TN: İndiyədək 140 min müəllimin diaqnostik qiymətləndirilməsi aparılıb

Ötən 4 ildə hər il müəllimlərin işə qəbulu prosesində iştirak edən iddiaçıların sayı artıb.  Təhsil Nazirliyindən verilən xəbərə görə, 2015-ci ildə bu rəqəm 24437 nəfər olubsa, 2016-cı ildə 34888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2879, 2016-cı ildə 3000-dən çox olub ki, bunların da 86 faizi həvəsləndirmə tədbirləri ilə qəbul edilib. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi üzrə yeni Qaydalara əsasən, namizədin işə qəbul müsabiqəsi nəticəsində topladığı bal 1 il qüvvədə qalır və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. 2016-2017- ci tədris ili üçün keçirilmiş işə qəbulu müsabiqəsində namizədlərin topladıqları bal 2017-2018- ci tədris ili üçün keçiriləcək müsabiqədə də qüvvədə saxlanılır. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür. Ölkədə bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır.

İxtisasartırma təhsilinin forma və məzmunu yenilənib. İxtisasartırma təlimləri ali və əlavə təhsil müəssisələri tərəfindən təşkil edilir, müdavimlərin yekun qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılır. Yekun qiymətləndirmədən uğurla keçən müəllimlərə sertifikat verilir. İxtisasartırma proqramlarının kataloqu hazırlanır. Kataloqlar müəllimlərin proqram seçiminə imkan verəcək. 2016-2017- ci tədris ilində 17 min nəfərə yaxın müəllim ixtisasartırma təhsilinə cəlb olunub. 2016-cı ildə 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını I və ya II sırada seçən abituriyentlərin sayı 977 nəfər olub. Bu isə ötən ilə nisbətdə 40 faiz artım deməkdir.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla nazirlik tərəfindən həyata keçirilir. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib. Yerdəyişmənin növbəti mərhələsi - bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə də vahid proqram təminatı ilə aparılır. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR