Azərbaycanın inkişafını şərtləndirən tarixi hadisə

Və yeni əsrdə yeni əməkdaşlıq imkanları

Sentyabrın 20-i neft sənayesi işçilərinin peşə bayramıdır. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra tarixə düşən bu gün ümummilli lider Heydər Əiiyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti və qətiyyəti nəticəsində 1994-cü il, sentyabr ayının imzalanan həmin müqavilə Azərbaycanın inkişafını şərtləndirən başlıca amilə çevrildi.

Bu gün Neftçilər Gününü qeyd edən Azərbaycan xalqı ikiqat bayram sevincini yaşayır desək yanılmarıq. Bunun isə başlıca səbəbi bir neçə gün əvvəl məhz "Əsrin müqaviləsi"nə bərabər bir sazişin, Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi barədə sənədin imzalanması oldu. İmzalanan saziş Azərbaycanla bərabər, Avropa üçün də mühüm əhəmiyyət kəsb etdiyindən dünya dövlətləri tərəfindən ona ciddi şəkildə maraq özünü ehtiva etdi. Hər halda sazişin imzalanması mərasimində çoxsaylı dövlət rəsmiləri və xarici şirkət rəhbərlərinin iştirakı bunu deməyə əsas verirdi. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Eldəniz Səlimov deyir ki, bu gün artıq  xarici ölkələr və nüfuzlu beynəlxalq şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş məlum yeni Saziş də məhz bunun əyani sübutu və göstəricisidir.Millət vəkili deyib ki, yeni Saziş 1994-cü ildə imzalanan və 23 ili tamam olan "Əsrin müqaviləsi" ilə eyni əhəmiyyətə malikdir: "Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev də bu Sazişi yeni əsrin müqaviləsi kimi dəyərləndirdi. Müqavilənin uzadılması həm də  onu sübut edir və göstərir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Məlumdur ki, birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi. Əslində isə neft ehtiyatları daha çoxdur. Yeni Sazişə əsasən həmin yataqlarda neft ehtiyatlarının 500 milyon ton həcmində olması proqnozlaşdırılır. Bu da o deməkdir ki, yeni sazişin icrası nəticəsində dövlətimizin gəlirləri daha da artacaq". Eldəniz Səlimov onu da qeyd edib ki, 2016-cı ildən ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət və üstünlük verilir: "Dövlət başçımız da dəfələrlə vurğulayıb, bəyan edib ki, bizim gələcək iqtisadi siyasətimizdə qeyri-neft sektorunun inkişafı prioritet təşkil etməlidir, neft faktorunu kənara qoymalıyıq. Təbii ki, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəticələr verməkdədir. Belə ki, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə ciddi nəticələr əldə olunur. Hazırda sənayə mərkəzləri, məhəlləri yaradılır ki, bunlar da yaxın illərdə daha böyük nailiyyətlərə yol açacaq. Yəni həm neft, həm də qeyri-neft sektorundan ölkəmiz daha böyük həcmdə gəlirlər əldə edəcək. Əsas odur ki, gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək".

Millət vəkili "Əsrin müqaviləsi" imzalanan ərəfədə olduğu kimi, hazırda da antiAzərbaycan qüvvələrin fəallaşdığını və onların son imzalanmış sazişin gözdən salınması istiqamətində ciddi cəhdlə çalışdıqlarını vurğulayıb. bu yerdə diqqəti digər bir məqama da yönəldib: " Əsrin müqaviləsi"nin müddətinin uzaldılması, yeni Sazişin imzalanmasından sonra anti-Azərbaycan dairələri ölkəmizə qarşı yenidən "səfərbər" olub, "fəal"laşıblar. Çünki onlar 90-cı illərdə olduğu kimi, indi də Azərbaycanın müstəqilliyini, ölkəmizin inkişafını, tərəqqisini, müstəqil siyasət kursunu istəmirlər, bunları heç cür qəbul və həzm edə bilmirlər. Onlar Azərbaycanı zəif, gücsüz, sözə və ələbaxan "üçüncü dünya dövlətləri"nidən biri kimi görmək istəyirlər. Ancaq hər dəfə xəyal qırıqlığına uğrayır, iflasa məhkum olurlar. Ölkə Prezidentinin uzaqgörən,  balanslı və  tarazlaşdırılmış siyasəti, xalqla iqtidarın sıx birliyi, vəhdəti nəticəsində həmin məkrli dairələrin məkirli niyyətləri baş tutmur, arzuları gözlərində qalır. Bu dəfə də belə olacaq. Həmin qüvvələr nə qədər cəhd etsələr də, Azərbaycanın müstəqil siyasət kursuna, ölkəmizin inkişafına, tərəqqisinə mane ola, onu yolundan döndərə, geriyə çəkə bilməyəcəklər. Ölkə Prezidentinin siyasi iradəsi və Azərbaycan xalqının qətiyyəti, iqtidar ətrafında birləşməsi buna imkan verməyəcək".

Siyasi şərhçi Azər Verdiyev isə bildirib ki, bu cür sazişlər Azərbaycanın artmaqda olan iqtisadi qüdrətini, onunla birlikdə dünyadakı siyasi çəkisini daha da artırır: "Bunu Azərbaycan Prezidenti də qeyd edərək söylədi ki, əgər 1994-cü ildə ulu öndər Heydər Əliyevin gərgin zəhməti nəticəsində "Əsrin kontraktı" imzalanmasaydı, Azərbaycanın bugünkü durumunu təsəvvür etmək çətin olardı. 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə "Əsrin kontraktı"nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi tarixi nailiyyətdir". Azər Verdiyev əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin neftçiləri beynəlxalq şirkətlərdən olan tərəfdaşları ilə birgə yeni sazişin uğurla yerinə yetirilməsini təmin edəcəklər və xalqımız bundan böyük fayda götürəcək.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR