Ermənistanda yaranmış acınacaqlı vəziyyətin mənzərəsini dəyişmək qeyri-mümkündür - FİKİR
Rasim Musabəyov: “Əvvəl-axır Qarabağda yaşayan ermənilər Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalacaqlar”
22 May 2013 16:46 SiyasətDağlıq Qarabağdakı separatçı rejim Ağdərə rayonunun ("Mardakert") Kiçan kəndi yaxınlığında Suriya ermənilərinin məskunlaşmaları üçün Yeni Kilikiya adlı kənd inşa edib. İlkin mərhələdə bu məqsədlə 10 ev inşa olunub. Suriya erməniləri üçün nəzərdə tutulan yeni məhəllənin açılış, eləcə də, yeni 24 evin təməlqoyma mərasimi keçirilib. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyov bildirdi ki, Ermənistan hakimiyyəti uzun müddətdir ki, işğal etdiyi Azərbaycan torpaqlarında Suriyadan olan qaçqınları süni şəkildə yerləşdirməklə məşğuldur. Millət vəkili hesab edir ki, ermənilər Qarabağa bir nəfər gətirirsə, beş erməni ölkəni tamamilə tərk edir: "Separatçı rejimin köçürmə siyasəti tamamilə qanunsuzdur. Ermənistanın heç bir hüququ yoxdur ki, Azərbaycan torpaqlarında Suriya qaçqınları üçün məskunlaşma yerləri inşa etsin. Onlar çox nahaq yerə bu cür, məntiqə uyğun gəlməyən addımlar atırlar. Əvvəl-axır Qarabağda yaşayan ermənilər və qaçqınlar da Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalacaqlar. Ermənistan hakimiyyəti düşünür ki, bu cür yollarla Dağlıq Qarabağı özəlləşdirəcək. Bu isə tamamilə səhv zənndir. Bu günədək erməni rejimin bu istiqamətdə atdığı addımların heç birisi uğurlu alınmayıb. Təkcə 2012-ci ildə Ermənistanı 50 min nəfər birdəfəlik tərk edib. Belə bir vəziyyətdə isə Qarabağ 100 nəfər suriyalını gətirməklə ümumi mənzərəni dəyişmək qeyri-mümkündür". ("OLAYLAR" İA)