Aprel qəhrəmanları-Azərbaycanın qələbə müjdəçiləri

Azərbaycan tarixinin şanlı səhifələrindən olan Aprel qələbəsi hələ uzun illər xatırlanacaq, bu qələbəni xalqa, Azərbaycan ictimaiyyətinə bəxş edən Vətən övladlarımızın əziz və ölməz xatirəsi hər zaman uca tutulacaq. Necə ki, günümüzdə də xalqımız Aprel şəhidlərinə öz dərin ehtiramını izhar edir.

Məlumdur ki, Aprel hadisələri zamanı Azərbaycan Silahlı Qüvvələri də müəyyən qədər itgi verdi və bu itgi bizim hər birimiz üçün ağır, hüznlü oldu. Ancaq eyni zamanda Vətən övladlarımızın şücaətindən, göstərdikləri igidlikdən qürurlandıq, fəxr hissi keçirdik. Çünki onlar 4 günlük müharibə zamanı əsl qəhrəmanlıq nümayiş etdirərək Azərbaycanın uzun illərdən sonra qələbə tarixini yazdı.

Samid İmanov kimi. Məlumat üçün qeyd edək ki, Samid Gülağa oğlu İmanov 1981-ci il oktyabr ayının 14-də Neftçala rayonunun Həsənabad kəndində anadan olmuşdur. 1998-ci ildə Neftçala rayonu 1 nömrəli orta məktəbi bitirmiş və həmin il Ali Hərbi Məktəbə daxil olmuşdur. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdir .2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etmişdir. Türkiyədə "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası" "Komando təlimi" və Paraşütdən sərbəst atlayış kurslarında, habelə "Anadolu -2007″, "Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində ", Pakistanda "Ləpirçi" və "Antiterror" kurslarında, İsveç krallığında "Dağ təlimi "kursunda, Rumıniyada "Dağa dırmanma üzrə təlimatçı" kursunda iştirak etmişdir.
Bir müddət Azərbaycan Respublikası müdafiə nazirinin mühafizə xidmətinin rəisi olmuş, daha sonra öz istəyi ilə yenidən xüsusi təyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir. 2014-cü il avqust ayında erməninin təxribatının qarşısını almaq üçün Samid İmanovun dəstəsi əməliyyat keçirmiş 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar.
2016-cı ilin aprel ayının əvvəllərində Qarabağda dördgünlük müharibədə, döyüşdə yaralanan komandir mayor Samid İmanov əsgərlərinin onu döyüş meydanından çıxarılmasına etiraz eləmiş, yaralı gizirin çıxardılmasını əmr etmişdir. Əsgərlərinin etirazına baxmayaraq. əmrin icra edilməsi üçün qəti göstəriş vermişdir. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, amma komandiri yerində tapa bilməmişlər. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oradan uzaqlaşmış, lakin aldığı yaralardan qanaxma nəticəsində dünyasını dəyişmişdir.
Samid İmanov, 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Aprel qəhrəmanlarından biri də həmin hadisələr zamanı böyük şücaət göstərmiş Şükür Həmidovdur. Məhz Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə, Şükür Həmidov ən yüksək ada layiq görülüb. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə polkovnik-leytenant Həmidov Şükür Nəriman oğlu prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb. Polkovnik-leytenant Şükür Həmidov Ermənistan ordusu tərəfindən işğal edilən Qubadlı rayonundandır.

Qeyd edək ki, Aprel döyüşlərindən bir müddət sonra ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupunu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib.

Dördgünlük müharibədə Azərbaycan ordusu düşmənə öz gücünü göstərdi. Bu döyüşdə qəhrəmancasına şəhid olanlardan biri də polkovnik-leytenant, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdir. Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Onun babaları 1948-1953-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiya olunub. Muradın babası Fərzalı kişi sovet dövründə öz doğma yurd-yuvasından məcburi şəkildə köçürülüb. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Türkiyədə 600 nəfər arasında ən yüksək göstəriciyə nail olub, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən "Qılınc" mükafatı ilə təltif olunub. ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. Milli Ordunun ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən olub. Murad Mirzəyevin yaxınları onun hər zaman vətəninə, ailəsinə necə bağlı olduğunu, diqqətə çatdırıblar. Bildiriblər ki, M.Mirzəyev həyatının böyük hissəsini işinə bağlayıb. Bununla yanaşı şəhidimiz ailəsinə həddən ziyadə bağlı, çox sadiq bir ailə başçısıydı. Murad Mirzəyev sözün həqiqi mənasında gənclərimiz, uşaqlarımız üçün bir vətənpərvərlik nümunəsi idi. Həyatda ən ali məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi idi. Dördgünlük müharibə zamanı döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Süleyman

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR