Erkən  nikaha daxilolma sosial problemə çevrilib

Erkən yaşda ailə qurması artıq dəb halını alıb

Son bir ildə Azərbaycanda 18 yaşadək nikah bağlayan bəy və gəlinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov mətbuata açıqlamasında bildirib ki, 2016-ci ildə Azərbaycanda 18 yaşadək 315 nəfər erkən nigaha daxil olub. Onlardan 3 nəfəri kişi, 312 nəfəri isə qadındır. Qeyd edək ki, 2015-ci ildə 18 yaşdadək evlənənlərin sayı 388 nəfər olub. Xatırladaq ki, Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır. Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilir. Məsələ orasındadır ki, 18 yaşı tamam olmamış nikaha daxil olanların böyük əksəriyyəti müvafiq icra hakimiyyəti orqanının xəbəri olmadan ailə qurular. Statistik rəqəmlər isə deməyə əsas verir ki, inzibati nəzarətin gücləndirilməsi,  maarifləndirmə işlərinin aparılmasına baxmayaraq ölkədə erkən nikahların sayının artımı davam edir. Ümumillikdə rayonlar üzrə götürdükdə erkən nikah problemi demək olar ki, respublikanın bütün bölgələrində müşahidə olunur. Aİlə, Qadın və Уşaq Problemləri üzrə Dövlət Komitəsinin Уşaq Problemləri şöbəsindən verilən məlumatda bildirlir ki, erkən nikah halları özünü cənub regionunda qabarıq göstərir. Belə ki, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında erkən nikah halları daha çoх müşahidə olunur. Maraqlıdır, erkən nikahlar gənc ailələrdə hansı problem yaradır?

Hüquqşqnas Alim Hüseynli hesab edir ki, erkən nikah gənclər arasında sosial-psixloji problemlər yaradır. Bu təsir Azərbaycanın bəzi bölgələrdə müşahidə olunmaqdadır: "Ölkədə erkən nikah  problemi hələ də qalmaqdadır. Xüsusən, qızlar üçün tez ərə getmək çox ziyanlı ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, uşaqlar üçün ilk növbədə məsuliyyət daşıyanlar ata-analarıdır. Onlar anlamalıdırlar ki, erkən yaşda nigaha girməklə övladlarına potensial olaraq fiziki, emosional və əqli  ziyan vururlar. Ümumilikdə erkən nikah qızların təhsildən yayınmasına gətirib çıxarır, doğulacaq uşağın sağlamlığına mənfi təsir göstərir, eləcə də valideynlərin rəsmi nikahı olmadığına görə gələcəkdə uşağın qeydiyyatı və aliment kimi məsələlərdə çətinliklər yaradır". Onun sözlərinə görə, erkən nikahın qarşısının alınması məqsəilə qanunvericilikdə bir sıra dəyişiklik edilib. Konkret olaraq ölkənin birinci xanımı, Birinci Vitse Prezident  Mehriban xanım Əliyevanın təşəbbüsü və bu məsələyə dəstəyi ilə Ailə Məcəlləsində qızların nikaha daxil olma yaşı 18-ə qaldırdırılıb. Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən əgər valideynlər qızlarını və yaxud oğlanlarını erkən yaşda nikaha təhrik edirsə, razılıq verirsə, həmin valideyn cinayət məsuliyyətinə cəlb olunur: "Araşdırmalar nəticəsində müəyyən olunur ki, əksər hallarda qızlar  valideynlərinin təhriki ilə erkən nikaha daxil olur. Bu maddə ilə valideynlər üçün 3 min manatdan 4 min manata qədər cərimə və yaxud 4 ilə qədər azadlıqdan məhrumetmə  nəzərdə tutulur.Qızlarını erkən yaşda ərə verən ailələr bunu maddi çətinliklə bağlayırlar. Lakin araşdırmalar göstərir ki, maddi çətinlik məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını erkən yaşda ərə verirlər. Hətta icra başçısının da qızını erkən yaşda ərə verməsi faktına rast gəlmək mümkündür. Aparılan təhlillər deməyə əsas verir ki, qızların erkən yaşda ailə qurması artıq dəb halını alıb. Qızlarını erkən yaşda ərə verən valideynlər düşünürlər ki, qızımızı erkən yaşda ərə verməsək "evdə qalacaq". Məhz bu kimi səbələrdən erkən yaşda nikaha daxilolma artıq sosial problemə çevrilib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, erkən nikahın aradan qaldırılması məqsədilə hələ 2010-cu ildən etibarən UNİCEF-lə birgə bu problem üzrə ölkədə vəziyyəti araşdırılıb.  Aparılan araşdırmalar nəticəsində məlum olub ki, erkən nikah faktları daha çox ölkə üzrə cənub zonasında rast gəlinir. Ona görə də  cənub regionu üzrə tədbirlər planı hazırlanıb. Tədbirlər planına bir sıra məsələlər daxildir. Masallı, Astara, Lənkəran və Lerik rayonlarında bu problemin çoxluq təşkil etdiyi 16 kənd müəyyən edilib. Kəndlərdə yerli icra nümayəndələri, polis və kəndlərin ağsaqqalarından ibarət nəzarət qrupu yaradılıb. Əgər nikahla bağlı məlumat daxil olursa, bu icra hakimiyyətinə bildirilir və erkən nikahın qarşısı alınır. İkinci mərhələ maarifləndirmədir ki, bu işə ağsaqqalar və din xadimləri cəlb olunur. Bu insanlar kənd yığıncaqlarındakı çıxışlarında erkən nikahın fəsadlarını kənd camaatının diqqətinə çatdırırlar. Qızların erkən nikahı nəticəsində onların təhsilsiz qalacaqları, həm özlərinin, həm də övladlarının sağlamlığının şübhə altında qalacağı bildirilir. Eyni zamanda hüquqi problemlərin yaranacağı-nikah qeydiyyatına düşmədikləri və buna görə uşağa doğum haqqında şəhadətnamənin verilməsinin mümkünsüzlüyü ilə bağlı məlumatlar verilir. Üçüncü məsələ KİV-lərin dəstəyindən istifadədir. Hər rayonda qəzet çıxır və hər regionun öz kanalı var. Komitə həmin KİV-lərə erkən nikahla bağlı mövzulara xüsusi diqqət yetirməyi tövsiyyə edib.  Maariflənmə işinə həm də yerli QHT-ləri də cəlb edilib.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR