“Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir”

İlham Əliyev: "Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir".

Dünyanın ən güclü orular sırasında adı çəkilən Azərbaycan Ordusu hazırda inkişaf mərhələsini yaşayır. Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uğurli daxili və xarici siyasət nəticəsində ölkənin iqtiasadi dayanıqlığı təmin olunub. Nəticədə ordumuz ən müasir silah və  texnika ilə təchiz edilib. Artlq qətiyyətlə demək olar ki, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Təsadüfi deyil ki, şəxsən dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, artıq hərbi məhsullarını ixrac etməyə də başlayıb. Paralel olaraq Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika almaqla ordunu daha da möhkəmləndirir. Təcrübədən və tarixdən məlumdur ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Etiraf edilməlidir ki, Azərbaycan hərbi sahədə bu qədər naliyyəti yalnız müstəqillik əldə etdikdən sonra qazanıb. Prezident İlham Əliyev də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətiləkeçirilən təntənəli hərbi paradda çıxışı zamanı qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilmişdir: "Ancaq bildiyimiz kimi, müstəqilliyimizin ilk iki ili ölkəmiz üçün çox ağır keçmişdir, faciəvi illər idi. Sanki tarix XX əsrin sonunda təkrarlanırdı. 1991-1993-cü illərdə Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı. Ölkə idarəolunmaz vəziyyətdə idi. Müstəqilliyimiz formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Ölkə daxillində çəkişmələr, hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, böhran hökm sürürdü. 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat tərəfindən dövlət çevrilişi vəziyyəti daha da ağırlaşdırdı. Azərbaycanda vəziyyət kritik həddə çatmışdı. Bundan istifadə edən Ermənistan xalqımıza, gənc dövlətimizə qarşı işğalçılıq siyasəti aparırdı. Bu siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi. Müstəqilliyimizin ilk illərində nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr Azərbaycanın ərazi bütövlüyünü qoruya bilməmişlər. Ona görə, Ulu Öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar arasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur. Nizami ordunu yaratmaq üçün iqtisadi imkanlar olmalı idi. Məhz buna görə, o illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılmışdır, xarici sərmayənin cəlb olunması təmin edilmişdir, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Ölkədə aparılan siyasi, iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi və Azərbaycan 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir. Bu siyasət bu gün də davam etdirilir. 1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tariximizdə qalmışdır.2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə işlər sürətlə gedir, o cümlədən ordu quruculuğu sahəsində. Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir". Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasında yer alır və düşmən silahlı qüvvələrini ən azı 30 pillədən çox qabaqlayır. Bunu biz deyil, nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında göstərirlər. Azərbaycan ordusunda nizam-intizam, ideoloji iş, vətənpərvərlik, mübarizlik, döyüş ruhu, fiziki hərbi hazırlıq, hərbi biliklərə yiyələnmə, mövcud müasir silahlardan istifadə etmək qabiliyyəti ən yüksək səviyyədədir: "Azərbaycan ordusu bu gün eyni dünya hərbində mövcud olan ən müasir, güclü silahlarla təchiz olunduğunu deyən E.Məmmədov söyləyib ki, bütün bunlar silahlı qüvvələrimizin döyüş hazırlığının, qabiliyyətinin yüksək səviyyədə olduğundan xəbər verir: "Azərbaycan əsgəri bilir ki, o yağı düşmənlə üz-üzədir və işğal olunmuş torpaqları azad etməlidir. Məhz bu amil ordumuzu daha da güclü edir ". Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradı xatırlayan deputat söyləyib ki, ölkəmiz bu paradla ordumuzun yaranma gününü qeyd etməklə yanaşı, dünyaya və düşmənə hərbi gücümüzü göstərmiş oldu: "Düşmən və onun havadarlarına bəyan etdik ki, siz Azərbaycan ordusunun qarşısında tab gətirə bilməzsiniz. Hesab edirəm ki, düşmən gördüklərindən nəticə çıxarmalıdır. Əks təqdirdə hərbi parad nümayiş etdirilən silah-sursatın daha böyük arsenalı onlara tərəf tuşlanaraq, düşmənləri darmadağın edəcək. Əgər düşmən bunu görməzdən gəlirsə, heç olmasa havadarları Ermənistana ordumuzun qarşısında aciz qaldığını başa salmalıdır". Qarşıdakı dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar dəyişikliklərə toxunan E. Məmmədov qeyd edib ki, dünyada mövcud olan qaydalara əsasən sülh istəmək üçün müharibəyə hazır olmaq lazımdır: "Nəyəsə nail olmaq üçün güclü olmalısan, gücsüz dövlətin diplomatiyası ilə heç nə əldə etmək mümkün deyil. Bu gün Azərbaycanın bütün sahələrdə gücü var və ölkəmiz düşməndən istənilən sahədə dəfələrlə üstündür. Bu gücə güvənərək tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR