Azərbaycan regionda ən güclü və həlledici ölkədir

Bizimlə hesablaşır, mövqeyimizi qəbul edirlər

Bakı şəhərində "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni Sazişin imzalanmasından bir neçə gün keçsə də, lakin hələ də sözügedən sənədlə bağlı müəyyən müzakirələr aparılır, proqnozlar verilir. Təkcə yerli media deyil, eləcə də bir sıra Avropa kütləvi informasiya vasitələrində sazişindən əhəmiyyətindən danışılır, xüsusilə onun Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkilir. Təsadüfi deyil ki, istər yerli, istərsə də beynəlxalq səviyyədə bu saziş 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə eyni əhəmiyyətə malik hesab edilir. Elə millət vəkili Kamran Nəbizadə də bu qənaətdədir. O, bildirib ki. Saziş "Əsrin müqaviləsi" ilə eyni əhəmiyyətə malikdir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirdi: "Müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi. Əslində, neft ehtiyatları daha çoxdur. Yeni Sazişə əsasən həmin yataqlarda neft ehtiyatlarının 500 milyon ton həcmində olması proqnozlaşdırılır. Bu da o deməkdir ki, yeni sazişin icrası nəticəsində dövlətimizin gəlirləri daha da artacaq. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, 2016-cı ildən ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət və üstünlük verilir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, bizim gələcək iqtisadi siyasətimizdə qeyri-neft sektorunun inkişafı prioritet təşkil etməlidir, neft faktorunu kənara qoymalıyıq. Təbii ki, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəticələr verməkdədir. Belə ki, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə ciddi nəticələr əldə olunur. Hazırda sənayə mərkəzləri, məhəlləri yaradılır ki, bunlar da yaxın illərdə daha böyük nailiyyətlərə yol açacaq. Yəni həm neft, həm də qeyri-neft sektorundan ölkəmiz daha böyük həcmdə gəlirlər əldə edəcək. Əsas odur ki, gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək". Millət vəkili qeyd edib ki, Azərbaycan regionda ən güclü və həlledici ölkədir. Bizimlə hesablaşırlar, mövqeyimizi qəbul edirlər: " Yeni Sazişin imzalanması onu göstərir ki, ölkəmizin nüfuzu daha da artır. İqtisadi və hərbi baxımdan ölkə nə qədər güclü olsa, siyasi baxımdan da o qədər güclü olacaq. Təbii ki, imzalanan saziş də Azərbaycanın daha da güclənməsinə xidmət edir".

Neft strategiyasının reallaşmasında, Azərbaycan neftinin dünya bazarına çıxarılmasında ixrac kəmərlərinin rolunu xüsusi vurğulayn Kamran Nəbizadə bu baxımdan, kəmərlərin diversifikasiyasına da diqqət çəkib. Qeyd edib ki, yalnız bir xətdən, kəmərdən asılı olmamaq vacib məsələdir: "Loqistika marşrutlarının yaradılması Azərbaycanın neft strategiyasının ən uğurlu məqamlarından biridir. Bütün bunlar zərurətdən doğur. Çünki bu kəmərlər zərurətdən doğan neft və qaz kəmərləridir. Qaz ehtiyatlarımızın böyük olması da zərurət yaratdı ki, TANAP yaradılsın. Proqnozlara görə, "Şahdəniz-2" layihəsi üzrə 16 milyard kubmetr qaz ixrac ediləcək. Onun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə TAP vasitəsilə Avropaya nəql olunacaq.

Eyni zamanda, Orta Asiyada hasil olunan qazın Avropaya nəqli olunmasında da bu kəmərlər vacib rol oynaya bilər. Yəni Azərbaycan taranzit xərclərində də əlavə gəlir qazanacaq. Həm də Azərbaycan tranzit ölkəsi kimi Avropanın, dünyanın enerji təhlükəsizliyi sistemində çox həlledici rol oynayır".Günümüzdə enerji təhlükəsizliyi məsələsinin dünyanın qlobal probleminə çevrildiyini deyən millət vəkili bildirib ki, bu, çox vacib məsələdir: " Bu məsələnin nə qədər aktual olduğu mənim iştirak etdiyim ATƏT PA-nın tədbirlərində də hər dəfə xüsusi olaraq vurğulanır. Bütün üzv ölkələr birmənalı qeyd edir ki, enerji və neft ehtiyatları və onları nəql edən kəmərlər qorunmalıdır. Onların qorunması dünyanın, o cümlədən Avropanın təhlükəsizliyinin və sabitliyinin qorunmasına gətirib çıxarır. Ona görə də, enerji təhlükəsizliyi ön planda olmalıdır. Azərbaycan da Avropanın enerji təhlükəsizliyini təmin edən ən önəmli ölkələrdən biridir".

Azərbaycanın həyata keçirdiyi uğurlu neft strategiyasına diqqət çəkən millət vəkili deyib ki, məhz bu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütün iqtisadiyyatımız inkişaf etdi: "Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi. Bunun nəticəsində də, artıq 2009-2010-cu illərdə biz ÜDM-nin artım templəri üzrə MDB məkanında öndə gedən ölkə olduq. Bu illərdən başlayaraq sərmayələrin böyük axını qeyri-neft sektoruna yönəldi. Bir məqamı xüsusi vurğulayım ki, "Əsrin müqaviləsi"nin imzalanmasının ən böyük nailiyyəti bu oldu ki, biz ictimai-siyasi sabitliyə nail olduq, iqtisadi inkişaf başladı, eyni zamanda iqtisadi təhlükəsizlik yarandı ki, Azərbaycan bunun sayəsində nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və cəlbedici ölkəyə çevrildi. Bu çox mühüm faktdır. Məhz bunun nəticəsidir ki, misal üçün ölkə iqtisadiyyatının müxtəlif sahələrinə daxili və xarici sərmayələrin həcmi 2014-cü ildə 21 milyard dollar təşkil etdi. Əlbəttə ki, bu nailiyyətlərin əsasında "Əsrin müqaviləsi" dayanır. Bütün bunlara, yəni tarixi, siyasi, iqtisadi və beynəlxalq əhəmiyyətinə görə 1994-cü il sentyabrın 20-da imzalanmış neft müqaviləsi "Əsrin müqaviləsi" adlandırılır".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR