Müstəqil Azərbaycanın güclü ordusu formalaşıb

Bu gün Silahlı Qüvvələrimiz qarşısına qoyduğu bütün hədəflərə nail olmaq əzmindədir

Günümüzdə Azərbaycan bütün parametrləri üzrə özünün inkişaf dövrünü yaşayır. Təkcə siyasi, iqtisadi, humanitar və sosial sahədə deyil, eləcə də hərbi sahədə Azərbaycan bu gün regionun ən aparıcı dövlətlərindən biri rolunu oynayır. İldən-ilə artan iqtisadi qüdrətimiz hərbi sahədə də özünün müsbət tərəflərini göstərir.

Hazırda Azərbaycan Ermənistanla müharibə şəraitində olduğundan haqlı olaraq iqtisadi sahədən əldə etdiyi gəlirlərin müəyyən bir hissəsini hərbi sahəyə yönəldir, özünün hərbi qüdrətini artırır. Qeyd etdiyimiz kimi, bu bir tərəfdən Ermənistanla müharibə şəraitində olmağımızla bağlıdırsa, digər tərəfdən zərurətdir. Çünki müstəqil bir ölkənin ayaqda qalması, xarici təhdid və təhlükələrdən uzaq olması üçün onun hərbi qüdrətinin artırılması başlıca şərtdir.

Əgər son 15 il ərzində hərbi sahədə əldə etdiyimiz nailiyyətlər, uğurlara nəzər salsaq bunun əyani şəkildə şahidi olarıq. Artıq Azərbaycanda nizami ordu formalaşıb. Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, ordumuz müasir silah-sursat və texnika ilə təchiz edilib. Paralel olaraq Azərbaycan Ordusunda yüksək vətənpərvərlik hissləri, döyüş əhval-ruhiyyəsi də mövcuddur. Bütün bunlara gərgin və məqsədyönlü fəaliyyət nəticəsində nail olunub. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı təşkil edilən rəsmi qəbulda çıxışı zamanı bu məqama diqqət çəkərək bildirib: "Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi".

Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan Ordusu öz sözünü məhz döyüş meydanında, 2016-ci ilin aprelində dörd günlük hərbi əməliyyatlar zamanı dedi. Aprel döyüşlərinə qədər təkcə Ermənistan deyil, eləcə də onun havadarları, beynəlxalq aləmdə işğalçı ölkənin dəstəkləyən dairələr hesab edirdilər ki, artıq Azərbaycan işğal faktı ilə barışıb və gec-tez torpaqlarının erməniləşdirilməsi reallığını qəbul edəcək. Çünki birinci Qarabağ müharibəsi zamanı üzləşdiyimiz uğursuzluqlar belə bir təəsürat formalaşdırmışdı. Lakin aprel döyüşləri və ordumuzun uğurlu hərbi əməliyyatı bu mifi tamamilə dağıtdı. Həm Ermənistanda, həm də onun havadarlarında qəti bir əminlik yaratdı ki, Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyduğu istənilən məqsədi reallaşdırmağa qadirdir. Çünki son 15 ildə Azərbaycan Ordusu kifayət qədər güclənib, inkişaf edib. İndi Azərbaycan Silahlı Qüvvələri müstəqil Azərbaycanı tam qorumaq əzmindədir. Elə Prezident İlham Əliyevin də dediyi kimi güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır: "Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir. Biz güclü iqtisadiyyat yaratmışıq. Biz təbii resurslarımızdan çox böyük səmərə ilə istifadə etmişik və iqtisadi müstəqillik siyasi müstəqilliyimizin əsas amilidir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Güclü iqtisadi əsaslar gələcəkdə də imkan verəcək ki, Azərbaycan heç kimdən asılı olmayaraq uğurla inkişaf etsin".

Bu gün Azərbaycan Ordusu təkcə müstəqil dövlətimizi xarici təhdid və təhlükələrdən qorumur. O, eyni zamanda beynəlxalq sülhyaratma missiyasında yaxından iştirak edir. Uzun illərdir Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun sülhyaratma missiyasının tərkibində Əfqanıstanda sülhün və sabitliyin bərqarar olmasında yaxından iştirak edir. Bu Azərbaycan Silahlı Qüvvələrinin eyni zamanda NATO ilə yaxın əməkdaşlığının əyani sübutudur. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, son illər dünyanın əsas güc mərkəzlərinin hərbi dairələrinin əsas görüş yeni məhz Bakı şəhəri seçilir ki, bu da Azərbaycanın beynəlxalq təşkilat və qurumlarla, ayrı-ayrı dövlətlərlə siyasi və iqtisadi sahə ilə yanaşı hərbi sahədə də uğurlu əməkdaşlıq etdiyinin göstəricisidir.

Bu gün özünün qüdrəti, gücü, potensialı ilə  regionun lider dövləti və güclü ordusu kimi tanınan Azərbaycan Silahlı Qüvvələri yubiley ərəfəsindədir. İyunun 26-da təsis olunması gününü qeyd edən Azərbaycan Ordusu öz gücünü, potensialını nümayiş etdirməklə yenə dostları sevindirəcək, düşmənlərin isə yuxusunu ərşə çəkəcək. Azərbaycan Silahlı Qüvvələri iyunun 26-da bir daha düşməni xəbərdar edəcək ki, işğal altında olan torpaqlarımızın azad edilməsinin zamanı yetişib.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR