Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmək gücündədir

İşğalçı Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da keçirdiyi möhtəşəm hərbi paradın şokunu aradan qaldırmadan daha bir təşviş, qorxu hissi ilə üz-üzə qalıb. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin iyulun 2-dən start verdiyi genişmiqyaslı hərbi təlimlərdən gedir. Xəbərlərdən də aydın olduğu kimi iyulun 2-dən etibarən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimlərinə başlanılıb. İyulun 6-dək davam edəcək təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Silahlı Qüvvələrinin 26 iyun paradından sonra genişmiqyaslı hərbi təlimlərə başlamasını müharibə hazırlığı kimi dəyərləndirən işğalçı ölkə təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qalıb. Elə hərbi paraddan sonra Ermənistan baş nazirinin ölkənin yüksək rütbəli hərbi rəsmiləri ilə təcili toplantı keçirməsi, Dağlıq Qarabağda, ümumilikdə orduda olan vəziyyəti müzakirə etməsi məhz Azərbaycanın hərbi qüdrətindən düşmənin ciddi təşviş keçirdiyindən xəbər verir. Xüsusilə, onu qeyd etmək lazımdır ki, 26 iyun paradında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin geniş və əhatəli çıxışı, həmin çıxış zamanı Ermənistana ünvanladığı xəbərdarlıq mesajları düşmən ölkədə ciddi şəkildə təhlil olunmaqdadır. Ali Baş Komandanın paradda Ermənistana ünvanladığı xəbərdarlıqdan dərhal sonra hərbi təlimlərə start verilməsi ermənilərdə belə bir fikir formalaşdırıb ki, rəsmi Bakının xəbərdarlıqları artıq əvvəlki illərdə olduğu kimi kağız üzərində deyil. Azərbaycan etdiyi xəbərdarlığı əməldə həyata keçirəcəyini hərbi parad və təlimlərlə sübuta yetirir. Ona görə də İrəvanda Bakıdan ona ünvanlanan mesajlara ciddi yanaşılmalıdır. Təsadüfi deyil ki, belə bir yanaşmanı eyni zamanda erməni politoloqları da ortaya qoyurlar. Həmçinin sadə ermənilər də bu qənaətdədirlər ki, Azərbaycanın xəbərdarlığına məhəl qoyulmadığı təqdirdə Ermənistan növbəti Aprel uğursuzluğu ilə üzləşəcək. Necə ki, 2016-cı ilin aprelindəki dərsdən nəticə çıxarmayan Ermənistan Bakıdan ona ünvanlanan xəbərdarlıqlara məhəl qoymadığı üçün Naxçıvan uğursuzluğu ilə üzləşdi. Ona görə də İrəvan bu kimi mənfi tendensiyalarla üzləşməmək üçün öz aqressiv mövqeyindən geri çəkilməlidir. Əks təqdirdə bundan sonra baş verəcəklərdən işğalçı ölkə məsuliyyət daşıyacaq. Elə Ali Baş Komandanın ardınca Azərbaycanın hərbi rəhbərliyinin də Ermənistana ünvanladığı mesaj belə deməyə əsas verir. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu günlərdə keçirilən xidməti müşavirədə cəbhədəki mövcud vəziyyətə toxunan nazir qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi, nizam-intizamı və döyüş növbətçiliyi zamanı sayıqlığının artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Ali Baş Komandanın çıxışlarında səsləndirdiyi torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağıq fikrini vurğulayan müdafiə naziri bildirib ki, münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır. Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır. Əks təqdirdə düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də Ordumuzun silahının gücünü öz üzərində hiss edəcək.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR