Yol polisi müraciət etdi - Bu dəfə səfərə çıxan sürücülərə

Yay mövsümündə müxtəlif regionlara səyahətə çıxan, istirahət zonalarına gedən insanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlir. Belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır.

İdarədən verilən məlumata görə, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə bir daha nəzarət edilməlidir, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə mümkün qədər günün sərin vaxtlarında yola çıxmaq məsləhətdir.

Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, hər hansı qəza zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.

Qeyd olunur ki, rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir:

"Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun halda sükan arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.

Yol hərəkəti qaydalarına riayət etməklə bayram günlərini özünüzün və əzizlərinizin xoş keçirməsi üçün zəmin yaratmış olarsınız".

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR