AZMİU-dan tələbələrə HƏDƏ-QORXU: Ödənişləri 1 həftəyə TƏCİLİ ŞƏKİLDƏ ödəyin - NARAZILIQ


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə universiet rəhbərliyi arasında yaşanan anlaşılmaz münasibət mediada işıqlanıb. 

BiG.AZ xəbər verir ki, sözügedən universitet rəhbərliyinin tələbələrə ödəniş qadağası qoyması valideyinlərin və tələbələrin ciddi narazılığı ilə qarşılanıb. Əldə etdiyimiz məlumata görə, universitetdə təhsil alan əyani və qiyabi, eləcə də 1-ci kurslar istisna olunmaqla 4-cü kursa qədər bütün tələbələrə sərt şəkildə xəbərdarlıq edərək ödənişi tam şəkildə ödəmək tapşırığı verilib. Əks təqdirdə isə onların universitetə buraxılmayacağı ilə hədələniblər. 

Bu azmış kimi bütün tələbələrə e-mail göndərərək təcili şəkildə ödəniş etmələri tələb olunub. 

Məsələ ilə bağlı BiG.Az -a danışan təhsil eksperti Kamran Əsədov belə tələblərlə tələbələrin təhsil almaq hüququnu kobud şəkildə pozan universitetləri dövlətin düşməni adlandırıb: 

"Universitet rəhbərliyi özbaşına tələbə ilə bağladığı müqaviləni birtərəfli qaydada ləğv edirsə, buna onun ixtiyarı yoxdur. Yalnız və yalnız tələbə təhsil alacağı semestrin ödənişin ödəməlidir. Qanunvericilikdə göstərilir ki, tələbə heç bir halda təhsil alacağı bütün ilin ödənişini ödəməməlidir. Çünki tələbənin qanunvericiliyə əsasən, Nazirlər Kabinetinin təsis etdiyi normalara əsasən hər semestrin sonunda, yanvar və iyun ayında universiteti tərk etmək, köçürülmək ixtiyarı, səlahiyyəti var. Tələbənin bu hüquqları, səlahiyyətləri olduğu üçün o yalnız təhsil aldığı semstrin ödənişini etməlidir. Belə olmadığı halda tələbə əgər universiteti tərk edərsə ödənişlə bağlı ciddi problemlər yaşanır. 
Heç bir universitet daxili qaydada qərar qəbul edib tələbəyə məcburiyyət tətbiq edə bilməz. Bunu edən universitet, təhsil müəssisəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin düşmənidir. 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2013-cü ildə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasını təsdiq edib. Həmin strategiyaya əsasən təhsil əlçatan olmalıdır. Bütün maddi resurslar cəlb edilməli, Azərbaycan insanı, Azərbaycan vətəndaşı təhsil almalıdır. Bu gün Azərbaycanda təhsil alan təbəqənin səviyyəsi çox aşağı səviyyədədir. Bu statistika dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə qat-qat aşağıdır. 

Universitetlərin isə bu qaydada Azərbaycan insanını təhsildən qaçaq salması qəbuledilməzdir. Həmin universitetlər qeyd etdiyim kimi dövlətçiliyimizin düşmənidir. Heç bir universitetin təhsil haqqını tam şəkildə tələb etmək səlahiyyəti yoxdur. Əgər müqavilənin şərtləri dəyişdirilərsə də bu, hər iki tərəfin razılığı əsasında olmalıdır. Əgər qarşılıqlı qaydada müqavilənin şərtləri razılaşadırılmayıbsa bu, birbaşa olaraq tələbələrin təhsil almaq hüquqlarını kobud şəkildə pozulmasıdır". 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə əlaqə saxladıq. Universitet dəftərxanası ((012) 539 07 25) məsələ ilə bağlı danışmaq səlahiyyətlərinin olmadığını, bunun üçün isə ((012) 539 10 45) nömrəsi ilə əlaqə saxlamalı olduğumuzu bildirsə də həmin nömrə gün ərzində zənglərimizə cavab verməyib və telefon uzun müddət söndürülü olub. 

Eyni qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova da zəng çatmayıb. 

Mövqelərini dərc etməyə hazırıq. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR