İsmayıl Qaspıralının “dildə, fikirdə, işdə birlik” düsturunu bir bayraq kimi bütün türk dünyasında dalğalandırmalıyıq

Məryəm Aybikə Sinan: "Bütün türk dünyasının bu ideya ilə hərəkət etməsi lazımdır"

"Yalnız bu ideya ilə hərəkət etdiyimiz zaman nə Rusiya, nə Amerika, nə də Çin, heç bir qüvvə bizi sarsılda bilməz"

Müstəqillik illərindən sonra Azərbaycanın bütün türkdilli respublikaları, xüsusilə də Türkiyə ilə əlaqələri yeni bir məhələyə qədəm qoydu və qısa zaman ərzində əksər istiqamətlərdə normal əməkdaşlıq əlaqələri quruldu. Bu gün Azərbaycan hər bir türkdilli ölkə ilə yüksək səviyyəli əməkdaşlığa malikdir və bu əməkdaşlıq hər bir sahədə əlaqələrin inkişaf etməsi, qarşılıqlı səfərlərin təşkil olunması üçün fürsət yaradır. Mədəniyyət, ədəbiyyat, elmi yaradıclıq sahəsində əməkdaşlıq da bu mənada günümüzdə kifayət qədər inkişaf edir.  İstər Türkiyə, istər Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, istərsə də digər türkdilli xalq və topluluqlardan Azərbaycana edilən səfərlər, burada elm, qələm adamları ilə aparılan müzakirələr qeyd edilən istiqamətdə əməkdaşlığı daha da irəli aparır. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, müntəzəm olaraq Azərbaycandan da həmin ölkə və topluluqlara, muxtar respublikalara səərlər təşkil edilir, qarşılıqlı fikir mübadiləsi aparılır. Bəzən bu səfərlər elm, qələm adamlarına yeni ideyalar verir, nəticədə yeni-yeni romanlar, əsərlər ərsəyə gəlir. Necə ki, Türkiyənin tanınmış türkoloqu Məryəm Aybikə Sinan kimi. Məlumat üçün qeyd edək ki, türk dünyası, onun elm, sənət adamları, ziyalı və öncül insanları barədə araşdırmalar aparan Məryəm Aybikə Sinan Azərbaycanın mütəfəkkir şəxsiyyətlərindən biri olan Nəsib bəy Yusifbəyov haqqında roman yazmağı qərarlaşdırıb. Bu məqsədlə ölkəmizə gələn xanım türkoloq burada olduğu müddətdə Azərbaycanın tanınmış yazarları, publisist və tədqiqatçıları ilə də görüşlər keçirib. Məryəm Aybikə Sinan "OLAYLAR" qəzetinin redaksiyasına gələrək yazıçı-publisist Yunus Oğuzla görüşüb və türk tarixi, onun dahi şəxsiyyətləri, qəhrəmanları barədə fikir mebadiləsi aparıb. Bu kimi görüşlərin əhəmiyyətli olduğunu deyən xanım türkoloq bildirib ki, bu kimi fikir mübadilələri və müzakirələr yeni-yeni əsərlərin meydana gəlməsi üçün vəsilə olur.

"OLAYLAR" qəzeti olaraq biz də fürsətdən istifadə edib türkoloq Məryəm Aybikə Sinanla müsahibı götürdük. Qeyd edək ki, Məryəm Aybikə Sinan "Həyat gerçəyə yürür", "Hüzn şəbnəmə bənzər", "Qəsəbənin qonağı". "İstanbulun fəthi- 1453", "Kəlmələrin sultanı" kimi kitabların müəllifidir. Bundan başqa o, divan ədəbiyyatının görkəmli nümayəndəsi Mehri xatunu romanlaşdırıb. Həmçinin Hindistanda Dehli Türk Sultanlığöında  4 il hökmdarlıq etmiş Raziyə Begüm Sultan barədə roman yazıb. Paralel olaraq Türk dünyası ilə bağlı Türkiyə qəzetlərində köşə yazıları qələmə alan Məryəm Aybikə Sinana əvvəlcə Azərbaycana səfər etməsinin səbəbləri barədə sual verdik.

-Məryəm xanım, əvvəlcə bilmək istərdik ki, Azərbaycana səfəriniz nə ilə bağlıdır. Bildiyimiz qədər siz türkoloqsunuz və bu səfəriniz hansısa araşdırma, yaradıcılıqla bağlıdırmı?

-Əvvəla məlumat üçün qeyd edim ki, uşaqlıq illərindən bu sahəyə böyük marağım olub. Səbəbi də Yavuz Bülənt Bakilərin  şerlərindən gəldiyim qənaət idi. Yavuz Bülənt Bakilərin şerlərindən ilk dəfə Azərbaycan barədə eşitdim. Həmin şerlərdə Yavuz Bülənt Bakilər deyirdi ki, Azərbaycan ürəyimdə bir şah damardır. Onun şerlərindən çox təsirləndim və Türk dünyasına marağım daha da artdı və türkoloji fakultəsində oxumağı qərarlaşdırdım. Ailəm hüquq fakultəsində oxumağımı arzu etsə də, lakin mən öz istəyimə uyğun olaraq türkologiya fakultəsini seçdim. Ali təhsilimi bitirdikdən sonra mediada, "Türkiyə" qəzeti, "Kanal-7" kimi media orqanlarında çalışdım. Hazırda da "Türkiyə" qəzetində köşə yazarıyam.  İndiyə qədər 11 dənə kitabım işıq üzü görüb. Azərbaycana gəlişim sonuncu romanımla bağlıdır. Belə ki, Nəsibbəy Yusifbəyli haqqında roman yazmağa qərar vermişəm. Çünki Nəsibbəy Yusifbəylinin əsərlərini oxuyarkən ciddi şəkildə təsirləndirm. Ona görə də Nəsib bəy Yusifbəyli haqqında roman yazmaq üçün Azərbaycana gəldim. Bu dəyərli millət vəkili Qənirə Paşayeva ilə mənim ortaq bir fikrim, layihəmdir.

-Bəs bu ideya haradan irəli gəldi?

-Bir neçə il əvvəl Manisa şəhərində Bəxtiyar Vahabzadə və Abdurrahim Karakoçun xatirəsinə həsr olunmuş şer proqramında millət vəkili Qənirə Paşayeva ilə söhbət edərkən İsmayıl Qaspıralının qızı Şəfiqə Soltan barədə də danışdıq və Şəfiqə xanımı çox sevdiyimi dedim. Qənirə Paşayeva isə Şəfiqə xanımın bizim gəlinimiz olduğunu bildirdi. Həqiqətən bu məni təccübləndirdi və ortaq fikir mübadiləmiz zamanı bu barədə bir roman yazılmasını qərarlaşdırdıq ki, bütün gənclər bu iki qəhrəmanı tanısın.

-Yəqin ki, Nəsib bəyin böyüyüb boya başa çatdığı Gəncə şəhəri də sizin üçün maraqlı olar?

-Əlbəttə. Gəncə şəhərini görmək mənim üçün çox maraqlı idi. Azərbaycana səfərim zamanı millət vəkili Qənirə Paşayeva ilə birlikdə Gəncədə oldum. Gəncə həqiqətən qədim bir türk şəhəridir. Hər küçəsi, hər dalanı tarixdən xəbər verir. Gəncədə tarixin ruhunu hiss etdim.

-Digər türkdili respublikaları ilə bağlı da eyni layihələri gerçəkləşdirməyi düşünürsünüzmü?. Deyək ki, qazax, yaxud özbək qəhrəmanı barədə roman yazmaq fikriniz varmı?

-Təbii ki, zaman-zaman bu kimi istəklər və ideyalar ortaya çıxır. Məsələn, Doğu Türküstünaın əfsanəvi qəhrəmanı Osman Batur barədə yazmaq istəyirəm. Yaxud Doğu Türküstanın əfsanəvi lideri İsa Yusif Aptekin barədə də yazmaq niyyətimiz var. Yəni mənim üçün qələmə aldığım qəhrəmanların bir sərhəddi yoxdur. Türk dünyası içərisindəki böyük qəhrəmanların hər biri barədə yazmaq istəyirəm. Bir sözlə məqsədim türk dünyasına xidmət etməkdir. Zamanında İsmayıl Qaspıralının əkmiş olduğu toxum cücərdi, ancaq bizlər onu tam mənada yetişdirə, böyüdə bilmədik.

-Hansı səbəbdən?

-Səbəblər müxtəlifdir. Ən başlıcası odur ki, türkdilli respublikalar 70 ildən artıq rus inperiyasının əsarəti atında olub. Onun tarixi, kimliyi qəhrəmanları planlı şəkildə unutdurulub. Bu mənada Azərbaycan, eləcə də digər türkdilli respublikaların geri qalma səbəbini anlamaq olar. Ancaq bunu Türkiyə üçün söyləmək heç də yetərli olmaz. Çünki Türkiyə Azərbaycan və digər türkdilli respublikalardan fərqli olaraq əsarət altında olmayıb, kimliyi, milli mənsubiyyəti, tarixinə qarşı basqılar edilməyib.

-Bəs, çıxış yolunu nədə görürsünüz?

-Düşünrəm ki, çox gec olmadan bütün türk dünyasının aydınları, ziyalıları və araşdırmaçıları birlikdə yenidən bu istiqamətdə ciddi fəaliyyətə başlayıb İsmayıl Qaspıralının "dildə, fikirdə, işdə birlik" düsturunu bir bayraq altında bütün türk dünyasında dalğalandırmalıyıq.  O da bizim kimi yazarlar, aydınlar, sənətçilər, araşırmaçıların üzərinədüşür. Əgər biz bunu etməsək, xalq heç etməz. Bu gün gerçəkdən bu istiqamətdə fəaliyyətə ehtiyacımız var. Bütün türk dünyasının bu ideya ilə hərəkət etməsi lazımdır. Yalnız bu ideya ilə hərəkət etdiyimiz zaman nə Ruiya, nə Ameirka, nə də Çin, heç bir qüvvə bizi sarsılda, əlimizi qolumuzu bükə bilməz. Çox təssüflər olsun ki, bu ideya və fəaliyyət yüksək səıviyyədə deyil. Önümüzdə 5 min ildən artıq bir tarix var.  Təəssüflər olsun ki, bu tarixin az bir hissəsini oxuyub mənimsəyə bilirik. Hesab edirəm ki, bir az daha artıq fəaliyyət göstərməliyik. Ona görə də biz əsərlərimizin saynı artırmalıyıq ki, gənclərimiz, hətta məktəbli şagirdlərimiz tariximiz barədə ətraflı bilgi əldə edə bilsinlər. Həmin romanlar da eyni zamada səhnələşdirilməlidir, filmlər çəkilməlidir. Çünki filmlər hazırkı situasiyada gənclərə, ümumilikdə cəmiyyətə lazım olan şeyləri çatdırmağın ən asan yoludur. Geniş kütlələrə məqsədini, niyyətini çatdırmağın ən asan yolu təbii ki, filmlərdir. Hətta ortaq filmlərin çəkilməsi ideyasını da məqbul hesab edirəm. Bu mənada millət vəkili Qənirə Paşayevaya da dedim ki, Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri müntəzəm olaraq ortaq filmlər çəkməlidir. Hər bir ölkənin televiziylarında da həmin filmlər nümayiş olunmalıdır. Onu da təəsüüf hissi ilə qeyd edirəm ki, Türkiyədə Turan düşüncəsinə qarşı uzun illər basqı oldu.

-Ortaq türkcə ilə bağlı düşüncələriniz nədən ibarətdir?

-Türkiyədə professor-doktor Ahmet Bican Ercilesun qarşılıqlı türkcə sözlük üzərində ciddi çalışmalar həyata keçirdi. Ayrı-ayrı kəlmələrin qazax, özbək, türkmən türkcəsində. Azərbaycan dilində hansı qarşılıqlı anlamı verdiyinə dair sözlük hazırlandı. Təbii ki, bu əsasən elm adamları üçündür. Bəs xalq necə mənimsəyəcək bunu? Düşünürəm ki, xalq bunu kitablarla həll edə bilməz. Xalqın qəbul etməsinin yolu filmlər, televiziya kanallarında aparılan təbliğat kampaniyasıdır. Məsələn, Azərbaycanda danışarkən heç bir problem yaşamırıq. Ancaq Qazaxıstana getdiyimdə bu qədər asanlıqla bir-birimizi başa düşə biləcəyimizə ümid etmirəm. Azərbaycana gələn zaman dillə bağlı heç bir narahatçılıq keçirmirəm. Çünki bilirəm ki, qarşılaşdığım istənilən insana dərdimi anlada biləcəm, nə istədiyim barədə onu başa salmağa çətinlik çəkməyəcəm. Ancaq Qazaxıstan və ya Qırğızıstana getdiyimdə bir qədər tərəddüd keçirirəm ki, dillə bağlı problem yaşaya bilərəm.

-Bəs, türkdilli respubliakalar arasında münasibətləri hazırda necə dəyərləndirirsiniz?

-Türkdilli respublikalar arasında əməkdaşlığa müxtəlif istiqamətlərdən baxmaq lazımdır. Son 5-6 ildir ki, iqtisadi sahədə bir canlanma müşahidə edilir. Təbii ki, bura Azərbaycanı aid etmək istəməzdim. Çünki Azərbaycanla əlaqələrimiz daha yaxşı və sürətli inkişaf səviyyəsindədir. Ancaq digər türkdilli respublikalarla əlaqələrdə eyni şeyi söyləmək olmaz. Qazaxıstanla da günümüzdə əlaqələr normaldır. Özbəkistan və Türkmənistanla isə uzun illər problemlər yaşadıq. Eyni zamanda Qırğızıstanla da problemlər mövcuddur. Xüsusilə FETÖ-çülərin iftar süfrəsinə dəvət edilməsi Türkiyədə haqlı etiraza səbəb oldu. Çünki Türkiyə FETÖ-çülər səbəbindən demək olar ki, ciddi ziyan gördü. Ölkəyə 50 illik bir zərər vurdular. FETÖ-çülər Türkiyəyə o qədər böyük zərər verdilər ki, onu kənardan tam olaraq hiss etmək bəlkə də  mümkün deyil. Sizlər də müqəyyən mənada FETÖ-çülərdən zərər gördünüz. Azərbaycanda universitetlər, məktəblər açdılar və Azərbaycan vətəndaşı da onlara güvənib övladlarını həmin məktəblərə qoydu. Bununla onlar hər kəsə xəyanəıt etmiş oldular. Onların tək dərdi Amerikaya xidmət etmək olub. Türk Ədəbiyyatı Vəqfi başqanı məşhur Sərvət Kabaklı deyirdi ki, Orta Asiyadakı FETÖ məktəblərində türk uşaqlarına uzun illər "İncil" oxutdurulub.  İnsan bu kimi şeyləri eşidincə çox üzülür. FETÖ-çülər etibarsızlıq da yaratdılar.

Türkdilli ölkələr arasında mədəniyyət sahəsində də son illər ərzində təqdiredici addımlar atılır, işlər görülür. Bu istiqamətdfə TİKA, Yunus Emre İnstitutunun fəaliyyətlərini xüsusi qeyd etmək istərdim. Yaxud türk iş adamları Azərbaycanda çox güclü fəaliyyətdədirlər və iş qurublar. Türkiyədə də eyni zamanda azərbaycanlı iş adamları fəaliyyət göstərirlər. Həqiqətən bu qürurvericidir. Könül istər ki, bu əməkdaşlıq bütün türk respublikaları arasında olsun.  Bütün türk respublikaları ildə bir və ya iki dəfə Orxan abidıələri ətrafında böyük, izdihamlı tədbirlər, proqramlar həyata keçirsinlər. Məsələn, keçən il Qırğızıstanda türk qurultayı keçirildi. Çox böyük bir tədbir idi və qürurverici idi. Bir sözlə türkdilli ölkələr arasında əlaqələr mövcuddur, ancaq bu əlaqələr istənilən səviyyədə deyil.

-Haızrda da Türkiyədə FETÖ təhlükəsi qalırmı?

-Qeyd edim ki, dövlət FETÖ təhlükəsini tam  aradan qaldırmaq üçün çox ciddi mücadilə etdi. Dövlət qurumları, xüsusilə də polis və hərbi sistemdən xeyli sayda FETÖ təmsilçisi aşkar edilib uzaqlaşdırıldı. Ancaq hələ də dövlətin müəyyən strukturlarında FETÖ-çülərin olduğu bildirilir. Çünki dünyanın ən təhlükəli və xain bir təşkilatından söhbət gedir. Ona görə də bu təhlükənin hələ də tam olaraq bitdiyi. aradan qalxdığını söyləyə bilmərik. Bu istiqamətdə dövlətin mücadiləsi davam edir.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR