Vətəni azad etmək arzusu ilə alışıb-yanan əsgər

Tabutuna sığışmayan kəşfiyyatçı

Aprel qəhrəmanları Azərbaycan gəncləri üçün əsil vətənpərvərlik nümunəsinə çevriliblər. Artıq şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar dillər əzbəri olub. Belə igid oğulların keçdiyi həyat yolunun ictimaiyyətə çatdırılması nəinki gənclər, eləcə də bütün soydaşlarımızın vətənpərvər ruhunun yüksəlməsində əhəmiyyətli rol oynayır. Ötən il aprelin ilk gecələri... Gör neçə ailəyə kədər, qəm qüssə və qürur gətirdi. 4 gecə dünyanın gözləri Azərbaycana dikildi, 4 gecə 7-dən-77-yə hər kəsin qulağı səsdə oldu, qəlbi nigaran döyündü. Dünyanın hər yerində yaşayan azərbaycanlılar, azərbaycansevənlər diplomatik korpuslarımızın qarşısına gəlib, Azərbaycanın müqəddəs döyüşlərində iştirak etmək arzusunda olduqlarını bildirdilər. Tarixi torpaqlarımızda səngər quran ermənilər o gecə bir daha atəşkəsi pozaraq, guya əsgərlərimizi qorxutmaq istədilər. Vətəni azad etmək  arzusunda alışıb-yanan igid əsgərlərimizin tükənmiş səbrini daha kimsə basa bilmədi. Milli Ordunun sərkərdəsi general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə hesablanmış taktika ilə hücuma keçən əsgərlərimiz bizə QƏLƏBƏ sevincini yaşatdılar. 4 günün içərisində düşmən tapdağı altında olan torpaqlarımızın kiçik bir hissəsini erməni qəsbkarlarından təmizlədilər. Döyüşlərdə itki də olur, şəhid də.  Bu QALİBİYYƏT döyüşlərində Vətənimizin itkiləri də oldu. Bayraqlara bükülmüş tabutları analar, bacılar harayla, göz yaşı ilə qarşılayar. Bu həmişə belə olub, adına da müharibənin yazılmamış qanunları deyirlər. Aprel şəhidlərimizdən biri də 26 yaşlı Dilsuz Məmmədağa oğlu Qarayev idi. O, Ağcabədi rayonunun Hindarx qəsəsində ana babasının evində  böyümüşdü. Anası Cəvahir xanım deyir ki, oğlu həm ailəsinin, həm də kəndinin əziz-xələfi olub: "Abrı-həyası, davranışı ilə hamıya nümunə idi. Əsgərliyə gedib qayıdandan sonra, atasınnı evində qalan 2 qardaşı ilə də mütəmadi görüşməyə başladı. Böyük oğlan idi, artıq öz yolunu müəyyən edə bilirdi. Onu böyüdənə qədər kimsəyə boyun əymədim. Balama 2013-cü ilin aprelin 17-də toy çaldırdıq. Toyunun xərc-xəracını da özü çəkmişdi". Gövhər ana deyir ki, igid Vətən oğlu Dilsuz Qarayev 7 il idi ki, hərbi hissədə qulluq edirdi. Kəşfiyyatçı olduğundan sirrindən-sözündən, hara gedib-gəlməsindən kimsənin xəbəri yox idi. Lakin haraya getsə, hansı təlimdə olsa, hansı tapşırığı yerinə yetirsə də, evinə salamat qayıdardı. İki il idi ki, Sumqayıtda 47-ci məhəllədə ev də almışdı. Dilsuz anası ilə həyat yoldaşını da aparıb təzə evində şad-xürrəm, xoşbəxt arzularla yaşayırdı. Həyat yoldaşı Röya deyir ki, sonuncu dəfə 27 martda zəng vurdu ki, "hazırlaş gəlib səni gəzməyə aparacam". Günorta gəldi. Günün ikinci yarısı apardı məni Bakıda Dənizkənarı bulvarda xeyli gəzdik, dolandıq, gülüb-danışdıq. İndi fikirləşirəm ki, ayrılığı gözünə alaraq, gümanlar içərisində məni gəzməyə aparıb. Mənimlə gülə-gülə danışırdı, ürəyində isə bəlkə də ayrılıq xiffəti çəkirmiş.Tez-tez onunla Şəhidlər Xiyababnına baş çəkərdik. Orada uyuyan cavanların şəklini başdaşında görəndə həmişə məni ağlamaq tutardı. Dilsuz deyirdi ki, "ağlama, şəhidflik böyük şərəfdir. Şəhidlər üçün ağlamazlar". Elə bil ürəyinə dammışdı. Bu il mart bayramlarının hamısında məni gəzməyə apardı. Ancaq şirin xatirələri qalıb indi. 28 martda gedəndə dedi ki, aprelin 4-ü qayıdacaq. Hələ cəbhə bölgəsində narahatçılıq olanda da  telefonıa zəng edib, deyirdi ki, narahat olmayaq.  Aprelin 1, 2, 3-də onunla əlaqə saxladıq. Lakin aprelin 3-ü axşam saat 6-da həlak olub. Həmişə düşmən qabağına gedib, uğurlu əməliyyatlar keçirib. Onun nə qədər fəxri fərmanları, medalları var. Təlim keçdikləri hərbi hissəyə ali qonaqlar gələndə onları həmişə on sıraya düzərdilər. Bütün döyüşlərdə, əməliyyatlarda fərqlənirdi. Hətta   Müdafiə Nazirliyindən mükafat olaraq bizə böyük televizor hədiyyə etmişdilər. Ardınca da  Müdafiə Nazirliyi hərbi hissə daxilində bizə xidməti ev də vermişdi. Guya ki, mart ayının 28-də oraya köçəcəkdik. O isə həmin gün təlimə getmək adı ilə bizdən ayrıldı...

26 yaşlı kəşfiyyatçı Dilsuz Qarayev də son döyüşlərimizdə qəhrəmanlıq göstərib, Tərtərin Talış kəndində rekaşet atəşə tuş gəlib. Məlumata görə, o, son nəfəsinə qədər düşmənin bir neçəsini cəhənnəmə vasil edə bilib: "Kəndimiz, elimiz-obamız, ailəsi üçün böyük itkidir. Dilsuzun ana babası Sərhəd Hacıyev çox igid və mərd kişi idi. Bizim kənd, el-oba boyda hörməti var idi. Bu uşağı da babası tərbiyə etmişdi. Onu özü kimi böyütmüşdü. Ötən il sentyabrın 27-də dünyasını dəyişdi. Yaxşı ki, nəvəsinin tabutunu görmədi". Adətən cəbhədən gələn tabutları açmırlar. Görənlər deyirlər ki,  Dilsuz Qarayevi tabuta qoyanda enli kürəkli, pəhləvan cüssəli bu igid tabuta sığmayıb, onun üçün daha böyük  tabut hazırlayıblar. Babasının həyətindəki vida mərasimində minlərlə adam iştirak edib. Ağcabədi və ətraf rayonlardan dəstə-dəstə qəhrəmanın sorağını alıb gələnlər üçrəngli zəfər bayrağımızı əllərində tutaraq, onu son mənzilə ehtiramla yola salıblar. Bir daha xatırladaq ki, gizir Dilsuz Qarayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.Aprelin 4-ü isə Dilsuz Qarayev doğulduğu Ağcabədi rayonunun Hindarx kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qarayev uğrunda şəhid olduğu torpağa tapşırılıb. Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Dəfn mərasimində iştirak edənlər deyirlər ki, şəhidlərimizin dəfn mərasimində dalğalanan yüzlərlə Azərbaycan bayrağını görəndə insanın ürəyi təlatümə gəlir. Axı o ucada dayanan bayraqları bayraq edən üstündəki qandır! Bu elə bir hissdir ki... O bayrağın həmişə ucalarda olması üçün Azərbaycan xalqı, Azərbaycan igidləri hər zaman canlarından, qanlarından keçməyə hazırdılar. Və inanırıq ki, Vətənimizə uzanan nahaq  düşməni çox yaxın vaxtda öz qanlarına boyamağa hələ iradəmiz və gücümüz var. O gün lap yaxındadır. 24-25 il ərzində tökülən hər şəhid qanının, körpə uşaqların, qoca anaların, ataların qisasını qiyamətə qoymarıq. Çünki biz apreldə dünyaya bir daha kim olduğumuzu sübut edə bildik.

Alim Hüseynli  

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR