Nağıllarımda uşaqlara qanı yox, ağılı, məntiqi təbliğ edirəm

Solmaz Amanova: "Bir çox dövlət məktəblərində müəllimlər özləri belə uşaq yazarlarından xəbərsizdilər "

Olaylar.az  "İrs" dərsliyinin, 40-dan çox elektron kitabın, 60 cizgi filminin, anatomiya, farmakologiya üzrə əsərlərin, anatomik terminologiyada nağılların müəllifi Solmaz Amanova ilə müsahibəni təqdim edir.

- Solmaz xanım, valideynlər uşaqları telefondan, planşetdən uzaqlaşdırıb kitabı sevdirə bilirlərmi?

- Valideynlər özləri uşaqlara çox az halda nağıl kitabları alırlar. Mənim 57 kitabım nəşr olunub. " İlmənin məcaraları" kitabımda 32 nağıl var və o kitab Moskvada 2-ci, İsveçdə 4-cü yeri tutub. Valideynlər bütün bunlardan xəbərsizdirlər. Onlar internetə daxil olub Mədəniyyət Nazirliyi tərəfindən kitabları beynəlxalq müsabiqələrə, sərgilərə göndərilən müəllifləri araşdırmırlar, müasir uşaq yazarlarının bu gün nə yazdıqları ilə maraqlanmırlar. Burada söhbət sırf uşaqlardan getmir. Birinci valideyn özü maraqlı olmalıdır və sonra uşaqda kitaba, mütailəyə maraq yaratmalıdır. Bu gün valideynlər övladlarına yeni nağıl danışa bilmirlər. Çünki özləri bilmirlər, oxumurlar. Azərbaycanda ilk öncə valideynlərin öyrədilməsi prosesinə başlanılmalıdır. Mütləq valideynlər üçün təlimlər olmalıdır.Bu gün ədəbiyyata digər sahələrdən nisbətən zəif diqqət göstərilir. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda ədəbiyyat, multimedia, animasiya bizim istədiyimiz səviyyədə olacaq. Təəssüf ki, bu gün Azərbaycanda manqa üsulu yoxdur. Yaponiyada hər il buna görə qrantlar ayrılır. Biz də bəziləri bir nağıl yazır, şəkilləri internetdən götürüb çap edir. Kitabın incəsənəti olmalıdır. Rusiyada "Kitabın incəsənəti" adı ( Искуствo книги) festivalda kitabın illüstrasiyalarına diqqətlə baxırlar. Kitabı uşaqlara sevdirməyin daha bir yolu isə onların yazarlarla görüşlərini təşkil etməkdir. Orta məktəblərdə, kitab mağazalarında bu cür görüşlər təşkil olunmalıdır. Son illər TEAS PRESS nəşriyyat evi və Libraff kitab maqazalarında görüşlər ənənə halını alıb. Yaxşı olardı ki, digər kitab evləri və nəşriyyatlarda da bunu ənənəyə çevirsinlər.

- Məktəblərdə irsimizin təbliği aparılır?

- Məktəblərdə uşaqların yazarlarla görüşü davamlı olaraq təşkil olunur. Mən bu görüşlərdə uşaqlar üçün video çarxlar hazırlayıram, irsimizi təbliğ edirəm. Modern məktəb, Avropa Azərbaycan, 160 saylı klassik gimnaziyada "İRS" fənnim tədris olunur. Bu fənn uşaqlara mədəni irsimizi təbliğ edir. Uşaqlar nağılın xəritəsini hazırlayır. Bir çox dövlət məktəblərində müəllimlər özləri belə uşaq yazarlarından xəbərsizdilər. Təhsil Nazirliyi mənim və bir çox müəlliflərin kitablarını tövsiyyə kimi təklif edib.

- Valideyn- müəllim iş birliyi sayəsində uşaqlara kitabı sevdirmək olar?

- Məktəblə valideynin birgə çalışması üçün Təhsil Nazirliyi də əlindən gələni edir. Nazirlik kitabın kontentin alıb, E- dərslik portalında birinci sinif sinifdən xarici oxu kimi yerləşdirib. "İlmənin macəraları"rus və azərbaycan dilində verilib. Kitabda 32 cizgi filmi, 32 nağıl var. Müəllimlərin çoxu heç bilmir ki, e.dərslik portalında bu kitab var. Ötən il birinci sinf müəllimələri üçün təlim keçirtdim.Amma bunu hər il davamlı etmək lazımdır. İnternetdə nə qədər uşaqların maariflənməsi, irsimiz, qədim adət-ənənələrimizi, alətlərimizi öyrənmələri üçün material yükləmişik ki, bundan pulsuz istifadə edə bilərlər. Müəllimələr də həvəs göstərməlidirlər. Uşaqların uşaqlıq dövrü 5 yaşından 4-cü sinfə qədərdir. Bu müddət ərzində valideyn uşağına bir nağıl kitabını ala bilməz? Valideynin bilmədiyi məqamları müəllimələr deməlidirlər. Bizdə 7-8 uşaq yazarı var. Məktəblərdə bu yazarlarla nağıl saatı təşkil olunmalıdır. Uşaqlar yazarları ilə tanış olmalıdırlar.

- Yaxın günlərdə məktəblərdə dinin tədris olunması məsələsi geniş müzakirə olunurdu. Sizcə, uşaqlara din tədris olunmalıdr?

- Niyə də olmasın? Artıq bilik kimə maneçilik törədir? Amma bir məsələ var: necə öyrədiləcək? Əsas məsələ budur. Mən təklif edərdim ki, aşağı sinifdə təhsil alan uşaqlar üçün hər surəyə uyğun nağıl yazılsın. Lap birinci sinifdən də tədris eləmək olar. Pənahəli Cavanşirin tilsimli köynəyi Nizami Gəncəvi muzeyində saxlanılır. Heç kim bilmir ki, dünyada bu cür köynəkdən 3 ədəd qalıb. Bu köynəyin üzərində Quran ayələri yazılıb ki, onu da Qarabağ qadınları tikib. Bir növ nəzər köynəyi də aldanırdı. Quranda qeyd olunan hər bir şeyin öz əfsanəsi var. Yazılan nağılların əsasında animasiyalar da hazırlamaq olar. Uşaq bütün surələri, ayələri əzbər bilməlidir demirəm. Amma uşaq öz dinimizdən, tariximizdən xəbərdar olmalıdır, hörmət etməlidir. Nə üçün uşaqlarımız səhəngin, kəlləqəndin, qızıl gülün tarixindən, yaranmasından bəhs edən nağıllar, əfsanələrdən xəbərsiz olsunlar? Bir var bunlar yazılmaya və bilməyələr, bir də var ki, bütün bunlar yazılıb, dərc olunub. Amma valideynlər, uşaqlar xəbərsizdirlər. Biz istəmirik ki, uşaqlarımız əcnəbi, qan qoxan oyunlar oynasınlar. Nağıllarımda uşaqlara qanı yox, ağılı, məntiqi təbliğ edirəm. Uşaqlara bunları öyrətmək lazımdır.

Bir çox nağıl qəhrəmanlarının Məlikməmmədin, Qırmızı papağın uşaqların tərbiyyəsində mənfi təsir göstərdiyi bildirlir. Həqiqətənmi, bu qəhrəmanlar uşaqlarımıza mənfi təsir göstərir?

- "Tıq -tıq xanım" nağılında da qüsur var. Davamlı dost axtrarır və sonda yenə də yanlış seçim etdiyini görürük. Bu nağıllardı, biz onlarla böyümüşük. Bunlar da olmalıdır, klassikadır. Mən demirəm ki, uşaqlara bu nağılları oxumayın. Hər bir dövrün öz nağılı olmalıdır. Bu gün bizim Qarabağ adlı dərdimiz varsa, biz bunu uşaqlara nağıl dilində çatdırmalıyıq. "Su satan Abbas, bülbül və qızılgül" nağılım Qarabağ mövzusundadır. "Gəncə xəzinəsi" Nizami Gəncəvinin "Xəmsə"sinə aiddir. 4-cü sinif şagirdi "Xəmsə"yə daxil olan əsərlərin hər birini oxuyub, öyrənə bilməz. Mən bunu uşaq dilində, sadələşdirilimiş formada, 11 hecada yazmışam. Uşaqlar bunu çox böyük həvəslə oxuyurlar və Nizami Gəncəvinin "Xəmsə"də nə yazdığını anlayırlar. Amma daha da yaxşı anlamaları üçün mən uşaqlara beyt yazdırıram. Bu zaman uşağın məntiqi də özünü göstərir. Hər dövrün öz nağılı olmalıdır. Bu gün uşaqlar üçün nağıl olacaq mövzular çoxdur. İrsimizi, tariximizi, dünya mədəniyyəti haqqında məlumatları nağıllar vaistəsilə uşaqlara öyrətməliyik.

- İRS orta və ali məktəblərdə davamlı tədris olunmalıdır?

- Özəl və dövlət məktəblərinin bəzilərində İRS tədris olunur. 160 saylı Klassik Gimnaziyada, 23 saylı məktəbdə,164 saylı məktəbdə,Abşeron rayonunun məktəblərində "İlmə" çox gözəl tədris olunur. Ölkədə 300 dən çox məktəb var və Dünya Bankı və Təhsil Nazirliyi tərəfindən kitablar alınıb, məktəblərə təhvil verilib. 150-yə yaxın məktəbdə mənim "Turac" tamaşam qoyulub. Nazirlik bu fənni təsdiq edib. "İrs"in içində dini də vermək olar. "İrs"in kitabı, dərs proqramı, müəllim vəsaiti var. Amma bunu təkcə mən tədris eləmişəm. 1-ci sinifdən 4-cü sinfə kimi sinifdən xaric oxu kimi vermək lazımdır.

- Smartfon telefonlarda uşaqlar üçün əyləncəli oyun yaratdınız. Bu oyunların hazırlanması prosesində hansı maneələrlə qarşılaşdınız?

- İOS bir az bizi incitdi. Hər bir detalın incəliyinə qədər açıqlamasını tələb edirdilər. Məsələn, papaq niyə bu rəngdədi, bu oyunun mənası nədir, uşaqlar üçün nə kimi önəmi ola bilər. Bu baxımdan 4 ay əziyyət çəkdik. Oyunları qəbul etmirdilər. Niyə məhz bu oyunun adı "İlmə"dir, burada başqa məna varmı, rəngləmə bu oyunda uşaqlara nə verir, tapmacalar nə haqqındadı, mənasını izah edin və.s Android sistemi bizi demək olar ki, incitmədi. 20 minə qədər yükləmə oldu. Valideynlər, uşaqlar çox böyük həvəslə qarşıladılar. Yaxşı olardı ki, Təhsil Nazirliyi məktubla məktəblərə müraciət edib, bu proqramı məktəblərə tövsiyyə edə bilər. Uşaqların oxu kitabı olmalıdır. Valideynlər bəzən kitabların qiymətindən şikayət edirlər. Sanki hər gün uşaqlarına kitab alırlar. Daha anlamırlar ki, o nağılları yazmaq, rəssamlarla işləmək, kitabın keyfiyyətli nəşri ilə məşğul olmaq nə qədər zəhmət tələb edir.

- Son illər uşaq intiharlarının sayında artım müşahidə edilir. Məktəblərdə intihar hallarının qarşısını necə almaq olar?

- Məncə bu problemin həllində psixoloqlarla yanaşı, uşaqların yazarlarla görüşü də diqqətdə olmalıdır. Uşaqların tərbiyyəsində valideyn əsas iştirakçıdır və valideyndən də çox şey asılıdr. Müəllimənin sinifdə 40 uşağı var, amma valideynin 2-3 uşağı var. Uşağın problemini birinci ana, ata,nənə,baba görməlidir. Valideyn çox vaxt evinin problemini də məktəbin üstünə atır. Müəllimlə kobud rəftar edən uşaq cəzalandırılmalı, polis nəzarətində olmalıdır. Bu gün məktəblərdə müəllimlərlə kobud davranan uşaqlar çoxdur. Uşaqların polislərlə görüşləri təşkil olunmalıdır. Evdə atasının anasına qarşı kobud rəftarını görən uşaq daxilindəki aqressiyanı təbii ki, məktəbdə müəlliməsinə, sinif yoldaşına yönəldəcək.

Uşaqları dərnəklərə cəlb etmək lazımdır. Nəsə düzəltsinlər, tiksinlər. Bu gün məktəblərdə boşluqlar var. Heç olmasa ayda bir dəfə dövlət məktəblərində də nağıl saatları təşkil olunsun. Bu gün özəl məktəblərdə bu artıq ənənə halını alıb. Bu gün dünyada şəkilli nağıllar var. Uşaq şəkillərə baxıb, özü nağıl danışır. Nağılın tərbiyyə prosesinə ,oxu vərdişlərinə böyük köməyi olur.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR