Narkotik asılılıqdan azad olmaq mümkündürmü?

Bu xəstəliyin müalicəsinin kimyəvi yolu müəyyən edilib

Narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib. Qeyd olunan problemin vacibliyi, beynəlxalq ekspertlərin fikrilərinə görə, narkotik asılılıq insan şəxsiyyətini əhəmiyyətli şəkildə pozaraq, onun mənəvi aləminin tükənməsinə səbəb olur və maraq dairəsini məhdudlaşdıraraq sosial baxımdan təhlükəli şəxsiyyət formalaşmasına gətirib çıxarır. Patologiyanın qeyd olunan forması narkotik preparatların baş beyin hüceyrələrinin mübadiləsinə cəlb olunaraq, neyrotransmitterlərin mübadiləsini kobud şəkildə pozmaqla və emosional fonun qabarıq şəkildə pozulmasına, həmçinin də xəstələrin intellektual səviyyəsinin tükənməsinə gətirib çıxartmaqla daha da mürəkkəb forma alır. Yuxarıda göstərilən inandırıcı səbəblərə görə, indiki dövrdə etibarlı və effektiv müalicə üsularının işlənməsi həddindən çox vacib olan məsələlərdən biridir. AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun "İnteqrativ fəaliyyətinin  molekulyar əsasları" laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Arif Mehdiyev qeyd edib ki, qarşıya qoyulmuş məqsədə çatmaq üçün yeni serotonin-modullu antikonsolidasiya zülalının (SMAZ) anticisimlərin vasitəsilə seçimli blokadası tətbiq edilmisdir. SMAZ zülalı AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda siçovulların baş beyninin qabığında aşkar olunmuş və bütöv beyindən ayrılmışdır. Bu zülal serotonin miqdarı ilə düz mütanasib əlaqədədir və serotonin siqnalının hüceyrədaxili ötürülməsini təmin edir. Tədqiqatların nəticələri göstərir ki, həmin zülalı təlimdən qabaq siçovullara beyindaxili yeritdikdən sonra müsbət (qida) və mənfi (elekrik ağrı qıcığısı) möhkəmlənməsi olan şərti reflektor modellərində yaddaş izlərinin yaranmasını pozur: "Anticisimlər mikrobların və kənar zülalların məhv edilməsi üçün immun sistemi tərəfindən heyvan və insan orqanizmlərində sintez olunur. Apardığımız tədqiqatlar zamanı anticisimlər SMAZ-ın seçimli blokada etdirməsi üçün istifadə olunub. Bu zülala qarşı poliklonal anticisimlər ardıcılıq şəkildə əldə edilib. Əvvəlcə ada dovşanlarının ayrılmış SMAZ zülalı ilə 3-4 aylıq immunizə nəticəsində həmin zülala qarşı immunoqlobulinlər alınıb. Sonra da SMAZ ilə birləşmiş sorbent üzərində immuno-affin xromatoqrafiyası üsulu ilə SMAZ-a qarşı immunoqlobulinlərin məhlulundan SMAZ-a qarşı poliklonal anticisimlər təmizlənilib. Narkotik asılılıq siçovullarda xüsusi qurğuda yaradılmışdır. Bu qurğuda heyvan nasos ilə qoşulmuş pedalların birini basarkən birbaşa boğaz venaya hər dəfə morfinin məhlulunu (100 mikroqram) yeridirdi. Həmin heyvanlar üzərində qabağcadan narkoz altında əməliyyət aparılaraq, boğaz venaya xüsusi kateter daxil edillərək, fiksasiya olunmuşdur. Aparılan tədqiqatların nəticəsində aşkar olunub ki, hər heyvan nasos ilə qoşulmuş pedalı basarkən növbəti təcrübədə özünə məxsus olan basma stabil səviyyəsinə çataraq öz-özünə vurduğu morfinin miqdarını artırırdı. Pedalın basılmasının stabil səviyyəsinə çatan heyvanların baş beynindən qurşaq qırışığı və hipotalamus çıxardılıb. Göstərilən strukturlarda SMAZ-ın miqdarı dolayı immuno-enzim üsulu ilə təyin olunaraq, aşkar olunub ki, morfinin öz-özünə yeridilmə şəraitində siçovulların baş beynin qurşaq qırışığı SMAZ-ın miqdarının nəzərəçarpacaq (67% qədər) artırılması müşahidə olunur. Bununla yanaşı, morfidən asılılığı olan heyvanların hipotalamusda heç bir dəyişikliklər aşkar olunmamışdır". Onun bildirdiyinə görə, tədqiqatların 2-ci seriyasında öz-özünə morfinin yeridilməsi üçün pedalın basmalarının stabil səviyyəsinə çatdıqdan sonra heyvanların qarın boşluğuna SMAZ-a qarşı anticisimlər və 50 dəqiqədən sonra narkotik asılılığın ölçülməsi məqsədilə, onları eksperimental kameraya daxil edirlər. Siçovullara SMAZ-a qarşı anticisimlər yeritdikdən sonra müxtəlif heyvanlarda morfinin öz-özünə daxil edilməsinin miqdarı 4-dən 8 dəfəyədək azalmısdır. Siçovullar birdəfəlik SMAZ-a qarşı anticisimlərin yeridilməsindən sonra, həmçinin 2-ci, 3-cü və 8-ci günlərində narkotik asılılığının səviyyəsinin ölçülməsi məqsədilə eksperimental kameraya daxil edilir. Qeyd etmək lazımdır ki, birdəfəlik SMAZ-a qarşı anticisimlərin yeridilməsindən sonra bütün qeyd olunan günlərdə  morfinin öz-özünə daxil etmə miqdarı 1-ci gündə olduğu kimi stabil aşağı səviyyədə qalırdı. Əvvəlki illərdə aparılan tədqiqatlarda göstərilib ki, müxtəlif şərtireflektor modellərində düzgün cavabların 80% meyarına çatmış heyvanların beyin qabığında SMAZ-ın miqdarının qabarıq azalması müşahidə olunur. SMAZ-a qarşı anticisimlər vasitəsilə narkotik asılılığın susdurma eksperimentlərində, təlim zamanı SMAZ-ın miqdarının azalmasına oxşar olan SMAZ-ın aktivliyinin blokadası baş verirdi. Bunun əsasında güman etmək olar ki, anticisimlər vasitəsilə SMAZ-ın aktivliyinin məqsədyönlü endirilməsi yaddaş izlərinin yaranmasına kömək edir. Həmin fikri yoxlamaq üçün biz şərti reflektor alternativ qaçış modelində tədqiqatları apardıq və alınan nəticələr göstərdi ki, siçovulların beyninə yeridilən SMAZ-a qarşı anticisimlər heyvanların yaddaş formalaşmasını nəzərəçarpan dərəcədə sürətləndirir. Xüsusən, eksperimental qrupun heyvanları düzgün cavabların 50%-li meyarına 4-cü təlim günündə çatırlar, halbuku intakt və kontrol bu səviyyəyə ancaq 7-ci günə çatırlar: "Göstərilən nəticələrin əsasında demək olar ki, bir tərəfdən, SMAZ-a qarşı olan anticisimlərin vasitəsilə narkotik asılılığın susdurma eksperimentlərində serotonin siqnalının hüceyrədaxili ötürülməsinin dayandırılması, digər tərəfdən, morfinin əldə etməsi üçün pedala faydasız basılması yaddaş izlərinin yaranması müşahidə olunur.  Alınmış nəticələri əsas tutaraq, belə hesab edirəm ki, gələcəkdə kliniki şəraitdə müxtəlif mənşəli preparatlardan yaranan narkotik asılılığın korreksiyası məqsədi ilə SMAZ-ın immunokimyəvi blokada etməsini tətbiq etmək olar".

Nurlan  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR