Qürur mənbəyimizə çevrilən Azərbaycan Ordusu

Qürurverici haldır ki, Ermənistanın ümumiyyətlə yer almadığı reytinq siyahısına görə, Azərbaycan ordusu 106 ölkə arasında 50-ci yeri tutub. Ancaq, etiraf edilməlidir ki, ordunun inkişaf etmiş ölkələrin ordularının sıralarına yüksəldilməsi elə də asan başa gəlməyib. Silahlı Qüvvələrimizin keçdiyi mərhələlər, onun müasirləşdirilməsi üçün görülən işlər nəhayət ki, bəhrəsini verib. Sirr deyil ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 2015-ci il üçün nəzərdə tutulmuş hərbi xərclər Ermənistanın ümumilikdə dövlət büdcəsindən 2 dəfə çoxdur. Bu, həm də onu göstərir ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləyib və xərcləməkdə davam edir. Ümumiyyətlə, ordu quruculuğu Azərbaycan dövləti üçün prioritet məsələdir. Azərbaycan Ordusunun qüdrətini göstərən məqamlardan biri də vaxtaşırı olaraq keçirilən hərbi paadlardır. Dünyanın ən güclü orduları sırasında özünə yer alan Azərbaycan Silahlı Qüvvələrinin paradı qürur mənbəyi olmaqla yanaşı, hər bir vətəndaş üçün  sevinc doğuracaq hadisədir. Etiraf edilməlidir ki, bu kimi tədbirlərin həyata keçirilməsi gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsində əhəmiyyətli dərəcədə rol oynayır. Bu gün qloballaşan dünyada hər bir ölkənin milli-mənəvi dəyərlərinin qorunaraq gələcək nəsillərə çatdırılması, nəticə etibarilə gənclərin vətənpərvərlik hissinin artırılması  olduqca əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalayıb. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Şübhəsiz ki, bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməli, ölkənin ərazi bütövlüyünü qorumalıdır.

Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Yeri gəlmişkən xatırladaq ki, iyunun 26-da  Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olundu. Bununla əlaqədar Bakıda hərbi parad keçirildi. Hər dəfə keçirilən parad deməyə əsas verir ki, Azərbaycan Ordusu ildən-ilə təkmilləşir, müasirləşir. Elə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı keçirilən hərbi parad da dediklərimizi bir daha sübut etmiş oldu. Çünki bu paradda ordumuzun gücü bütün parametriləri üzrə çox yüksək səviyyədə təqdim edildi. Bəlli oldu ki, Azərbaycan ildən-ilə hərbi sahədə qüvvətlənir, Ordumuzun döyüş qabiliyyəti artmaqla bərabər, həm də onun texniki təchizatında uğurlara imza atılır. Azərbaycanın istehsal etmiş olduğu müdafiə xarakterli silahlar, beynəlxalq səviyyədə tanınmış  şirkətlərdən almış olduğumuz hərbi texnikalar ölkəmizin güclü bir dövlət olduğuna diqqət çəkir. Təsadüfi deyil ki, hərbi ekspertlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu  içərisində qiymətləndirirlər.

Bakının işğaldan azad olunması münasibətilə keçirilən hərbi parad heç şübhəsiz ki, işğalçı Ermənistana çox ciddi siqnal oldu. Əminliklə qeyd etmək olar ki,  Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı qısa zaman kəsiyində azad edəcək. Bununla da Azərtbaycanın dövlətçilik tarixinə şanlı səhifə yazılacaq. Nəzərə almaq lazımdır ki, hərbi paradlar bir qayda olaraq dövlətin gücünün nümayişi kimi izah olunur. Bu paradın həm də ən böyük əhəmiyyəti işğal olunmuş torpaqlarımızla əlaqədar həm dünyaya, həm də işğalçı dövlətə Azərbaycan Ordusunun gücünün bir daha nümayiş etdirilməsidir. Bu baxımdan bizim üçün bu paradın ikiqat böyük əhəmiyyəti var. Çünki bu paradla biz işğalçı ölkəyə və onun arxasında duran qüvvələrə öz gücümüzü nümayiş etdiririk və ciddi mesaj veririk ki, əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunmazsa, Ordumuzun gücündən istifadə etmək bizim müstəsna hüququmuzdur. Bir daha xatırladaq ki, bu paradla Azərbaycan Ordusu özünün malik olduğu gücü nümayiş etdirdi. Təbii ki, bizim hərbi gücümüzü görüb ağlı yerində olan, ayıq başla fikirləşməyi bacaran düşmənlər və onların havadarları bundan nəticə çıxartmalıdırlar.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR