100 ilin paradı

Züleyxa NADİR

Bəzən elə məqam olur ki, insanın sinəsi həyəcanla  dolur, ürəyi  coşqunluqla çırpınır. Həmin məqamda gözəl  sevinc duyğusu,  böyük  qürur hissi xoş bir qəhər gətirib səssiz axan göz yaşlarına səbəb olur. O məqamda ürək sürətlə çırpındığından həmin göz yaşlarını silməyə insanın əli qalxmır. Bir də  o zaman ayılır ki, hönkürtü səsi qulağını deşir. Bu səs özünün səsi olur!

Əminəm ki, bu, tanıdığım və tanımadığım insanların hər birinin həyatında olub.  Bu hissi mən də yaşadım - iki gün əvvəl, iyunun 26-da, Silahlı Qüvvələrin  100 illik bayram  paradının keçirildiyi saatlarda. Parada getməmişdim, Azadlıq Meydanında deyildim, evdə televiziyadan izləyirdim. Amma o təntənənin  möhtəşəmliyinə, mənzərənin  gözəlliyinə o qədər aludə olmuşdum ki, özümü meydana  toplaşan tamaşaçıların arasında hiss edirdim.

Mən sovetlər zamanında doğulub böyümüş, oxumuş adamam.  O dövrün pisinə də, yaxşısına da  bələdəm.  SSRİ-də keçirilən  paradlarla bağlı yaddaşıma hopan  xeyli nüanslar var. Özüm də bir neçə paradın iştirakçısı olmuşam. Universitetdə oxuyanda bir ay əvvəldən bizi parada hazırlayırdılar,  günlərlə, həftələrlə indiki Azadlıq Meydanında məşq proseslərinə cəlb olunurduq. O zamanlar bu hazırlığa "marşirovka" deyirdilər, bizi zorla aparırdılar, könülsüz iştirak edirdik. Bəzən də qaçıb rayona gedirdik ki, Bakıda olmayaq. Eləö vaxtlarda şəhərli tələbələr bizim də yerimizə əzab çəkib "yükümüzü" daşımalı olurdular.

Ona görə də həmin paradların  təntənəsini qəlbimizə hopdura bilmədik. Lenin meydanında payızın soyuğunda, qışın şaxtasında, yayın qızmarında atdığımız addımların, səsləndirdiyimiz standart şüarların fərəhini yaşamadıq. "Ura" səsləri bizi  üşütdü, yandırdı, ən yaxşı halda qıcıqlandırdı. Sovet əsgərlərinin meydandakı nizamlı yerişi,  döyüş maşınlarının səsi, nəhəng tankların gurultusu, təyyarələrin uğultusu, silahların görüntüsü ürəyimizi dağa  döndərmədi. Amma həmin uğultu,  gurultu, görüntü  1990-ci ilin yanvarında ürəyimizi parçaladı.  Nə yaxşı ki, paramparça olmuş ürəyimizin bərpasına nail olduq,  hər tərəfə səpələnmiş tikələrini tapıb yerinə qoya bildik, qısa müddədtə sağaldıq, ayağa durduq. Və bu gün dünyaya meydan oxumaq gücünü topladıq.

Həmin güc 26 iyunda Azadlıq Meydanında nümayiş olundu. Bu, ədalətsiz dünyanın güc sahiblərinə bir mesaj idi! Bu, kar - kor olmuş dünyaya çağırış idi! Bu, müstəqil Azərbaycan dövlətinin səsi idi! Bu, Azərbaycan adlı məmləkətin var olduğunun təntənəsi idi! Bu, hər bir Azərbaycan vətəndaşının qəlbinin  fərəhlə döyünməsinə, ürəyinin dağa  dönməsinə səbəb olan yaşantılar idi! Bu, Vətən müqəddəsliyininin  toxunulmaz olduğuna işarə idi! Bu, Azərbaycanın Silahlı Qüvvələrinin qələbəyə gedən yolu idi!

Bu,  AZƏRBAYCAN idi!

Bu, 100 ilin PARADı idi!

100 ilin paradı 100 ildi yol gəlirdi. 100 il əvvəl əsası qoyulan Silahlı Qüvvələrimiz 100 il sonra özünün  möhtəşəmliyi ilə bir təntənə yaratdı. Həmin gün Azadlıq Meydanındakı tribunanın önündən  nizami yerişlə keçən  minlərlə əsgər və zabiti, 240-dan çox hərbi texnikanı, 70-dən artıq uşuç vasitəsini, eləcə də ən müasir zirehli texnika, raket və artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini, helikopterlər, pilotsuz uçuş aparatlarını təkcə Azərbaycan xalqı deyil, həm də  Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə izlədi.

Həmin gün paytaxtın Baş Meydanı başlardan ucada dayandı. Səmada ucan üçrəngli  Bayrağımız başımızın üstündə qanad gərdi, cövlan etdi. Nə gözəl görütü idi! Heç bir zaman unuda bilməyəcəyim daha bir görüntü isə indi bu sətirləri yazanda da gözlərimin önünə gəldi: səmada göstərilən aviaşou Azərbaycan pilotlarının məharətinin, ustalığının bir parçası idi. Hərbu hava qüvvələrimizin şahinləri yaşıl, qırmızı, göy rənglə BAYRAQ görüntüsü yaratdılar. Təyyarələr uzaqlaşandan sonra Azərbaycan səmasında, Xəzər dənizinin üzərində bir-birinə qarışmış rənglər sanki, bir simfoniya yaratdılar. Al-əlvan boyalı həmin ahəng  insanın gözünün işığını artırırdı.

İşığın sönməsin, Azərbaycan!

Bütün bu sadaladıqlarımı və bu məqamda  yaza bilmədiyim, amma hələ də  yaşadığım hissləri 26 iyunda canıma-qanıma hopdurdum, göz yaddaşıma köçürdüm. Göz yaddaşıma köçürdüyüm  daha bir məqamı isə yazmadan keçə bilmirəm.  Ki... o an, o  baxış, o görünüş paradın möhtəşəmliyi qədər riqqətli idi. O, bir ANAnın, bir qadının üzündəki təşviş, gözündəki həyəcan  idi. O ana, o qadın Mehriban Əliyeva idi - Azərbaycan prezidentinin həyat yoldaşı, ölkənin birinci ledisi,  dövlətin birinci vitse-prezidenti. Şahinlərimizin  havada göstərdiyi riskli tryukları tribunadan izləyən  prezident İlham Əliyevin  gözlərində  nə qədər xoş bir  gülüş, üzündə bir təbəssüm, simasında qürur var idisə, Mehriban xanımın eyni hisslərlə yanaşı, həm də səmaya  zillənmiş gözlərində  o qədər təşviş, həyəcan var idi. Həmin anda o bütün vəzifələrdən ucada dayanan bir ANA idi. Azərbaycan əsgərlərinin, Vətən oğullarının məsuliyyətini çiyinlərində daşıyan QADIN idi. Nə xoş Azərbaycan anasına, nə xoş Azərbaycan qadınına!

Əslində  yazıya elə bu gözəl notlarla, xoş duyğularla da nöqtə qoya bilərdim. Amma  iki gündü demək olar ki, içimi didən bir məsələni  yazmamaqdan özümü saxlaya bilmirəm. Bu, paradı şərh edən Abdulla Qurbaninin səsi, diksiyası, nitqidi. Polkovnik Abdulla Qurbani uzun illərdi Müdafiə Nazirliyinin  vətənpərvərliklə bağlı  tədbirlərinin aparıcısı, bəlkə də təşkilatçısıdı.Təşkilatçı kimi  sözüm yoxdu, nə qədərini edib, ortaya  nələrisə qoya bilib, nəticə ürəkaçan olub...  bunu nazirliyin rəhbərliyi  daha yaxşı bilir. Amma 100 illik bir təntənənin möhtəşəmliyini çiyinlərinə götürmək 60 yaşlı  Qurbaninin  gücündə deyildi.

Doğrudanmı bu paradın təşkilatçıları bilimirlər ki, bir il əvvəl Müdafiə Nazirliyindən yaşla bağlı istefaya göndərilən polkovnik Abdulla Qurbanidən də savadlı, mükəmməl biliyə malik, gözəl səsi, diksiyası, nitqi olanlar bu ölkədə çoxdu? Sadalaya bilərəm, onları hər kəs tanıyır. Doğrudanmı təşkilatçılar həmin levitansayağı səs sahiblərini tapa bilməyiblər? Doğrudanmı anlamayıblar ki,  hərbi paradın görüntüsünü səsləndirən şərhçinin nitqindəki kamillik, möhtəşəmlik tədbirin  təntənəsini ikiqat artırır? Məncə, bilirlər. Ən azından, keçmiş SSRİ-nin Levitan təcrübəsi var, bunu xatırlamalı idilər.

100 ilin paradının, 100 illiyin bayramının təntənəsi, möhtəşəmliyi  hələ daha 100 il danışılacaq, şərh ediləcək, araşdırılacaq, yazılacaq. Amma əminəm ki, bütün bu xoş auranın  içində xoş olmayan "Abdulla Qurbani məqamından"  kimsə razı qalacağını  dilə gətirməyəcək, yazmayacaq...

Bayramın mübarək, AZƏRBAYCAN!

100 illik  doğuşun mübarək, Vətən!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR