Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 km-dir. IV texniki dərəcəli avtomobil yolu çınqıl örtüklü olmaqla uzun illər istismar olunduğundan və təmir işləri aparılmadığından yolun torpaq yatağı və yol əsası istismar müddətini keçmiş, yararsız vəziyyətə düşmüşdür. Avtomobil yolunun təmir olunmasına ehtiyac yaranmışdır. Bu üzdən Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.

Yenidənqurma işləri çərçivəsində 21500 kub.m həcmdə torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, yolun üst yamac hissəsi 12 min kub.m həcmdə kəsilir, 45 min kub.m həcmdə isə torpaq yatağı qazılıb, əvəzinə yararlı qrunt tökülərək yayılıb kipləşdirilir. Zəruri olan yerlərdə 1 m diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də görülür.

Layihəyə uyğun olaraq çiyin hissələrin 60 min kv.m sahədə 12 sm qalınlıqda optimal-çınqıl materialı ilə bərkidilməsi, beton küvetlərin alt hissəsinin qum-qırmadaş materialı ilə düzləndirilməsi, küvetlərin dəmir-betonla təmiri işlərinin aparılması, yol birləşmələri və kəsişmələrinin təmiri də nəzərdə tutulur.

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışı təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR