Görkəmli tarzən Beynəlxalq Muğam Mərkəzində anıldı

Ötən gün Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə filologiya elmləri doktoru Gülhüseyn Kazımlı sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışıb.
Qeyd edilib ki, Allahyar Cavanşirov Şuşada Aslan ağanın ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından qramofon vallarında və el şənliklərində böyük sənətkarların ifasını dinləyən Allahyar tarzənliyə böyük həvəs göstərib. O, 15 yaşından başlayaraq qardaşı Xanı tarda müşayiət edib. Musiqiçi qardaşların sorağı tezliklə bütün Qafqaza yayılıb. Sonralar Bakıya köçən A.Cavanşirov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işə düzəlib, 1939-cu ildən 1969-cu ilə kimi orada çalışıb. İkinci Dünya müharibəsi illərində ön cəbhədə əsgərlər qarşısında dəfələrlə çıxış edib, filarmoniyanın kollektivi ilə birlikdə bir çox ölkələrdə qastrol səfərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində çıxışına görə Fəxri Fərmana layiq görülüb. Tarzən Allahyar Cavanşirov 1972-ci ildə Bakıda vəfat edib.
Xatirə gecəsi xalq və bəstəkar mahnıları, muğamdan ibarət konsert proqramı ilə davam edib.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR