasov Şərqin ən zəngin musiqi ənənələrinə malik Azərbaycanın türkdilli xalqlarla, həmçinin Özbəkistanla olan dostluq və qardaşlıq ənənələrindən söhbət açıb. Sonra iştirakçılar Azərbaycan mədəniyyəti, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal altında olan ərazilərdə milli mədəni irsimizin və abidələrimizin dağıdılmasına dair videomateriala baxıblar. SDU-nun tələbələri tədbirdə AMM-nin kolleksiyasında olan Qarabağ geyimlərini nümayiş etdiriblər. Sərgidə XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi, əhalinin geyim mədəniyyəti, əyani-vizual görüntüləri və geyimləri tamamlayan bəzək elementləri təqdim olunub. Tədbirdə nümayişlə paralel olaraq mədəniyyətimizin beşiyi olan Qarabağda azərbaycanlıların yaratdığı zəngin geyim mədəniyyəti, Qarabağ xanları dövründə istifadə olunan mərasim, toy, şənlik geyimləri və onların özünəməxsusluğu haqqında geniş məlumat verilib. "Qarabağ şikəstəsi"nin sədaları altında nümayiş etdirilən Azərbaycan qadınlarının libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları anşlaqla qarşılanıb. Sonda rəmzi olaraq geyimləri nümayiş etdirən tələbələr hər iki ölkənin bayraqları ilə səhnəyə çıxıblar. Sərgidən sonra gənc özbək müğənniləri Azərbaycan və özbək xalq mahnılarını ifa ediblər. AMM-nin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının çıxışı, tələbələrin Azərbaycan musiqisinin sədaları altında rəqs etməsi maraqla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR