Azərbaycanda hərb elminin inkişafının müasir ordu quruculuğuna müsbət təsiri

Və ölkədə hərbi kadr potensialının formalaşmasında atılan tarixi addım

Bu bir reallıqdır ki, istənilən ölkənin ayaqda qalması, onun daha güclü olması üçün həmin ölkənin müdafiə qabiliyyəti yüksək səviyyədə təşkil edilməlidir. Bunun üçünsə ilk növbədə nizami ordu yaradılmalı, formalaşdırılmalıdır. Çünki ordu bir ölkənin əsas bel sütunu hesab edilir. Etiraf etmək lazımdır ki, Azərbaycan hər bir məsələni çətinliklə dəf edib uğura nail olduğu kimi, müdafiə qabiliyyətinin təşkili, yüksəldilməsi, ordu quruculuğu məsələsində də qarşısına qoyduğu hədəfləri o qədər də asan və qısa vaxt ərzində reallaşdırmayıb.  Nədən ki, Azərbaycanın var olması, onun ayaqda qalması, hərbi qüdrətinin artması tarixən onu sevməyən güclərin, qüvvələrin maraqları ilə ziddiyyət təşkil edib.

Çar Rusiyasından üzü bəri müstəqil Azərbaycan Respublikası bərpa edilənə qədər olan müddətdə hər zaman qarşıya qoyulan bir nömrəli vəzifə və hədəf ondan ibarət olub ki, Azərbaycanda hərbi sahə inkişaf etdirilməsin, azərbaycanlıların hərbi biliklərə yiyələnməsinin qarşısı alınsın. Düzdür, Azərbaycan Çar Rusiyasının tərkibində olduğu illərdə xalqımızın dəyərli nümayəndələri, ayrı-ayrı fərdlər  imperiyanın ordu sıralarında xidmət etsə də, lakin bir qayda olaraq azərbaycanlılar əsasən orduda qeyri-hərbi fəaliyyətlərə, tikinti, mətbəxt işlərinə cəlb olunurdu. Hətta bir müddət Çar Rusiyası azərbaycanlıları müsəlman olduqları üçün  ordu sıralarına belə cəlb etmirdi. Belə demək mümkünsə azərbaycanlılar ordudan azad edilmişdilər. Təbii ki, bu da birbaşa azərbaycanlıların hərb sənətindən, bu sahədən tamamilə kənar düşməsinə hesablanmış məqsədyönlü addım idi.

Ancaq bütün bu qadağalar, məqsədli şəkildə yaradılan maneələrə baxmayaraq həmin dövrdə bəzi imkanlı ailələr övladlarının yüksək səviyyəli hərbi məktəblərdə təhsil almalarına xüsusi maraq göstərir, onların ali hərbi rütbələr almasına nail  olurdular. Nüfuzlu ali  hərbi məktəbləri bitirib rütbə qazanan həmin azərbaycanlılar da sonradan öz təcrübələrini Çar Rusiyasının ordusu ilə bölüşür, döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq nümunələri göstərirdilər. Müxtəlif illərdə Ehsan xan, general Kəlbəli xan, Hüseyn xan, İsmayıl xan, Cəmşid xan Naxçıvanskilər. Bakıxanovlar və s. dəyərli Azərbaycan oğulları rus ordusunun tarixində görkəmli yer tutublar. Həmçinin Talışxanovlar sülaləsindən bir çox generalların tariximizin səhifələrində xüsusi yeri var.

Azərbaycanda hərbi sahədə mütəxəssislərin hazırlanması, hərb elminin inkişaf etdirilməsinə Azərbaycan Xalq Cümhuriyyəti dövründə  xüsusi diqqət ayrılmağa başlandı. Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Beləliklə, 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Hərbi Nazirliyə Fətəli Xan Xoyskinin rəhbərlik etməsi, onun müavini postuna artilleriya generalı Səməd bəy Mehmandarovun təyin olunması qısa müddətdə ölkədə hərb elminin, hərbi təhsilin inkişaf etdiriləcəyinə ümidlər yaradırdı. Ancaq bu istiqamətdə çətinliklər də yox deyildi. Belə ki, Cümhuriyyət ordusunda xidmət edən yüksək rütbəli zabitlərin böyük əksəriyyəti çar ordusu sıralarında hərbi xidmət keçidiyindən onlar rus ordusunun ənənələri ruhunda tərbiyə olunmuşdular. Milli hökumətin ordusunu isə milli dəyərlər üzərində formalaşdırmaq  zəruri idi. Demək olar ki, Cümhuriyyət dövrünün Hərbi Nazirliyi qısa zamanda həmin problemi aradan qaldırmağa,  hərb elmini həm inkişaf etdirmək, həm də milliləşdirməyə nail oldu. Beləliklə, Azərbaycanda milli iradəyə söykənən ordu formalaşdırıldı.  

Paralel olaraq hərbi sahədə milli kadrlarının hazırlanması da Cümhuriyyət dövründə qarşıda dayanan mühüm vəzifələrdən idi. Bu məqsədlə türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncədə fəaliyyətə başlamış hərbi məktəbin fəaliyyəti yenidən quruldu və eyni zamanda onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi. Paralel olaraq praporşiklər məktəbinin bazasında Hərbiyyə məktəbi də açıldı ki, bu da milli hərbi kabrların hazırlanması, hərb elminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan bir hadisə idi. Həmin illərdə Azərbaycan Ordusuna milli hərbi kadrlar hazırlayan İstehkam məktəbi, hərbi dəmiryolçular məktəbi və hərbi feldşer məktəbi də açıldı. Bütün bunlar 23 aylıq fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin ölkədə hərbi sahənin inkişaf etdirilməsi, bu sahədə milli kadrların hazırlanması, həmçinin hərbi təhsilin inkişaf etdirilməsi istiqamətində atmış olduğu mühüm addımlardan idi. Təəssüflər olsun ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti XI Qızıl Ordu tərəfindən süquta uğradıldıqdan sonra onun malik olduğu bütün resurslar da mənimsənildi, məhv edildi. Hər bir istiqamətdə olduğu kimi qısa zamanda hərbi təhsilin inkişaf etdirilməsi yönündə görülən uğurlu və nəticəli işlər də yarıda qaldı. Yenidən Azərbaycan Rusiyanın əsarəti altına girərək bütün milli haqq və hüquqlardan məhrum edildi. Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən süqutundan sonra müstəqil Azərbaycan Ordusunun məhv edilməsi xətti götürüldü, milli ordu hissələri ləğv olundu. Azərbaycanlılar Sovet Silahlı Qüvvələri sıralarında hərbi xidmətə cəlb edildi. Ancaq  Azərbaycanın SSRİ tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə müxtəlif süni maneələr yaradılırdı.

Demək olar ki, Çar Rusiyası dövründə azərbaycanlılara qarşı tətbiq edilən ədalətsiz mövqe, yanaşma davam edirdi. Azərbaycanlılar yenə hərbi xidmətdə yalnız tikinti işlərinə cəlb edilir,  onların hərb sənətinin sirlərinə yiyələnməsinə qarşı ciddi sədd çəkilirdi.  Bu proses XX əsrin əvvəllərindən, daha doğrusu Azərbaycan Xalq Cümhuriyyəti devriləndən həmin əsrin 70-ci illərinə qədər davam etdi.

Yalnız ümummilli lider Heydər Əliyevin birinci dəfə, 1969-cu ilin iyul ayında hakimiyyətə gəlişindən sonra  hər bir sahədə olduğu kimi hərbi sahədə də ciddi dəyişikliklər və müsbət mənada irəliləyişlər baş verdi.  Məlumat üçün qeyd edək ki, həmin ilə qədər Azərbaycanda fəaliyyət göstərən Bakı şəhəri Ali Soveti adına Ali Ümumqoşun Komandirləri məktəbində əsas yüksək vəzifələri ruslar və ermənilər tuturdu. Məsələn, sözügedən məktəbin rəisi Avakyan adlı erməni idi.  Bakı şəhəri Ali Soveti adına Ümumqoşun Komandirləri məktəbinə azərbaycanlılar qəti qəbul edilmirdi. Yalnız nadir hallarda bir-iki nəfər azərbaycanlının həmin məktəbə qəbuluna imkan verilirdi. Həmin azərbaycanlı ailələrin bir tərəfi isə həmişə qeyri-azərbaycanlılardan, qeyri-müsəlmanlardan ibarət olurdu. Həmçinin Bakıdakı Kirov adına Dənizçilik Məktəbinə də qəbul eyni prinsip əsasında aparılırdı. Həmin məktəbə tamamilə ruslar nəzarət edirdi və ora azərbaycanlıların qəbulu istisna təşkil edirdi.

O illərdə keçmiş SSRİ-də hərbi təmayüllü iki internat məktəbi vardı ki, onlardan biri Naximov, digəri isə Suvorov adına hərbi təmayüllü məktəblər idi. Lakin, tədrisin rus dilində olması və uzaqda yerləşmələri orada azərbaycanlıların təhsil almasını çətinləşdirirdi.

1969-cu ildə Heydər Əliyevin respublikanın birinci katibi təyin edilməsindən sonra hər bir istiqamətdə olduğu kimi qeyd edilən sahədə də müsbət irəliləyişlər, demək olar ki, inqilabi dəyişikliklər baş verdi. Ölkədə hərbi kadrların hazırlanması üçün Azərbaycan Maarif Nazirliyi və respublika Hərbi Komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırlayır. Həmin müraciət dərhal müzakirə olunur və 20 iyul 1971-ci ildə "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verilir.

Düzdür, ilk illərdə bu məktəbin fəaliyyət göstərməsi kifayət qədər ağır olsa da, lakin sonradan həmin çətinliklər aradan qaldırıldı. Uzun illər hərbi peşədən uzaq düşmüş azərbaycanlıların yenidən bu peşəyə marağını artırmaq üçün müəyyən zaman tələb olunurdu və tezliklə bu problem də aradan qaldırıldı. Beləliklə, 1971-ci ildə Heydər Əliyev hərbi kadrlar hazırlayacaq məktəbi açmaqla azərbaycanlı zabitlərdən ibarət peşəkar hərbiçilərin yetişdirilməsi istiqamətində mühüm və tarixi bir addım atmış oldu. Bu  isə təbii ki, həm Moskvanı, həm də erməniləri qətiyyən qane etmirdi.  Azərbaycanda hərbi kadrların yetişdirilməsi, peşəkar zabit korpusunun hazırlanması Moskva ilə yanaşı erməni lobbisini də qane etmədiyi üçün hər iki qüvvə Azərbaycana, daha dəqiq desək Heydər Əliyevə qarşı mərkəzləşmiş şəkildə mübarizə aparırdı. Əsas məqsəd Heydər Əliyevi aradan götürməklə Azərbaycanda hərbi kadrların hazırlanması prosesinin qarşısını almaq idi.  Heydər Əliyev hakimiyyətdən getdikdən sonra Onun Azərbaycana miras qoyduğu bütün dəyərlər, işlərə, eləcə də hərbi məktəbə qarşı da basqılar artdı. Artıq 1989-cu ildə bu təzyiqlər daha qabarıq şəkildə özünü büruzə verirdi. Əsassız yerə Hərbi Məktəb tənqidlərə məruz qalır, respublika Maarif Nazirliyi tərəfindən burada təmizləmə işləri aparılırdı. Məqsəd heç şübhəsiz ki, Azərbaycanın peşəkar hərbi kadrlar yetişdirməsinin qarşısını almaq idi. Çünki həm Moskva, həm də onunla sıx işləyən erməni lobbisi gözəl bilirdi ki, hər bir xalqın, dövlətin gücü onun ordusundadır. Ordunun əsasını isə onun zabit korpusu təşkil edir. Azərbaycanda zabit korpusunun formalaşdırılması isə gələcəkdə ölkəmizin müstəqil bir dövlət olacağı təqdirdə bədnam qonşularımız üçün təhlükə sayıla bilərdi. Lakin Heydər Əliyevin təməlini qoyduğu bu proses möhkəm dayaqlar üzərində olduğundan Cəmşid Naxçıvanski adına hərbi liseyin bağlanması, azərbaycanlı hərbi kadrların hasırlanmasının qarşısının alınması kimi mənfi tendensiyaları aradan qaldırmaq mümkün oldu. Və nəticə etibarilə sözügedən hərbi lisey əhatə dairəsini, fəaliyyət istiqamətlərini daha da genişləndirərək Ali Hərbi Məktəbə çevrildi.

Zamanında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, ölkədə hərbi kadrların hazırlanması istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin mütləq əksəriyyətini məhz həmin lisey və Ali Hərbi Məktəbin yetirmələri təmsil edir. Təsadüfi deyil ki, Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxunu da məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirmələri təşkil edir.  Bu danılmaz faktdır ki, Azərbaycanda ordu quruculuğunda həmin hərbi məktəbin rolu kifayət qədərdir. Fəaliyyəti müddətində liseyi 10 minə yaxın məzun bitirib ki, onlardan onlarla hərbiçi general, admiral rütbələri alıb.

Süleyman İsmayılbəyli

Yazı Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirilən "Hər birimiz Vətənə xidmət edirik" mövzusundakı yazı müsabiqəsinə təqdim edilir 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR