Azərbaycan XİN İran səfirini təkzib etdi
22 May 2013 17:02 Siyasət"Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfə təhvil verilməyib". Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil veriliblər. APA-nın məlumatına görə, bu barədə APA TV-yə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Səfir onların Azərbaycana nə vaxt qayıdacağı barədə məsələyə Baş Konsulluğun aydınlıq gətirməli olduğunu qeyd edib. Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğundan isə hələlik heç bir açıqlama verilmir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə APA-ya açıqlamasında İran səfirinin fikirlərini təkzib edib. O bildirib ki, Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfə təhvil verilməyiblər.
Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
Hər iki şəxsin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Bakıya qayıdacağı gözlənilsə də, onlar nümayəndə heyəti ilə gəlməyiblər.
Xatırladaq ki, dünən İranın Xarici işlər nazirliyinin sözçüsü Abbas Əraqçı Azərbaycanda həbsdə olan İran vətəndaşı Mikayıl Kazıminin də tezliklə azad olunacağına ümid etdiklərini bildirib.