"Yüz əlli minlik maşından düşdü, yüz əlli manatlıq məzar daşı sifariş verdi" — MƏŞHUR USTAYLA SÖHBƏT - FOTO

Sənətin varsa, çörəyin var. Yəqin ki, bu məşhur deyimi çoxunuz eşitmisiniz.  Əgər bu sənət, peşə daşla bağlıdırsa, demək ki, o çörək həm sənətdən, həm də daşdan çıxır. Elə həmsöhbətimizin də çörəyinin daşdan çıxdığını deyə bilərik. Özü də məzar daşından. Beləliklə "Ölkə.Az"ın suallarının cənub bölgəmizin ən məşhur xəttat-nəqqaşlarından olan Mahir Quliyev cavablandırır. 

- Mahir bəy, neçə ildir be peşəylə məşğulSunuz?

-  1987-ci ildən bu işlə məşğulam. O vaxt mənim on beş yaşım var idi. Dayımdan öyrəndiyim peşədir. Dayım özü hazırda rəssamlıqla məşğuldur.

- Yəqin ki, özünüzün bu işə marağınız var idi...

- Məktəbdə oxuyurdum, dayım dedi ki, mənə kömək et. Ondan sonra həvəsim yarandı. O vaxt texnika indiki qədər rahat deyildi, iskənəylə işləyirdik. İndi ustalar nadir hallarda iskənədən istifadə edirlər.

- Hazırda çalışdığınız alətin adı nədir?

- Ruslar bu alətə "matovka" deyirlər, bizim dildə dəqiq adının deyə bilməyəcəyəm. 

- Gənclərin bu peşəyə marağı varmı?

- Həddindən artıq hövsələ tələb edən işdir. Ona görə də gənclərin elə də marağı yoxdur. Xəttatlıq, nəqqaşlıq elə də asan iş deyil. Mən gördüyüm işin həm xəttatlığa, həm də nəqqaşlığa aidiyyatı var. Mənim bildiyimə görə bu peşə dünyaya Əfqansıtanda yaşayan Puştum tayfalarından yayılıb. Başqa bir ehtimala görə yaponlar da bunun ilk yaradıcılarından hesab edilirlər. Onlar da heroqlifləri nəqqaşlıq üsulu ilə yazırmışlar. Heroqlif işləmək daha çətindir. Çünki bu peşə daha çox insanın istedadına, bacarığına bağlıdır. 

- Azərbaycanda nəqqaşlığın, xəttatlığın tarixi hansı dövrə gedib çıxır? Ümumiyyətlə, hazırda gördüyümüz məzar daşları nə vaxtdan bu formada hazırlanır?

- Mən yüz il əvvəlin də qəbirlərini görmüşəm. Orada ərəb və fars hərflərindən daha çox istifadə edilib. Son zamanlar da ərəb və fars hərfləriylə yazılmış məzar daşı sifarişləri çoxalıb. Bir çox sifarişçilər isə həm ərəb, həm də Azərbaycan dilində yazmağımızı istəyirlər.

- Sirr deyil ki, son 30-40 ilə qədər istər Bakıda, istər bölgələrdə milliyətcə erməni olan sənətkarlara daha çox müraciət edilib. Və bir çox hallarda sonradan məlum olub ki, onlar həm binaların tikintisində, həm də digər əl işlərində öz "izlərini" qoyublar. Məsələn, ermənilərin tikdiyi evlərin əksəriyyətinə yuxarıdan baxanda dam örtüyündə xaç şəklini görmək olur. Qəbir daşları ilə bağlı hər hansı belə bir şey eşitmisinizmi?

- Leninqradda bir yunanla tanış oldum. Həmin yunan mənə bildirdi ki, ermənilərdən bu cür iddialar eşidib. Yəni, məzar daşlarına da öz "izlərini" qoyurlar. Yunanlarla bağlı bir məqamı da qeyd edim. İnsanların bədəninə vurduğu döymənin kökü yunanlardan gəlir. 

-  İstərdim qara mərmərlə bağlı danışaq. Bu material niyə bahalı hesab edilir?

- Mərmər yerdən qara rəngdə çıxmır. Digər qiymətli zinət əşyaları, daşlar kimi, mərmər də cilalanır və bu rəngi alır. Mərmərin öz rəngi boz rəngə yaxın olur. Çox zəhmət tələb etdiyindən qiyməti də baha olur. 

- Ən ucuz qəbir daşı neçəyə başa gəlir?

- Qiymətlər üç yüz manatdan iyirmi minə qədər dəyişir. 

- İndiyə qədər hazırladığınız ən bahalı məzar daşı neçəyə olub?

- On üç min manata hazırlamışam. Astarada bir gənc qız vəfat etmişdi. Atası Rusiyadan gəldi və həmin məzar daşını sifariş verdi. 

- Əslində, indi verəcəyim sualın birbaşa sizin peşəyə aidiyyatı yoxdur. Amma təcrübəli insan kimi fikriniz maraqlıdır. Məsələn, bəzi qəbirlərin yanında az qala park salırlar, böyük abidələr hazırlanır...

- Sualınızı anladım. Onun nə ölüyə, nə də diriyə heç bir xeyri yoxdur. Bu ancaq şöhrət üçün olunan şeylərdir. Kiminsə pulu var, bahalı məzar daşı sifariş verir.  Elə adam tanıyıram ki, atasına sağlığında salam vermirdi, öləndən sonra bahalı məzar daşı sifariş verib. Elə də olub ki, 150 minlik maşından düşüb 150 manatlıq məzar daşı sifariş verib. Məzar daşını quraşdıranda bir nəfər mənə deyib ki, bu adamın Bakıda onlarla obyekti, onlarla kirayədə olan mənzilləri var. İstəsəydi, bəlkə də iki yüz minlik məzar daşı qoydurardı. Mənə görə bu, sadəlikdir. 

- Sizcə, qəbirlərin fərqli formada və dizaynda hazırlanması doğrudurmu?

- Vahid forma olsaydı, usta üçün də rahat olardı. Çünki hər kəs bir cür formada sifariş verir.

- Şagirdiniz var?

- Hələ ki yox. Həm də mən sifarişlə müxtəlif bölgələrdə, şəhərlərdə işlədiyim üçün gərək şagirdi də özümlə gəzdirim. Məsələn, bu sex Əlisa adlı bir nəfərindir. Sifariş var, gəlmişəm, işimi görüb gedəcəyəm. 

- Cənub bölgəsində sizdən savayı neçə nəfər bu işlə məşğuldur?

- İki nəfərik, biri də cavan oğlandır. O da mənim dayımdan öyrənib, otuza yaxın yaşı var. 

- Əslində, bu peşənin aurasında da bir qəribəlik, hətta deyərdim ki, ağırlıq var. Məsələn, kimsə iş prosesində sizə yaxınlaşırsa, deməli, vəfat edən yaxını var. Ümumiyyətlə, belə hallarda necə davranırsınız, maraqlıdır?

- Əvvəlcə heç nə demirəm. Çünki fikrim azacıq yayınsa, səhvə yol versəm, bütün xərc mənim üzərimdə qalır. 

- Hər peşəyə aid zarafatlar olur. Yəqin ki, sizin peşənizlə bağlı da belə zarafatlar olur.

- Sinif yoldaşlarımla çoxdandır bir-birimizi görmürdük, sosial şəbəkədə qrup yaratdıq. Hər kəs öz peşəsindən danışdı. Bildilər bu peşəylə məşğulam. Soruşdum ki, sənə nə qulluq edim? Dedilər, sənə heç kimi işi düşməsin (gülür).  On gün əvvəl yanıma gəldi ki, atam rəhmətə gedib. 

Bəzən məzar daşlarına şeirlər yazıram. Həmin şeirlər məni tutur, qəhərlənirəm. Görünür, yaşımla bağlıdır. Amma gənc olanda adi gəlirdi hər şey.  Bir həmkarımız var idi, vəfat etdi. Onun məzarını ziyarət edəndə çox pis olmuşdum. 

- Daşın üzərinə kişinin adını, soyadını yazmışam. Şəkli çəkən həmkarım qadın fotosu çəkib. Sonra zəng ediblər ki, hazırdı? Demişəm, bəli. Soruşublar ki, elə çək başında papaq da olsun. Başa düşmüşəm ki, səhv etmişik. Bəzən də gülməli adları məzar daşının üzərinə yazanda adamı gülmək tutur. Ovçu vəfat etmişdi, məzar daşını mən hazırlayırdım. Dedilər ki, daşın üzərində patrondaş və qoşalülə fotosu çək. Bir taksi sürücüsü ölmüşdü, israr etdilər ki, "Priora" şəkli çək, çəkdim. Biləsuvardan sifariş vermişdilər ki, bizim ləhcədə müəllim sözü "müəlim" kimi səslənir, o cür də yaz. Aləti yerə qoydum, etiraz etdim. Səhəri gün dediyimlə razılaşdılar. 

- Digər peşə sahibləri arasında bəzən qara rəqabət olur. Bəs sizdə?

-Biz bu regionda iki nəfərik. Ona görə də bəzən bir-birimizə kömək belə edirik.

- Sirr deyilsə günlük, aylıq qazancınız nə qədər olur?

- Hazırladığımız beş minlik məzar daşından əlli, bəzən altmış manat qazanırıq. Bir məzar daşını hazırlamaq bir gün vaxt aparır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR