Avroviziyada “Həqiqət”

Arzulamağa cürət et! - Dare to DREAM!

Müəllifi Marsel Bezençon olan sayca 64-cü  Avroviziya Mahnı Müsaqibəsini də (Eurovision Song Contest) geridə qoyduq. İsrailin Fələstin torpaqlarında, paytaxt elan etdiyi Qüds şəhərində keçirilməsi nəzərdə tutulan yarışma Avropa Yayım İttifaqı və IBPC telekanalının birgə qərarı ilə liman şəhəri Tel-Aviv də reallaşdı. Buna səbəb ötən il Lissabonda Netta adlı İsrail təmsilçisinin 529 xal toplayaraq "Toy" mahnısı ilə qalibiyyətindən dərhal sonra ölkənin  baş naziri Binyamin Netanyahunun qalmaqallı bəyanatı idi. Nazir "növbət il-Qüdsdə!" deyərək Avroviziya iştirakçılarını Qüdsə dəvət etdi. Bu isə müsəlman ölkələri başda olmaqla Avropada müzakirələrə səbəb oldu və "Avroviziya - 2019" mahnı müsabiqəsinə qarşı kampaniyalar başladı. İsrail müsabiqəni Qüdsdə keçirəcəyi təqdirdə, bir çox Avropa ölkələrinin mahnı müsabiqəsini boykot edə biləcəyi göz önündə olduğu üçün yarışmanın keçirilməsinə uyğun olan yeganə platformanın paytaxt Təl-Əviv olduğuna qərar verildi.

Lakin qısa bir müddət sonra İsrail yenidən "Avroviziya - 2019"a ev sahibliyi hüququnu itirmək təhlükəsi altında qaldı. Beləki, İsrailin milli yayım şirkəti olan "Kan" telekanalı beş gün ərzində avropalı kuratorların (Avropa Yayım Birliyi) hesabına 12 milyon avro məbləğində girov qoymalı idi. Lakin hökümət korporasiyanın büdcəsini artırmayacağını bəyan etdikdən sonra "Kan" telekanalı beynəlxalq müsabiqənin keçirilməsinin təhlükə altında olduğunu bildirdi.

Yarışmanın taleyi son gündə həll olundu. "Kan" ictimai yayım korporasiyası Avropa Yayım Şurasına 12 milyon avro zəmanət haqqını ödədiyi üçün "Avroviziya - 2019"-un İsraildə keçirilməsinə razılıq verildi.

Bütün bunlar ev sahibinin rahatlamasına səbəb olmadı. Problemlər hələ də davam edirdi. ABŞ prezidenti Donald Trampın İsrailin Holan yüksəklikləri üzərində hakimiyyətinin tanınması haqqında bəyannaməni imzalaması nəticəsində müsabiqəsinin keçirilməsi yenidən təhlükə altında qaldı.

Lakin Avropa Yayım İttifaqı yarışmanın dayandırılmasına yalnız müharibə və ya genişmiqyaslı hərbi əməliyyatların mane ola biləcəyini deməklə bütün söz-söhbətlərə son qoydu.

Nəhayət, yarışma baş tutdu. Müsabiqə Expo Tel Aviv arenasında, "Dare to Dream!" (arzulamağa cürət et!) şüarı altında keçirildi. Bolqarıstan maliyyə problemləri səbəbindən, Ukrayna isə milli seçim turlarında yaranan gərginliyin ardınca müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdir. Nəticə etibarilə konkurs Azərbaycanın da yer aldığı 41 ölkə arasında keçirildi. Müsaqibə ənənəyə sadiq olaraq birinci, ikinci yarımfinal və final mərhələsindən ibarət oldu. Daha bir ənənə də davam etdirildi. Hər il olduğu kimi bu il də böylük beşlik ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya) və ev sahibi (İsrail) birbaşa finalda mübarizə apardı. Birinci yarımfinal mərhələsində 17, ikinci yarımfinal mərhələsində isə 18 ölkə mübarizə apardı. Və nəticədə "arzulamağa cürət edən" 26 ölkə finala vəsiqə qazandı.

Bu il müsaqibənin ənənələrindən kənar hadisə, xristian ölkələri təmsil edən müsəlman ifaçıların çoxluğu idi. San Marinonu Sərhat, Fransanı Bilal Həsəni, İtaliyanı isə Mahmud adlı iştirakçı təmsil edirdi. Əslən türk olan San Marino təmsilçisi Serhat Hacıpaşalıoğlu ifa etdiyi mahnının mətninə türkçə sözlər əlavə etmişdi. Daha dəqiq desək rəqəmlər - bir, iki, üç. İfaçının yarımfilandan sonra çiynində Türkiyə bayrağı ilə gəzməsi də diqqətdən yayınmadı. Lakin Serhat 20-ci pillə ilə kifayətlənməli oldu. Ən uğurlu müsəlman ifaçı isə  Mahmud idi. O, "Soldi" mahnısı ilə İtaliyanı birinci yerlə cəmi 27 xal fərqlə  2-ci yerdə qərarlaşdırdı.

Yarışmanın hələ İsraildə keçirilib keçirilməyəcəyi vaxtlarda yaşanan problemlərə nəzər salsaq final mərhələsində baş verəcək hadisələri də təxmin etmək olurdu. Final gecəsi İsrail və Fələstin münaqişəsinə dair xüsusi mesajlar verildi. Hələ yarışma başlamazdan əvvəl dünya şöhrətli ifaçı Madonnanın müsaqibənin finalında çıxış edəcəyi xəbəri verildi. Əlbətdə ki, Madonnanın final çıxışı maraq doğurmaya bilməzdi. Məlum oldu ki, ifaçının konkursun finalındakı konsertinin 1,3 milyon dollar məbləğindəki xərclərini israilli-kanadalı milyarder Silvan Adams ödəyib. Müğənni bunun qarşılığında Avroviziyanın finalında üç mahnı ifa etdi. İfasına olan maraqdan heç də geri qalmayan hadisə isə amerikalı pop-ulduzun çıxışı zamanı kürəyində İsrail və Fələstin bayraqlarının əks olunduğu iki rəqqasın əl-ələ tutaraq qucaqlaşması idi. Sülhə çağırış edən bu görüntülər diqqətdən yayınmadı. İslandiyanı təmsil edən "Hatari" isə nəticələr elan olunan zaman əllərində Fələstin bayrağını xatırladan şərflər tutdu. Tamaşaçı rəğbətini qazandırsada hər iki hadisə təşkilatçıların narazılığına səbəb oub. Təşkilatçıların narazılıqlarını "Avroviziya mahnı müsabiqəsi - siyasi hadisə deyil" fikirinə əsaslandırmaqları isə olduqca maraqlı açıqlama idi.

Avropa Yayım Birliyi həmçinin islandların hərəkətləri ilə bağlı müsabiqənin başa çatmasından sonra qərar verəcəklərini də açıqlayıb. Bəlkə də, qərar bu il "arzulamağa cürət edən" İslandiyanı gələn ilki müsaqibədən uzaqlaşdıra bilər.

Bu il isə Azərbaycanı ev sahibliyinə cürət etdirən 2007-ci ildə "Yeni ulduz" müsaqibəsinin qalibi kimi tanınan və gənclərin sevimlisi Çingiz Mustafayev təmsil edirdi. "Truth" (həqiqət) adlı mahnı Boris Milanov, Trey Kempbell, Bo J, Pablo Dinero, Hostess və Çingizin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. "Həqiqət" oxuyan Çingiz 5 ildən sonra həmvətənlərinin diqqətini Avroviziya səhnəsinə qaytarmağı bacardı. 2013-cü ildən sonra ilk dəfə Çingizin birinci olmasını istəyən yaxud istəməyən hər kəs müsaqibənin final səsverməsinə daha maraqla yanaşdı. "Truth" əvvəlki illərdəki həyacanı geri qaytarmağıl bacarmışdı. Çingizin uğurlu ifası Avropanın peşəkar münsiflər heyəti tərəfində 197 xalla dəyərləndirildi. Azerkeş səsverməsi zamanı isə daha 100 xal toplayan təmsilçimiz 297 səslə ölkəmizə 7-cilik qazandırdı. Bu pillə Azərbaycan üçün 2013-cü ildən sonra ən yüksək göstəricidir. Daha yüksək nəticəyə layiq olduğumuz yarışmada birinci yeri Hollandiya təmsilçisi Dunkan Lorens "Arcade" mahnısı ilə qazandı. Nəticədə "Avroviziya - 2020" mahnı müsaqibəsinə Amsterdam ev sahibliyi edəcək.

Ölkəmizin adının olduğu istənilən tipli müsaqibə hər zaman vacibdir. Çünki qazanılacaq ən kiçik uğur belə bizi qürurlandırır və düşməndə təəssüf hissi yaradır.

Lakin hansı ölkənin ev sahibliyi etməsindən, hansı ifaçıların çıxış edib etməməsindən asılı olmayaraq ümidvarıq ki, bundan sonra Tel-Avivdə baş verdiyi kimi Azərbaycan xəritəsinin təhrif olunmuş formada göstərilməsinə və bayrağımızın düzgün formada əks olunmasına şahid olmarıq.

Bayrağımıza, xəritəmizə ümumilikdə ölkəmizə qarşı heç bir hörmətsizliyin yaşanmaması istənilən müsaqibədən və qazanılan nəticədən daha önəmlidir.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR