Arif Əsgərovun adı keçən 3 məhkəmə işi - 100 milyonluq ittihamlar

Ziya Məmmədovun sabiq müavini özünü baş verənlərdən bixəbər biri kimi aparır; faktlar isə əksini deyir

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızının 2 oğlu  - Emil  Hüseynov və Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin marketinq şöbəsinin rəisi olmuş Rahib Hüseynov qardaşları məhkəmə qarşısına çıxarılıblar.

A.Əsgərovun baldızı övladları olan qardaşlar külli miqdarda dələduzluqda ittiham olunurlar. Bakı Ağır Cinayətlər Məhkəməsində Hüseynov qardaşlarının işi üzrə ayrı-ayrılıqda 2 hakimin  -  Zeynal Ağayevlə Mirzə Xankişiyevin sədrlik etdikləri proseslər keçirilir. Proseslərdə Arif Əsgərovun, onun oğlu Elnar Əsgərovun adları xüsusi vurğulanır. Zərərçəkənlərin bir çoxları məhz Emil Hüseynovun əvəzinə Elnar Əsgərovun həbs edilməsini tələb edirlər. Məhkəmədə də açıq şəkildə bunu deməkdən çəkinmirlər. Məhkəmə proseslərindən birində iş üzrə zərərçəkmiş Emin Məmmədov Elnar Əsgərovun yalan danışdığını faktlarla sübut edib.

Zərərçəkənin məhkəmədəki çıxışından sitat: "Görülən işlərdən Elnarın xəbəri olub. Aramızda telefon danışıqlarımız, mesajlar var. Dəfələrlə görüşmüşük. Ancaq Elnar özünə sərf edənləri xatırlayır. Harada, neçə dəfə görüşdüyümüzü xatırlamır. Mən ona mesaj yazanda göstərirdim ki, "Elnar mənə bu qədər borcun qaldı". Əgər borcu yox idisə, niyə mənə cavab vermirdi ki, nə danışırsan?"

Qeyd edək ki, Elnar Əsgərov dələdüzluq işi üzrə əsas şahiddir. Zərərçəkmişlər də təqsirləndirilən Emil Hüseynovu deyil, Elnarı ittiham edirlər. Deyirlər ki, onlardan alınan pullar Elnar Əsgərova çatıb. Emil Hüseynov isə E.Əsgərovun işlərini görüb.

İş üzrə zərərçəkənlərdən Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 5000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Arif Əsgərovun baldızının digər oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır. Bu məsələ istintaq-məhkəmə müstəvisinə çıxmazdan əvvəl yayılan məlumatlarda deyilirdi ki, Arif Əsgərovun iri maliyyə fırıldağında 50-yə yaxın sahibkar zərər çəkib.

Related image

Bu fırıldaqda bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar  Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alıb və məlumata görə o öz atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. A.Əsgərovun oğlu "Liman Group" şirkətinin rəhbəri olub. Arif Əsgərov 2004-2015-ci illərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilmişdi. A.Əsgərovun adı birbaşa çəkilməsə də, başqa bir məhkəmə işinə də aidiyyəti olması aylardır ki, mətbuatın gündəmindədir. İsveçin Stokholm məhkəməsində "Bombardier" şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında 2013-cü ildə imzalanmış müqavilədə korrupsiya sövdələşməsi araşdırılır.

Image result for "Bombardier" şirkəti

1 həftə əvvəl işdə adı keçən Rusiya vətəndaşının azadlığa buraxılması haqda qərara protest verilib. Xatırladaq ki, məhkəmə oktyabrın 4-də "Bombardier" şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı Yevgeni Pavlovun 7 aylıq həbsdən sonra buraxılmasına qərar vermişdi. Məhkəmə hesab edib ki, Pavlovun "Bombardier" şirkəti ilə Azərbaycan məmurları arasında korrupsiya sövdələşməsinə dair tutarlı sübut yoxdur. Hərçənd ki, məhkəmə Pavlovun elektron yazışmalarında dəmir yolları üçün siqnalizasiya avadanlıqlarının "Multiserv Overseas" offşor şirkəti üzərindən Azərbaycana on dəfələrlə baha qiymətə satılması barədə müzakirələrin aparıldığını qəbul edib. Hakimin mövqeyinə görə, qiymətdə bu şişirtmə Pavlovun Azərbaycan məmurlarına rüşvət verdiyini sübuta yetirə bilməz. Lakin məhkəmədə prokuror Tomas Forsberg bildirib: "Əsas məsələ odur ki, bu müqavilə üzrə əldə edilmiş mənfəət ədalətlidir, ya yox?"

Forsberg və onun həmkarı-prokuror Staffan Edlund bildiriblər ki, həmin sövdələşmədən Azərbaycan Dəmir Yollarının adı açıqlanmaan dövlət qulluqçusuna 100 milyon dollar ötürülüb. "Bu, həmin dövlət quluqçusuna dəxli olan özəl şirkətin gəliri ilə müqayisə olunan məbləğdir" - deyə, prokuror bildirib.

Xatırladaq ki, "Bombardier" şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və quraşdırılmasına dair müqavilənin ümumi həcmi 340 milyon dollara yaxındır. Bu müqavilədən əldə edilən "otkat" isə 100 milyon dollara çatır. Həmin dövrdə dəmir yolları Nəqliyyat Nazirliyinin tabeliyində idi. Nazirliyə Ziya Məmmədov, dəmir yollarına onun müavini Arif Əsgərov başçılıq edirdilər...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR